05:35 23 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
Milli Məclis sədrinin müavini Bahar Muradova

"Rusiyanın imkanları, bütövlükdə Minsk qrupunun imkanlarından qat-qat artıqdır"

© Sputnik / Anar Mustafayev
AZƏRBAYCAN
Qısa URL
112920

Bahar Muradova: "Prezident islahatlara öz administrasiyasından başladı"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. Milli Məclis sədrinin müavini Bahar Muradova Sputnik Azərbaycan-a özəl müsahibə verib. Müsahibəni təqdim edirik:

— Bahar xanım, Milli Məclisin 2017-ci ildəki ilk, yəni yaz sessiyası başa çatdı. Bu sessiya müddətində parlament qarşısına qoyduğu hansı hədəflərə nail oldu və hansı məsələlər həllini tapmamış qaldı?

— Məlumat üçün demək istəyirəm ki, 2017-ci ilin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən məsələlər bu sessiya boyu fəal şəkildə müzakirə prosesində oldu. Bir sıra məsələlər işçi qaydasında, bəziləri komitə səviyyəsində, bəziləri isə plenar sessiya tərəfindən müzakirə olundu və qərarlar qəbul olundu. Ən əsası, ümumi şəkildə vurğulamaq olar ki, Milli Məclis bu sessiya üçün qarşısına qoyduğu vəzifələri yerinə yetirə bildi.

Yaz sessiyası başa çatıb və hər zaman olduğu kimi, bu il də növbədənkənar sessiyanın keçirilməsi təşəbbüsü ilə millət vəkilləri çıxış ediblər. Çünki, ölkədə irimiqyaslı müxtəlif istiqamətli islahatlar gedir və onun qanunvericilik əsaslarının yaradılması üçün bəzi sənədlərin müzakirəsi gözlənilir. Və biz növbədənkənar sessiyalarda həm söylədiyim istiqamətlərdəki yeni layihələrə, həm də dövlət büdcəsinin 2016-cı ildə icrasına dair müzakirə aparacağıq. Yəqin ki, iyun ayında bir neçə iclasımız keçiriləcək. Ona görə də ümumi şəkildə vurğulamaq olar ki, parlament hər zaman olduğu kimi, bu dəfə də işinin öhdəsindən gəlib və gəlməkdədir.

 2017-ci ilin ilk yarısı Azərbaycan üçün bir sıra mühüm hadisələrlə yadda qaldı. Məsələn, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatı ləğv olundu. Milli Məclisin ciddi etirazlarına baxmayaraq ÜAK-ın fəaliyyəti bərpa edilmədi. Sizcə, bu hadisə Azərbaycan ilə Rusiya arasında nə kimi problemlər meydana çıxara bilər? Və problemin həlli istiqamətində iki ölkənin parlamentləri hansı işləri görür?

— Hər şeydən əvvəl onu vurğulamaq lazımdır ki, Ümumrusiya Azərbaycan Konqresi Rusiya vətəndaşı olan azərbaycanlıların yaratdığı qeyri-hökumət qurumudur və Rusiya qanunları əsasında yaradılmalı, fəaliyyət göstərməli, öz işini qurmalıdır. Və ötən dövrlərdə də fəaliyyət məhz bu səpkidə göstərilirdi. Amma əlbəttə ki, bütün ölkələrdə, xalqlarda olduğu kimi, ölkədən kənarda yaşayan soydaşlarımızın fəaliyyəti, onların yaşadıqları ölkənin ictimai-siyasi həyatındakı iştirakı, Azərbaycanla əlaqələri, Azərbaycan dilini, mədəniyyətini qoruyub saxlamaları, yaşadıqları ölkəyə inteqrasiya prosesləri və problemləri bizi hər zaman narahat edir.

