ELM

Daha bir ali məktəbdə rəhbərlik dəyişdi

© AZƏRTACAzərbaycan Dillər Universitetinin binası
Azərbaycan Dillər Universitetinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsinin icrası universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevə həvalə edilib.

BAKI, 21 dek — Sputnik. Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsinin icrasının həmin universitetin Elmi işlər üzrə prorektoru Dünyamin Yunusova həvalə edilməsi barədə Təhsil Nazirliyinin əmri qüvvədən düşmüş hesab olunub. ADU-nun rektoru vəzifəsinin icrası universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevə həvalə edilib. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev universitetin Rektoryanı Şurasının iclasında Ə.Abdullayevi kollektivə təqdim edib. Bu barədə Sputnik ADU-nun saytına istinadən xəbər verir.

Qeyd edək ki, Ə.Abdullayev ADU-da İngilis dili-Azərbaycan dili ixtisası üzrə təhsil alıb. Universitet illərindən sonra o, Azərbaycan Dövlət Xarici Dillər Universitetinin Aspiranturasında German  dilləri ixtisası üzrə təhsilini davam edib.

1995-ci ildə Azərbaycan sərhədlərindən kənara çıxaraq, magistratura təhsili üçün ABŞ-ın Şərqi Karolina ştatındakı Duke Universitetində 1995-1996-cı illərdə Ali təhsilin idarə olunması ixtisası üzrə Magistr dərəcəsi alıb.

1998-1999-cu illərdə ABŞ-ın Minnesota ştatındakı Minnesota Universitetində Ph.D. proqramında German dilçiliyi (Koqnitiv dilçilik) ixtisası üzrə təhsil alıb. 1999-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasına Dilçilik nəzəriyyəsi – İngilis dilçiliyi ixtisası üzrə qəbul olub.

2000-ci ildə ABŞ-ın Harvard Universitetində Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində  təhsilinə davam edib. 2005-ci ildə isə ABŞ-ın Florida Beynəlxalq Universitetində Koqnitiv dilçilik ixtisası üzrə təhsilini başa vurub.

1995-ci ildə ABŞ-da təhsilin idarə olunması üzrə Elmlər Magistri dərəcəsi aldıqdan sonra, 1997-ci ildə Dilçilik nəzəriyyəsi (AMEA, Dilçilik İnstitutu) üzrə Filologiya elmləri namizədi adına, 2001-ci ildə Filologiya elmləri doktoru adına layiq görülüb. Həmçinin 2000-ci ildən Xəzər Universitetinin, 2001-ci ildən isə ADU-nun professorudur.

Akademik həyatı ilə yanaşı, iş karyerasında da uğurlara imza atıb.

Orta məktəbdə İngilis dili müəllimliyi ilə iş həyatına atılan Ə.Abdullayev ADU-da əvvəlcə Tətbiqi Dilçilik laboratoriyasının laborantı, sonradan isə eyniadlı laboratoriyanın müdiri kimi fəaliyyət göstərib. Bir müddət sonra ADU-nun İngilis dili kafedrasında assistent, ADU-nun İngilis dilinin qrammatikası kafedrasında müəllim, Xəzər Universitetində ingilis dili kafedrasında müəllim, bir müddət sonra Xəzər Universiteti rektorunun köməkçisi, Xəzər Universitetində Humanitar elmlər fakültəsinin dekanı və İngilis dili kafedrasının müdiri olub. 2001-ci ildə ADU-nun Tərcümə kafedrasının professoru vəzifəsinə təyin olunub. 2003-2014-cü illərdə isə ADU-da İngilis dili fakültəsinin dekanı vəzifəsini icra edib.

2014-cü ilin sentyabr ayının 1-dən Azərbaycan Respublikası Təhsil Nazirliyində Akkreditasiya və Nostrifikasiya sektorunda, sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsində çalışıb.

ABŞ-ın və Avropanın 22-dən çox nüfüzlu təqaüdlərinə layiq görülüb. “Senator William Fulbright” təqaüdünü isə 2 dəfə (1998, 2005) qazanıb.

Bundan başqa, o, bir çox nüfüzlu elmi cəmiyyətlərin (ABŞ Tərcüməçilər Assosiasiyasının, ABŞ İngilis dili müəllimləri Cəmiyyətinin, Avropa Dilçilik Cəmiyyətinin, Avropa Koqnitiv Dilçilik Cəmiyyətinin, Avropa Yaddaş, Əqli İnkişaf Cəmiyyətinin) idarə heyətlərinin üzvüdür.

6 dərsliyin (2 dərslik xaricdə ingilis dilində nəşr olunub), 110-dən çox elmi məqalənin (37 məqalə xaricdə nüfuzlu elmi jurnallarda çıxıb) müəllifidir.

2016-cı ilin sentyabrından ADU-nun Tədris işləri üzrə prorektorudur.

Xəbər lenti
0