13:42 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbirində çıxış edib

"Azərbaycan sərkərdələrini "işğalçı" kimi qələmə verirlər"

© Photo : Tarana Khubadakhshiyeva
AZƏRBAYCAN
Qısa URL
95 0 0

Yaqub Mahmudov: "Bu gün 60 milyonluq Azərbaycan xalqı öz ailələrində yüzlərlə babəklər, cavanşirlər tərbiyə edir"

BAKI, 12 yan — Sputnik. "Müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən biri də tarix elmimizin inkişafı sahəsində əldə olunan böyük uğurlardır. Azərbaycan tarixşünaslığını müstəqil inkişaf yoluna ulu öndər Heydər Əliyev çıxarıb. Dahi şəxsiyyət doğma xalqına, vətən torpağına həsr olunmuş ömrünün bütün çağlarında tariximizin azərbaycançılıq məfkurəsi əsasında doğru-düzgün araşdırılmasını və gənc nəslin doğma vətənə sədaqət ruhunda tərbiyə olunmasını daim diqqət mərkəzində saxlayırdı".

Sputnik xəbər verir ki, bu fikirlər AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Yaqub Mahmudova məxsusdur: "Ulu öndərin tarix elminin inkişafı ilə bağlı bütün ideyalarını, planlarını dönmədən həyata keçirən Prezident İlham Əliyev tarixçi alimlər qarşısına yeni və daha konkret vəzifələr qoydu. Ölkə başçısının çağırışları, təşəbbüsü və birbaşa tövsiyəsi ilə ilk dəfə olaraq "Azərbaycan Tarixi Atlası", mükəmməl tədqiqat əsərləri olan "Qarabağ: real tarix, faktlar, sənədlər", "Naxçıvan: tarixi və abidələri", erməni-daşnak quldur rejimləri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilmiş soyqırımları barədə ayrı-ayrılıqda çoxsaylı kitablar nəşr olundu. Stepan Şaumyanın başçılıq etdiyi "26 Bakı komissarları" adlanan daşnak-bolşevik güruhunun soyqırımı cinayətləri sübuta yetirildi. Ölkə başçısının birbaşa tapşırığı ilə yazılmış fundamental elmi tədqiqat əsəri olan "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabı, həmçinin "Real tarix və "Böyük Ermənistan uydurması" tədqiqatı və digər çoxsaylı əsərlər rus, ingilis, italyan, ispan, ərəb və başqa dillərə tərcümə olunaraq dünyada yayıldı".

"Tarixçilərimiz ilk mənbələrə, o cümlədən zəngin arxiv sənədlərinə əsaslanaraq vətənimizin saxtalaşdırılmalardan, təhriflərdən təmizlənmiş yeni tarixini yazırlar. Beş kitabdan ibarət olan ikicildlik "Azərbaycan Respublikasının tarixi (1991-2016)" fundamental araşdırması isə artıq işıq üzü görüb. Nə qədər təəccüblü olsa da, ölkəmizin daxilində də xaricdəki bədxahlarımızla səs-səsə verənlərə ara-sıra rast gəlinir. Müasir mərhələdə müstəqil Azərbaycanın tarix elmi bədxahlarımıza qarşı başlıca olaraq üç istiqamətdə mübarizə aparır: dövlətçilik tariximizin təhrif olunmasına qarşı; xalqımızın yaratdığı qədim və zəngin mədəniyyətə sahib çıxmağa çalışanlara qarşı; görkəmli tarixi şəxsiyyətlərimizə qarayaxanlara qarşı" — alim bildirib.

Onun sözlərinə görə, son zamanlar müxtəlif informasiya vasitələrində Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir tarixi şəxsiyyətlərə hücumlar da kütləvi xarakter alıb: "Çox təəssüf ki, ölkəmizin daxilində də xalqın yaddaşında yüz illər ərzində özünə layiqli yer tutmuş görkəmli dövlət xadimlərinə və digər tarixi şəxsiyyətlərə, o cümlədən Babək, Cavanşir, Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar və digər tarixi şəxsiyyətlərə qarşı saxta, elmdən uzaq, sağlam məntiqdən kənar fikirlərlə, qarayaxmalarla çıxış edənlər də tapılır. Azərbaycan xalqının milli qüruru olan və millətimizə bütün dünyada başucalığı gətirən nadir tarixi şəxsiyyətlərimizin, hətta dahi füzulilərin, Üzeyir bəylərin, görkəmli dövlət və siyasi xadimlərimizin, sərkərdələrimizin, xalq qəhrəmanlarımızın yaxın keçmişdə televiziya ekranlarında "dahilərin divanı" kimi üzdəniraq verilişlərdə "tənqid" və lağ hədəfinə çevrilməsi yadımızdan çıxmayıb".