Milli Məclis sədrinin müavini Bahar Muradovanın Sputnik Azərbaycana müsahibəsi
© Sputnik / Anar Mustafayev
Milli Məclis sədrinin müavini Bahar Muradova

Nəzərə alsaq ki, Rusiyada daha çox azərbaycanlılar yaşayırlar, onların yaratdıqları bütün səpkili qurumlar və Rusiya vətəndaşı olan azərbaycanlı kimi fəaliyyəti və onun nəticələri barədə narahatlığımız, nigarançılıqlarımız da olur. Və əlbəttə, qürur duyduğumuz məqamlar da çoxdur. Biz bilirik ki, Rusiya azərbaycanlıları hər zaman fəaliyyətlərini bu ölkənin qanunlarına uyğun şəkildə qurmağa çalışıblar. Və bu ölkənin vətəndaşı kimi məsuliyyətlərini, öhdəliklərini yerinə yetirməyə çalışıblar. Bu, onlara Azərbaycanla əlaqələrini qurmaqda maneçilik törətməyib, yaxud problemlər yaratmayıb. Ona görə də belə bir problemin yaranması, əlbəttə, gözlənilməz, eyni zamanda, bəziləri üçün anlaşılmaz oldu, bir çoxları üçün də, hansısa fəaliyyətlərinin nəticəsi kimi qəbul olundu.

Əlbəttə, rəylər birmənalı deyil. Ən müxtəlif yöndən bu məsələyə münasibət bildirənlər var. Ölkə parlamenti də həm ölkədə, həm dünyada gedən bütün proseslərə, o cümlədən azərbaycanlılarla bağlı məsələlərə laqeyd, biganə qala bilməz. Odur ki, bu məsələ parlamentin gündəliyinə də gəldi və millət vəkilləri bu məsələnin müsbət həllini tapması istiqamətində parlamentin və onun müvafiq qurumlarının hərəkətə keçməsini, səylər göstərməsini və rusiyalı həmkarlarımızla bu məsələni müzakirə etməyi vacib bildilər. Biz də lazım olan addımları atdıq.

Bilirsiniz ki, həm Rusiyada, həm də Azərbaycanda parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir. Bizim millət vəkillərinin bir qrupu bununla bağlı Rusiyaya səfər etdi, öz həmkarları ilə görüşdü, müvafiq dövlət orqanlarında müzakirələr apardılar və elə ictimaiyyətə, mətbuata açıqlamalarında bu məsələyə ciddi şəkildə toxundular. Əlbəttə, vurğulanan əsas məqam ondan ibarətdir ki, bu məsələ Rusiya qanunlarına uyğun, hüquqi müstəvidə həllini tapmalıdır. Kimin necə dəyərləndirməsindən asılı olmayaraq, bu məsələ hüquq məsələsidir.

Mən Rusiyanın Azərbaycandakı səfirinin müsahibəsini xatırlayıram. O, müsahibədə bəzi məqamlarla bağlı açıqlama vermişdi. Xüsusilə, təşkilatın Ədliyyə Nazirliyinin müraciətlərinə müvafiq cavab verməməsi, hətta bir az da sərt desək, məhəl qoymaması ilə bağlı fikirlər səsləndirmişdi. Bu məsələnin də burada yeri var. Və biz həm də soydaşlarımızın yaratdığı təşkilatın onların üzərinə qoyduğu vəzifələri zamanında və vaxtında yerinə yetirməsinin vacib olduğu düşüncəsindəyik. Ona görə əgər təşkilatın özünün fəaliyyətində hansısa çatışmazlıqlar, boşluqlar varsa, biz tərəfdarıyıq və onları da çağırırıq ki, bu addımları atsınlar, boşluqları aradan qaldırsınlar, öz öhdəliklərini və məsuliyyətlərini dərindən dərk etsinlər. Yox, əgər bəzilərinin söylədiyi kimi, bu təşkilatın fəaliyyətinə yanaşmalarda başqa məqamlar yer alıbsa, əlbəttə, bizim rusiyalı həmkarlarımıza, dostlarımıza çağırışımız ondan ibarətdir ki, məqsədli və qərəzli olduğu təqdirdə, bu məsələ araşdırılsın və onun qiyməti verilsin.

