16:44 29 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
23630

Kamran Əsədov: Bu gün Azərbaycan məktəblərinin müəllimlərinin özlərinə psixoloq lazımdır.

BAKI, 2 noy-Sputnik. Son zamanlar məktəblərdə təhsil səviyyəsinin aşağı düşməsi ilə yanaşı, artıq şagirdlərin psixoloji problemlərinin olması və hətta kriminal hadisələr törətdikləri xəbərləri tez-tez mediada yayımlanır. 

Sputnik hər bir məktəbin psixoloqu olduğu halda məktəb şagirdlərinin bu vəziyyətə düşmə səbəbini və bu problemin həlli yollarını araşdırmağa çalışıb. 

Sosioloq Cavid İmamoğlu bildirib ki, məktəb təhsil verməklə yanaşı şagirdlərə tərbiyə verən ocaqdır. 

“Məktəb dövrü uşaqların psixoloji davranışlarının dəyişdiyi zamandır. Məktəbin üzərinə vəzifələr düşür. Müəllimlərin işi təkcə fənləri tədris etmək deyil, eyni zamanda tərbiyə verməkdir.” – deyən sosioloqun fikrincə, məktəb psixoloqlarının aldıqları məvacib o qədər azdır ki, (təxminən 150-250 manat) “Psixologiya” ixtisası üzrə ali təhsil alanlar gəlib məktəblərdə bu sahədə çalışmırlar. Çünki özəl çalışsalar, bundan daha çox pul qazana bilirlər.

“Məktəblərdə bu sahədə işləyənlər adətən ixtisasca psixoloq olmadıqlarından, vəziyyət pis olan zaman heç bir kömək edə bilmirlər. Eyni zamanda bir məktəbdə cəmi 1 psixoloqun olması çox azdır. Bir psixoloq 400-500 şagirdlə necə işləyə bilər?” – İmamoğlu bildirib. 

Sosioloq deyib ki, məhz məktəblərdə psixoloqların olmaması, valideynlərin diqqətsizliyi, müəllimlərlə valideynlərin mütəmadi ünsiyyət saxlamaması nəticəsində yeniyetməlik dövrünün problemlərini yaşayan uşaqlara kömək etmək mümkün olmur və da faciələrə gətirib çıxarır. 

Cavid İmamoğlu təklif edib ki, QHT-lər bu sahədə məktəblərə kömək edə bilərlər: “QHT-lərin daha çox psixoloqları və təlimçiləri olduğundan, onlar da məktəblilərə layihələr vasitəsi ilə kömək edə bilərlər.” 

Uşaq psixoloqu Aynur Bünyadova bildirib ki, məktəblərdə psixoloqlar olsa da, onlar tək olduqlarından bütün məktəb şagirdlərinin psixoloji problemlərini həll edə bilmirlər.

“Bu çox aktual mövzudur və gündəmdə əsas yerlərdən birini tutur. Məktəbdə 1500-dən çox şagird olduğu halda bir psixoloq işləyir. Bu doğru deyil. Bir psixoloq 1500 uşağın hər biri ilə fərdi qaydada məşğul ola bilməz. Həmçinin, məktəb psixoloqlarında motivasiya zəifdir. Onların məktəb psixoloqu statusları olmadığından zəif işləyirlər.” – deyə psixoloq bildirib.  

Bünyadovanın sözlərinə görə, problem məktəblərdə kriminal hadisə törədən şagirdlərin özlərindən yox, ailələrindən qaynaqlanır. Onlar cəmiyyətdə, ətraf mühitdə gördüklərini təkrarlayırlar: “Uşaq evdə gördüklərini cəmiyyətdə təkrar edir. Buna görə də əvvəl belə şagirdlərin valideynləri ilə danışmaq, ilk növbədə ailədəki problemləri həll etmək lazımdır.”

