01:11 22 Fevral 2017
Canlı yayım
Manat

Azərbaycanda maliyyələşmə yeni mexanizmlə aparılacaq

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
28 0 0

Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

BAKI, 30 dek-Sputnik. 2017-2020-ci illərdə Azərbaycanda yeni maliyyələşmə mexanizmləri tətbiq ediləcək.

Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Bildirilir ki, beynəlxalq təcrübədə tətbiq olunan, Azərbaycanda isə hələ geniş yayılmamış yeni maliyyələşmə mexanizmlərinin, o cümlədən startapların, vençur fondların, “mələk investorlar”ın (“angel investor”), etimad fondlarının (“trust fund”) innovasiya yönümlü maşınqayırmada tətbiqi istiqamətində təkliflər hazırlanacaq.

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, ölkədə ümumi investisiya vəziyyəti yaxşılaşmasa, hər hansı bir müxtəlif formalı investisiyaların həyata keçirilməsi çətin olacaq. Yəni, ilkin olaraq Azərbaycanda investisiya mühitinin çox yaxşı olduğu qəbul edilməli, investorlar üçün çox cəlbedici bir məkana çevrilməlidir. Məhz bundan sonra investisiyaların müxtəlif formalarda ölkəyə daxil olması və maraq göstərməsinə nail olmaq mümkündür. 

Yol Xəritəsində qeyd edilən yeni maliyyələşmə mexanizmləri dünya ölkələri tərəfindən çoxdan təcrübədən keçirilib. Məsələn, “mələk investorlar” əsasən çox riskli ideyalara vəsait qoyan, əsasən də bu, informasiya və texnologiyalar sahəsində gənc startap layihələr olur. Yəni, gənclərin müəyyən ideyalarını realizə etmək üçün pul vəsaiti olmur və bu zaman obrazlı bir mələk investor peyda olur. Bu ideyaya, startapa vəsait xərcləyir və onun öncədən hüquqlarını alır. Sonradan həmin ideyanı inkişaf etdirərək böyük korporasiyalara, kompaniyalara satırlar. Bu, Amerikada, Avropada hətta Asiyada – Hindistanda, Çində, Tayvanda çox geniş yayılıb. Əsasən gənclərə fokuslanır bu investorlar. Gənclərin yeni ideyaları varsa, amma investisiya tapa bilmirlərsə, bu zaman “mələk investorlar” peyda olur. Yəni, bunun üçün Azərbaycanda bir zəmin də olmalıdır. Yaxşı təhsil sistemi, yaxşı ideyaların generatoru olacaq bir mühit olmalıdır. Bunun üçün elmi araşdırmaların artırılmasına da ehtiyac var. 

Digər investisiya formalarının da Azərbaycana gəlməsinin bir az uzun çəkəcəyini düşünürəm. Çünki, investisiya fondlarını ağır maşınqayırma sənayesinə əsasən də hər hansı bir ideyanın həyata keçirilməsinə vəsait qoymaq üçün inandırmaq çox çətindir. Yəni, Azərbaycan bu sahədə çox az təcrübəyə malik olduğu üçün ilk növbədə bunu inandırmalıdır. Çünki, investor vəsaitinin daha çox gəlir gətirməsinə fokuslaşmış şəxsdir və yaxud şəxslərdir. Onları digər məsələlər çox az maraqlandırır. 

Bu cəlbedicilik yaranmasa, xəritədə nəzərdə tutulmuş investisiya formalarının Azərbaycana gəlişi çox çətin olacaq. Hətta bu, uzun zaman alacaq. Bunları adım-adım mütləq həyata keçirmək lazımdır. Biz çox gecikmişik və bunun təsirlərini aradan qaldırmaq üçün rəqib, qonşu ölkələrdən daha sürətlə addımlar atılmalıdır ki, gələcəkdə investorlar üçün cəlbedici bir ölkəyə çevrilək. Amma belə bir sehrli formul yoxdur ki, bir neçə ayın, bir ilin içində bütün bunları həyata keçirmək mümkün olsun. Bu istiqamətdə çox əzmlə işləmək lazımdır və əsas məsələ ölkədə investisiya cənnətinin yaradılmasını sürətləndirmək lazımdır. Bu olmasa, obrazlı desək cənnətə mələk gəlməyəcək. Yəni, ancaq investisiya üçün bir cənnət mühiti yaratmaq lazımdır ki, “mələk investorlar” iştirak etməkdə maraqlı olsunlar.