Amma istənilən halda, bu məsələ Rusiya hökumət qurumları ilə Rusiya vətəndaşları olan azərbaycanlıların və onların yaratdığı qurumun birgə çözməli olduğu bir məsələdir. Bizə isə qanun və hüquq nöqteyi-nəzərindən qəbul edilən qərarları dəstəkləmək qalır. Amma inanmıram ki, bu proses hansısa mənfi istiqamətə yönəlsin. Və belə bir halın yaranmasında öz maraqlarını güdən, bununla Azərbaycanla Rusiya arasındakı münasibətlərin gərginləşməsinə çalışan dairələr "uğur" qazansın. Çünki, dəfələrlə belə hallar olub və Azərbaycanın həm rəsmi siyasəti, həm cəmiyyəti, həm Azərbaycan xalqı bu məsələdə obyektiv və ədalətli mövqe tutmağı bacarıb və bundan sonra da belə olacaq. Biz, bu münasibətlərin müsbət məcrada irəli getməsini istəməyənlərə belə bir fürsəti verməyəcəyik. Hesab edirəm ki, biz müvafiq dövlət qurumları ilə və həm də azərbaycanlılarla, təşkilatın rəhbərliyi ilə sıx əlaqəli şəkildə bu məsələni çözməliyik və çözəcəyik.

© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov
Bahar Muradovadan mühüm açıqlamalar

 Ümumiyyətlə, yaxın qonşu olan Azərbaycan və Rusiyanın münasibətlərində hansı amillər daha çox öndə gedir və Dağlıq Qarabağ münaqişəsinin həlli bu münasibətlərin səviyyəsi ilə nə dərəcədə bağlıdır?

— Bizim münasibətlər əsrlərə söykənir və ölkələrimiz müstəqil olsa da, hər bir ölkə öz müstəqil maraqlarını hər şeydən öndə tutsa da, bizi bir-birinə bağlayan bir sıra məqamlar var və onları qırmaq mümkün deyil. Bu əlaqələr Azərbaycanla Rusiyanın — dövlətlərin, hökumətlərin və cəmiyyətlərin münasibətlərindən qaynaqlanır. Bu münasibətlər müsbət istiqamətdədir və bu, sirr deyil ki, Azərbaycan ilə Rusiya strateji müttəfiqdir. Bu ərazidə, post-sovet məkanında meydana gələn bir çox problemlərə oxşar mövqedən münasibət sərgiləyirlər. Eləcə də, beynəlxalq təşkilatlarda ən yüksək səviyyədə iştirak zamanı və digər müxtəlif ölçülər üzrə iştirak zamanı da mövqelərimiz bir çox hallarda üst-üstə düşür. Bu, hesab edirəm ki, əldə etdiyimiz nailiyyətlərdir və Rusiya-Azərbaycan münasibətlərini xarakterizə edən əsas meyllər, xüsusiyyətlərdir.

Əlbəttə, bəzi məsələlər var ki, onunla bağlı hər bir ölkənin fərqli maraqları ola bilər. Bizim ərazi bütövlüyü, Helsinki Yekun Aktı prinsiplərinin yerinə yetirilməsi ilə bağlı özümüzə məxsus və ədalətli bir mövqeyimiz var. Bir sıra hallarda bizi digər ölkələrdən bu məsələyə münasibət fərqləndirir. Hesab edirəm ki, bizim bu mövqeyimizə Rusiya da anlayışla yanaşır. Bəzi hallarda bizim belə mövqeyimizin Rusiyanın hansısa maraqları ilə üst-üstə düşməyəcəyi barədə və yaxud da düşmədiyi barədə fikirlər də ola bilir. Amma zaman və tarix, hadisələr də göstərir ki, bu, heç zaman bizim aramızda hansısa münasibətlərin gərginləşməsinə səbəb olmayıb. Biz Rusiyanın yaxın və uzaq ərazilərdəki maraqlarını, Rusiya da Azərbaycanın maraqlarını nəzərə almağı bacarıb.