Bünyadova bir müddət öncə Bakıda məktəblərdən birində bir şagirdin digərinə bıçaq çıxarması ilə bağlı məsələni də şərh edib: “Məktəbin psixoloqu məndən yardım istədi. Məsləhət gördüm ki, bıçaq çıxaran uşağın valideynləri ilə görüşüb danışsın. Əvəzində eşitdiyim cavab məni məyus etdi. Məktəb psixoloqu bildirdi ki, valideynləri o səviyyədə deyil ki, mən onlarla danışım. Və uşağın belə olması məhz ailədə gördüklərindən və ətraf mühitindən qaynaqlanır. Ona görə valideynlərin uşaqlara daim nəzarət etməsi vacibdir. Eyni zamanda valideynlər çalışıb öz uşaqlarına yaxşı nümunə olmalıdırlar.”

Psixoloq bildirib ki, kompüter oyunlarında olan aqressivlik, öldürmə səhnələri də uşaqların psixologiyasını pozur. Ona görə uşaqları belə oyunlardan uzaq tutmaq lazımdır. 

Təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərdə xoşagəlməz hadisələr keçən illərə nisbətən artıb. 

“Təəssüflər olsun ki, yeni tədris ili 2 ay deyil ki, başlayıb, bu qısa müddət ərzində orta məktəb şagirdləri arasında baş verən xoşagəlməz hadisələrin sayı hətta keçən 2-3 ildə baş verənlərin cəmindən çoxdur. Bu gün orta məktəblərin bəziləri bizə qladiator döyüşlərini, çətin tərbiyə olunan uşaqları ram etmək üçün olan xüsusi təyinatlı təhsil müəssisələrini xatırladır. Ən pisi də odur ki, bu hadisələr təkcə müxtəlif toplumların olduğu paytaxt Bakıda yox, regiondakı məktəblərdə də baş verir.” – deyə Əsədov bildirib. 

Təhsil eksperti deyib ki, orta məktəblərdə baş verən neqativ halların bir səbəbkarı və günahkarı var, o da uzun illər ərzində bu müəssisələrə rəhbərlik edən, amma heç bir uğurlu nəticə əldə etməyən məktəb direktorlarıdır:

“Məktəb direktorlarının təhsil müəssisələrini, şagird və müəllimləri, bundan başqa digər texniki və xidməti işçiləri idarə edə bilməməsi səbəbindən bu gün biz təkcə qəbul və buraxılış imtahanlarının bərbad nəticələrini yox, həm də kriminal aləmi xatırladan mənzərələri izləməyə məcbur oluruq.” – deyə ekspert bildirib. 

Kamran Əsədovun fikrincə, şagirdlərin obraz olaraq nümunə götürəcəyi müasir qəhrəmanlar məktəblərdə təbliğ olunmur.

“Əvvəllər cəmiyyətə nümunə ola bilən müəllim adı, peşəsi, şəxsiyyəti bu gün bunu edə bilmir və ya etməsinə imkan vermirlər. Orta məktəblərdə psixoloqlar dərsə davamiyyəti yoxlayır, bu gün məktəbin texniki işçiləri direktora məktəbdə şagirdlər arasında baş verən hadisələri, müəllimlər arasında şəxsi məsələləri ötürməklə məşğuldurlar. Onların heç biri öz vəzifəsini yerinə yetirə bilmir. Ona görə ki, onların psixoloq təhsilləri yoxdur. Onların insan, yaş psixologiyası barədə anlayışları yoxdur. Onların özünə psixoloq lazımdır.” – deyə Əsədov bildirib. 

Ekspertin sözlərinə görə, Təhsil Nazirliyi bu kimi halları aradan qaldırılmaq üçün Məktəblinin Dostu layihəsinə start verib.

“Amma hələ ki, bu tətbiq edilməyib. İlkin olaraq, bu 30 məktəbdə pilot layihə çərçivəsində həyata keçiriləcək. Bunun üçün seçimlər bitib. Amma bu həyata keçirilənə qədər məktəbdəki psixoloqları treninq və təlimlərə cəlb etmək lazımdır.” – deyə o, əlavə edib. 

Teqlər:
Məktəb direktorları, Məktəblinin Dostu layihəsi, sosioloq, psixoloq, Təhsil Nazirliyi, Aynur Bünyadova, Kamran Əsədov, Cavid İmamoğlu, Azərbaycan

Əsas mövzular