"Təəccüblü deyilmi, bir tərəfdən torpaqlarımıza yiyələnməyə çalışan işğalçı dövlətin nümayəndələri bizim dahilərimizə sahib çıxmaq üçün, guya onların "erməni mənşəli" olduğunu sübut etməkdən ötrü dəridən-qabıqdan çıxırlar, digər tərəfdən isə bizim içərimizdəki bəzi dönüklər bir çox dahi şəxsiyyətlərimizin "mənşəcə azərbaycanlı olmadıqlarını" sübuta yetirmək üçün əllərindən gələni edirlər, necə deyərlər, özlərini oda-közə vurmaqdan belə çəkinmirlər. İstər-istəməz düşünməli olursan: bu iki şər qüvvə eyni məqsədə xidmət etmirmi?! Nə qədər acı olsa da, Azərbaycan xalqının yadelli işğalçılara qarşı mübarizəsinə 20 ildən artıq bir dövr ərzində rəhbərlik etmiş və böyük bir imperiyanın — Ərəb xilafətinin ordularını dəfələrlə ağır məğlubiyyətlərə uğratmış ölməz xalq qəhrəmanımız Babəkin şəxsiyyətini müzakirəyə çıxaranlar, onun soykökünün axtarılmasına, daha doğrusu, azərbaycanlı olmadığını sübut etməyə cəhd göstərənlər də var. Belələri düşünmürlər ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir" — tarixçi vurğulayıb.

Mahmudovun fikrincə, belələri unudurlar ki, xalq öz kökünü, tarixini hamıdan yaxşı bilir, dost-düşmənini də, qəhrəmanlarını da hamıdan yaxşı tanıyır: "Məhz ümumxalq sevgisinin nəticəsidir ki, bu gün 60 milyonluq Azərbaycan xalqı öz ailələrində yüzlərlə babəklər, cavanşirlər tərbiyə edir! Təəssüf ki, tarixi şəxsiyyətlərimizə sayğısız, laqeyd münasibət, hətta onları özgəninkiləşdirmək meyilləri səngimək bilmir. Hətta bəzi televiziya kanallarının hazırladığı verilişlərdə də Şah İsmayıl, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi görkəmli şəxsiyyətlərimizi Azərbaycandan qoparmaq cəhdi açıq-aşkar nəzərə çarpır. Bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən Tarix İnstitutu ölkə başçısının çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsini həyata keçirir".

Bütün bunlarla yanaşı, alim ciddi narahatlıq doğuran daha bir məqama toxunub: "Hələ də sovet dövrünün zərərli və zəhərli konsepsiyalarının təsirindən yaxa qurtara bilməyən, tariximizin bir çox problemlərindən baş açmayan bəziləri Azərbaycanın oğuz-türk mənşəli Şah İsmayıl Səfəvi, Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi, Nadir Şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi böyük tarixi şəxsiyyətlərini, onların yaratdıqları qüdrətli imperiyaları başqalarına aid edirlər, "ən yaxşı halda" isə Azərbaycana aid etmirlər. Bu böyük sərkərdələri Azərbaycanla, xüsusilə Şimali Azərbaycanla bağlı olaraq "işğalçı" kimi qələmə verirlər. Doğma dildə ana südü qədər dadlı və təmiz şeirlər yazan, divan bağlayan, Azərbaycan türkcəsini böyük Səfəvi imperiyasının dövlət dili səviyyəsinə yüksəldən, öz xalqı üçün vahid mərkəzləşdirilmiş dövlət yaradan Şah İsmayıl Səfəvinin bunca tarixi xidmətlərini bir tərəfə ataraq onu "islam dinini və türk dünyasını parçalamaqda" günahlandıranlar isə "daha dərinə gedərək" xalqı öz şanlı tarixindən, nadir şəxsiyyətlərindən məhrum etmək qədər zərərli addım atırlar. Bu cür təşəbbüslərlə çıxış edənlər həm də unudurlar ki, tarix elmində islam dininin nə vaxt və harada məzhəblərə parçalanması tarixi də yaxşı məlumdur, türk dünyasının parçalanması səbəbləri də, onu parçalayan qüvvələr də".

"Unutmaq lazım deyil ki, tarix yalnız dahi şəxsiyyətlərin gördükləri böyük işlər, onların həyata keçirdiyi islahatlar və nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi, Nadir şah Əfşar kimi qüdrətli şəxsiyyətlər bəxş etmişdir. Əsrlər keçdikdən sonra — XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, De Qoll kimi nadir tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu. Yazdığımız hər bir əsərdə, söylədiyimiz hər bir fikirdə azərbaycançılıq ruhunu uca tutaraq qüdrətli tarixi şəxsiyyətlərimizi xalqımıza olduğu kimi təqdim etmək, tarixi keçmişimizə sahib çıxmaq Azərbaycan ziyalısı olaraq hər birimizin müqəddəs borcudur" — Y Mahmudov vurğulayıb.

Əlaqədar

Tarixə keşik çəkən adam
Tarixi adın ikinci bərpası
Onları tarixin arxivinə göndərməyin zamanıdır
Separatçıların sözdən işə keçdikləri tarix
Tarixdə türklərin Avropa ilə əlaqələri
Teqlər:
sərkərdə, Yaqub Mahmudov, alim, elm, tarix, Azərbaycan

Əsas mövzular