Milli Məclis sədrinin müavini Bahar Muradovanın Sputnik Azərbaycana müsahibəsi
© Sputnik / Anar Mustafayev
Milli Məclis sədrinin müavini Bahar Muradovanın Sputnik Azərbaycana müsahibəsi

Gələk münasibətlərin səviyyəsi ilə Dağlıq Qarabağ məsələsinin həlli vəziyyəti arasındakı əlaqəyə. Bir çox hallarda, bu, bizi daha yaxşı bir mövqeyin olmasını arzulamağa sövq edir. Hesab edirəm, Rusiyanın kifayət qədər ciddi imkanları var ki, bu məsələnin həllinə müsbət töhfələr versin. Biz əlbəttə, Rusiyanın bu məsələ ilə maraqlanmasını, bir həmsədr olaraq bu məsələnin gündəmdə və diqqətdə qalmasına göstərdiyi səyləri vurğulayırıq. Amma çox təəssüf ki, Minsk qrupunun digər həmsədrlərinin də zaman-zaman buna bənzər səyləri ortada olsa da, bu, heç zaman vahid bir mövqedən məsələnin həllinə təkan verə biləcək addımlar halına gəlib çıxmayıb. Odur ki, birinin təşəbbüsü, digərinin qısqanclığı ilə və yaxud da digərinin laqeydliyi ilə qarşılanıb.

Ona görə də düşünürəm ki, ayrılıqda götürdükdə Rusiyanın imkanları, bəlkə də bütövlükdə götürdükdə Minsk qrupunun imkanlarından qat-qat artıqdır. Ona görə də biz Rusiyanın bu məsələyə ciddi töhfə vermək imkanlarını nəzərə alırıq. Eyni zamanda, arzulayırıq ki, bu imkanlardan daha səmərəli şəkildə istifadə etsin. Və özünün Ermənistan üzərində olan nüfuzundan istifadə edərək, bu məsələnin həllində mühüm irəliləyişlərə gətirib çıxara bilən addımların atılmasına çalışsın. Hər halda bu, bizim istəyimizdir, Rusiyanın da belə imkanları var. Arzu edək ki, bu istəklər, imkanlarla uzlaşsın.

 Hər il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ümidlər meydana çıxsa da, yekunda heç bir nəticə hasil olmur. Nədir bu prosesə mane olan və bu il necə, ümidlənəkmi?

— Mən sadəcə bir ümid ilə məsələnin həllini gözləməyin əbəs olduğunu bir daha vurğulamaq istəyirəm. Çünki, dəfələrlə sülhə daha çox yaxın olduğumuz vəziyyətlərin olduğunu demişik. Əlbəttə, ümid o zaman reallığa çevriləcək ki, beynəlxalq hüququn prinsiplərinin Dağlıq Qarabağ məsələsinə münasibətdə bərpa olunmasını, bu məsələyə, onun həllinə cəlb olunmuş tərəflər eyni zamanda istəyəcək və eyni zamanda buna səy göstərəcək. Əks təqdirdə burada qabarmalar, çəkilmələr müşahidə olunacaq və biz də yalançı ümidlərin sonradan reallığa çevrilmədiyi faktını qeyd etməli olacağıq. Yəni, bu məsələnin həlli ilə bağlı bu il xüsusi, əlahiddə imkanların yarandığını düşünmürəm.

Əgər ötən il aprel hadisələri və onun doğurduğu nəticələrlə bağlı beynəlxalq ictimaiyyət, xüsusilə Minsk qrupunun həmsədrləri arasında bu məsələnin həllinin vacibliyini daha tez-tez vurğulamaq var idisə, bu il bir az pessimist mövqelərin sərgiləndiyini görürük. Ona görə düşünmürəm ki, yeni bir aprel hadisələri lazımdır ki, tərəflər vasitəçi səylərini artırsınlar. Dünyadakı mövcud durum, getdikcə gərginləşən mühit, ölkələrin və regionların üzləşdiyi təhdidlər, terror və dağıdıcı proseslər bizi belə məsələlərə daha artıq diqqətli olmağa vadar etməlidir. Çünki, dünyanın başı nə qədər belə məsələlərə qarışırsa, o qədər bu kimi konfliktlərin ömrü uzanır. Elə bu kimi konfliktlərin qalması da belə dağıdıcı prosesləri şərtləndirən amil kimi çıxış edir.

Milli Məclis sədrinin müavini Bahar Muradovanın Sputnik Azərbaycana müsahibəsi
© Sputnik / Anar Mustafayev
Vitse-spiker Bahar Muradova: Sadəcə bir ümid ilə Dağlıq Qarabağ münaqişəsinin həllini gözləmək əbəs olardı

Ona görə əgər kimsə düşünürsə ki, onun yaxın qonşuluğunda, hətta böyük dövlət olmuş olsa belə, özünün də bu və ya digər şəkildə qatıldığı belə bir konfliktin qalması onun təhlükəsizliyi üçün elə də ciddi təhdid deyil, yanılır. Düşünmürəm ki, Rusiyanın yüksək rəsmi və digər dairələri bu məsələni bilməmiş deyil. Ona görə də hesab edirəm ki, Rusiya daha artıq bu məsələyə cəlb olunmuş və daha artıq maraqlı bir ölkə kimi səylərini artırmalı, Minsk qrupunun həmsədri və eləcə də ayrıca bir böyük dövlət kimi, məsələnin həllində maraqlı olmalı və həqiqətən də müstəqilliyini tanıdığı qonşu dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə xələl gətirən və bununla da beynəlxalq hüququn prinsiplərini pozan belə hallara qarşı açıq, kəskin və prinsipial mövqeyini ortaya qoymalıdır. Biz Rusiya kimi qonşumuzdan belə addımlar gözləyirik.

 Bu il yaşadığımız önəmli hadisələrdən biri də, Azərbaycan qanunlarına və ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirən, ikili vətəndaşlığı olan Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası oldu. Bu məsələdə Rusiyanın həssaslıq nümayiş etdirməsi, yenə Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun məsələsini gündəmə gətirdi. Rusiya tərəfi bu iki məsələnin eynilik təşkil etmədiyini bildirir. Siz necə düşünürsünüz, Əsgərovla Lapşinin məsələləri həqiqətənmi fərqlidir və Moskva hər iki məsələdə fərqli mövqedən çıxış edir?

— Hesab edirəm ki, bu, Moskvanın müxtəlif dairələrinə daha çox veriləsi sualdır. Çünki, zahirən baxdıqda, elə proseslərin mahiyyətinə də vardıqda, bunlara fərqli münasibətin olduğunu görürük. Baxmayaraq ki, hər ikisi Rusiya vətəndaşıdır. Biri ilə həddindən artıq ciddi maraqlanma var, digəri isə taleyin ümidinə buraxılıb. Hətta, taleyin yox, ermənilərin ümidinə buraxılıb. Onların ümidinə buraxılan insanın taleyi isə müsbət heç nə vəd etmir və Dilqəm Əsgərovun bugünkü durumu bunu sübut edir.

Ona görə də bu kimi fikirlərin diplomatik cavablar olduğunu anlayıram. Amma mənasını başa düşmürəm. Necə olar bilər ki, Rusiya kimi böyük, hər cür imkanları, xüsusilə Ermənistana təsir imkanları olan bir dövlət Dilqəm Əsgərovun vəziyyəti ilə bu şəkildə maraqlanmağı məqbul hesab etsin və bunu hansısa onun gücü daxilində olmayan proseslərə bağlı olduğu barədə diplomatik cavablar səsləndirsin? Ona görə hesab edirəm ki, onun imkanları ilə bu cür mövqe tərs mütənasibdir və burada tamamilə fərqli yanaşmanın olduğunu pərdələmək, gizlətmək mümkün deyil. Görünür, Ermənistanın bu kimi hərəkətlərinə açıq və kəskin münasibət bildirmək Rusiya rəsmi dairələrinin özünün marağında deyil.

— Ötən həftə Azərbaycan Prezidenti Administrasiyasının strukturunda köklü dəyişikliklər edildi. Baş verənlərlə bağlı müxtəlif şərhlər, səbəb-nəticə əlaqələrinə dair versiyalar irəli sürüldü. Siz bu yenilikləri cəmiyyətə necə izah edərdiniz?

— Bu struktur islahatları bizim ötən il referendum nəticəsində konstitusiyaya etdiyimiz dəyişikliklərdən doğan addımlardır, atılır və cəmiyyət referendum keçiriləndən sonra elə bu addımların nə vaxt atılacağı barədə sual ətrafında müzakirələr aparırdı. İndi artıq konkret nəticələr ortada var. Cənab Prezident bu islahatlara ilk olaraq öz administrasiyasından başlayıb. Hesab edirəm ki, bu istiqamətdəki dəyişikliklər bütün qurumları əhatə edəcək. Və həm də Azərbaycan dövləti bununla dəyişikliklərə açıq olduğunu və istənilən struktur islahatlarını cəmiyyətin, iqtisadi inkişafın, sosial dəyişikliklərin və insanlarımızın mənafeyinin tələb etdiyini qəbul edir və bu istiqamətdə qərarlarını verir.

Hesab edirəm ki, bu, idarəetmədə çevikliyin, dinamikliyin və müasir standartların tələblərinin yerinə yetirilməsini şərtləndirən addımlardır. Əslində, bu, həm də dünyada mövcud vəziyyətin, iqtisadiyyat sahəsindəki proseslərin daha çevik idarə olunmasını və idarəetmənin təkmilləşdirilməsini həyata keçirən əsas addımlardır və bu, cəmiyyət tərəfindən çox razılıqla qarşılanır, o cümlədən bizim tərəfimizdən, siyasətçilər, millət vəkilləri tərəfindən. Çünki, referendumdan sonra keçən müddət ərzində biz çoxsaylı struktur islahatların həyata keçirilməsini şərtləndirən qanunları müzakirə edib qəbul etmişik. İndi o qanunların icrası prosesi başlayır və bu da çox normal qarşılanır. Hesab edirəm ki, bu, Azərbaycanın qarşıya qoyduğu bütün parametrlər üzrə hədəflərə daha tez, ağrısız, rahat çatmasını təmin edəcək.

 Bahar xanım, yerləşdiyimiz bölgənin necə bir həssas dönəm yaşadığı heç kimə sirr deyil. Xüsusilə, ABŞ-İran münasibətlərinin yenidən gərginləşməsi və müharibə təhlükəsi cəmiyyətimizdə narahatlıqla qarşılanır. Bu gərginliyin yaxın zamanda qaynar müharibəyə çevriləcəyini düşünürsünüzmü?

— Bu, ən arzuolunmaz proses olardı. Yaxın Şərqdə xüsusilə regionda gedən proseslər vəziyyətin heç də tam yaxşı olacağına, yəni, hansısa bir dağıdıcı proseslərin olmayacağına zəmanət verməyə bizə imkan vermir. Bu proseslər çox narahatlıq doğurur. Bizim yerləşdiyimiz bölgə onsuz da gərgin bir bölgədir. Oraya yeni bir qaynar nöqtənin əlavə olunması heç arzuolunan deyil. Azərbaycanın bu məsələ ilə bağlı, yəni, İranın Qərbi Avropa ilə, xüsusilə Amerika ilə münasibətlərindəki yaranmış vəziyyətlərdə özünəməxsus mövqeyi olmuşdur və bu mövqeyini bu gün də davam etdirir. Biz bu regionda yeni bir konflikt ocağının, qaynar nöqtənin yaranmasında maraqlı deyilik. Nəzərə alaq ki, İranda bizim çoxsaylı soydaşlarımız yaşayır və İranla bizim münasibətlərimiz uzun illərə, əsrlərə söykənir. Və biz bölgədə bu münasibətlərin, tərəflərin üzərinə qoyduğu öhdəliklərin yerinə yetirilməsi üçün çox vacib olan bir mühitin olmasında, bizi birləşdirən bir sıra iqtisadi layihələrin, mədəni, sosial-iqtisadi və eləcə də siyasi əlaqələrin təhlükəsiz bir şəraitdə reallaşmasında maraqlıyıq. Ona görə də Amerika-İran münasibətləri, Amerika və Yaxın Şərq, Şimali Afrika ölkələri münasibətlərinin daha rəvan, təhlükəsiz bir şəraitdə getməsini arzulayırıq. Hesab edirik ki, Amerika administrasiyası və yeni seçilmiş prezident bu məsələnin vacibliyini anlayır və biz onun İslam ölkələri ilə münasibətdə fərqli mövqeyini, açıqlamalarını görürük. Onun bu açıqlamaları ilə administrasiyanın yeritdiyi siyasət və Amerika seçkili orqanlarının mövqelərinin üst-üstə düşməsini arzulayaq. Və arzulayaq ki, hərbi sənaye kompleksinin də mövqeyi bu siyasətdə fərqli maraqları güdməsin. Onda hesab edirəm ki, regionda sabit və sakit bir mühit qala bilər.

 Əgər nəzərdə tutulan təhlükə baş verərsə, yəni, İrana qarşı hərbi əməliyyatlar reallaşarsa, rəsmi Bakı nə cür mövqe tutmalıdır və tutacaq?

— Hər şeydən əvvəl, rəsmi Bakı öz imkanlarından istifadə edərək belə bir halın baş verməməsinə çalışacaq. İkincisi, əgər belə arzuolunmaz hal baş verərsə, Azərbaycan bu kimi məsələlərdə tərəf olmaq mövqeyindən çıxış etməyəcək. Beynəlxalq hüququn tələbləri, prinsipləri nəyi tələb edəcəksə, o mövqedən də yanaşacaq. Üstəlik də belə bir arzuolunmaz proses baş verərsə, onun nələrə gətirib çıxara biləcəyini, dağıntıların, itkilərin, ölümlərin, qarşıdurmaların olacağını təsəvvür etmək çətin deyil. Amma onun miqyasının nə olacağını və regiona hansı bəlaları gətirəcəyini proqnozlaşdırmaq və onun qarşısını almaq üçün planlar qurmaq həddindən artıq çətin bir məsələdir. Amma hər halda hesab edirəm ki, tərəflər belə bir halın baş verməməsinə çalışacaqlar.

Milli Məclis sədrinin müavini Bahar Muradovanın Sputnik Azərbaycana müsahibəsi
© Sputnik / Anar Mustafayev
Bahar Muradova: referendumdan sonra keçən müddət ərzində biz çoxsaylı struktur islahatların həyata keçirilməsini şərtləndirən qanunlar qəbul etmişik

 Dünya bazarında neftin qiyməti yenidən tənəzzülə doğru gedir. Azərbaycanın neft ixracatçısı olduğunu nəzərə alsaq, bu qiymət düşmələri dövlətin büdcəsində və əhalinin real gəlirlərində nə cür bir təsir buraxacaq?

— Bu, bəlkə də iqtisadçıların daha konkret cavab verə biləcəyi bir sualdır. Amma öz imkanlarıma uyğun belə cavab verərdim ki, neftin qiymətinin düşdüyü və maliyyə bazarındakı yaranmış çaxnaşmaların yaratdığı durum ötən illərdə Azərbaycanda öz təsirin göstərdi və siz də gördünüz ki, Azərbaycan hökuməti həm qabaqlayıcı, həm də prosesi tənzimləyici addımlar atmaqla bunun daha az ağrılı keçməsinə nail ola bildi və artıq müəyyən qədər bir çox sahələrdə sabitliyin yaranmasına da nail olub. Nəzərə də alaq ki, cənab Prezident Azərbaycanın neft ölkəsi olduğunu unudaraq iqtisadi prosesləri idarəetməyə və yanaşmaya daha çox üstünlük verir.

Artıq bilirsiniz ki, qeyri-neft sektorunun, sənayenin və iqtisadiyyatın digər sahələrinin inkişafına şərait yarada bilən addımlar atılıb, artıq müəyyən nəticələr var, artımlar müşahidə olunmaqdadır. Xüsusilə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatının inkişafı, aqrar sahədə vaxtilə unudulmuş çox faydalı istiqamətlərin yenidən işə salınması həm iş yerlərinin açılması, həm insanların gəlirlərinin artırılması, həm də iqtisadiyyatın inkişafına öz müsbət töhfələrini verməkdədir. Düşünürəm ki, bu proses ciddi şəkildə davam etməlidir və edəcək, getdikcə daha artıq genişlənəcək. Düşünmürəm ki, neftin qiyməti sahəsindəki proseslər bizim bundan əvvəl müşahidə etdiyimiz vəziyyətdən daha kritik bir dönəmə qədəm qoysun. Ona görə də düşünürəm ki, vəziyyət olduğundan pis olmayacaq, əksinə, yaxşı olacaq.

 Qeyd etdiyiniz kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafı prioritet olaraq qarşıya qoyulub. Ötən il yarım ərzində bu istiqamətdə konkret olaraq nələrə nail ola bilmişik?

— Əlbəttə, qeyri-neft sektorundakı, eləcə də digər sahələrdəki artımlar onu göstərir ki, atılan addımlar öz səmərəsini, faydasını verməkdədir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı, xüsusilə aqrar sahənin inkişafı üçün inqilabi dəyişikliklər baş verməkdədir. Özünüz də görürsünüz ki, insanlarda bu sahəyə maraq həddindən çox artıb. Mən Milli Məclisdə kənd təsərrüfatı rayonunu təmsil edirəm — təmas xəttində yerləşən Füzulini. Orada insanlar təhlükəli bir mühitdə yaşayırlar, hər an onların həyatı təhlükədədir. Ermənistanın təmas xəttinə yaxın törətdiyi əməllər onların həyatını hər zaman risk altına qoyur. Amma bununla belə, insanlar çox böyük ruh yüksəkliyi ilə kənd təsərrüfatı sahəsindəki yeniliklərə maraq göstərirlər. Baramaçılığın, üzümçülüyün, pambıqçılığın, maldarlığın inkişafı ilə bağlı çox ciddi uğurlar var. Kiçik fermer təsərrüfatlarının və xüsusilə fərdi təsərrüfatların inkişafına ciddi maraq göstərilir. Kiçik, güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı sahəsində tərəqqi üçün güzəştlərin mövcud olması onların qısa bir müddətdə ciddi nəticələr əldə etməsinə səbəb olub.

Onların timsalında bütün ölkə üzrə belə inqilabi dəyişikliklərin olacağına rəvac verən proseslərin getdiyini müşahidə edirəm. Hesab edirəm ki, bu, cənab Prezidentin, hökumətin atdığı addımların, verdiyi qərarların nəticəsidir və onun qanunverici aspektləri də Milli Məclis tərəfindən nəzərdə tutulur və tutulmaqdadır. Bir sıra sahələrdə, yəni, korrupsiyaya qarşı mübarizə sahəsi, israfçılıq meyllərinin aradan qaldırılması, qənaət rejiminə ciddi şəkildə əməl olunması və bu sahələrdə məsuliyyətsizlik göstərənlərə qarşı cəzaların sərtləşdirilməsi bir çox hallarda çəkindirici funksiya daşıyır. Hesab edirəm ki, bu, dövlət büdcəsinə, ayrı-ayrı layihələrə yönəlmiş maliyyə vəsaitlərinin səmərəli və faydalı istifadəsinə şərait yaradır. Vergitutma sahəsində nəzarətin gücləndirilməsi öz səmərəsini və effektini verməkdədir.

Bütün bu amillər, xüsusilə də son dövrlərdə Azərbaycanın həyata keçirdiyi yaxşı mənada beynəlxalq ajiotaj doğuran layihələrin özü ölkəmizdə turizmin inkişafına, gözəl zəmin yaranmasına gətirib çıxarır. Bu beynəlxalq layihələr, Azərbaycanda keçirilən müxtəlif tədbirlər ölkəmizə investisiya və turizm sahəsində maliyyə axınını sürətləndirir. Hesab edirəm ki, bunlar qeyri-neft sektorunun inkişafına, yeni sahələrin yaranmasına ciddi təsirini göstərəcək və neft sahəsindən asılılığı azaltmaqla bu balansı qorumağa imkan verəcək. Cənab Prezidentin bütün sahələrə göstərdiyi diqqət, atdığı addımlar və həyata keçirdiyi islahatlar, bu tip dəyişikliklərlə üz-üzə olan ölkələrə də, region ölkələrinə də bir nümunədir. Azərbaycanın nailiyyətləri, özünə məxsus inkişaf modelinə malik olması özü bir örnəkdir.

Əlaqədar

Bahar Muradova: “Beynəlxalq təşkilatlar yekdil mövqe nümayiş etdirməlidirlər”
Bahar Muradova: Arzu edərdik ki, Rusiyanın təkliflərinə ABŞ da razı olsun
Bahar Muradova: Azərbaycan öz tarixi torpaqlarını qaytaracaq
Teqlər:
ölkə, sessiya, məsələ, dövlət, region, Bahar Muradova, Milli Məclis, Rusiya, Yaxın Şərq, parlament, Azərbaycan, prezident, Qarabağ

Əsas mövzular