00:06 26 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
298140

Dəfələrlə Azərbaycanın bayrağını yüksəklərə qaldıran boksçu iş tapa bilmir, Boks Federasiyasının rəhbərliyi isə onun zənglərinə cavab vermir.

BAKI, 1 noy-Sputnik. Dünya və Avropa çempionu, Azərbaycanı olimpiadada təmsil edən Samir Məmmədov bir neçə ay öncə mətbuat vasitəsilə işsiz olduğunu və göstərdiyi nəticələrə baxmayaraq, heç bir yerdə ona iş verilmədiyini söyləmişdi.  

Millət vəkili, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev mediaya verdiyi açıqlamada Samir Məmmədova tezliklə iş tapmaqda kömək edəcəyini demişdi. Hətta idmançı ilə görüşən Ağacan Əbiyev tez bir zamanda məsələni həll edəcəyinə söz versə də, sonradan nə Samirin, nə də jurnalistlərin zənglərinə cavab verməyib. Hələ də problemləri həll olmayan Avropa və Dünya çempionu yenidən mətbuata üz tutmaq məcburiyyətində qalıb. 

Samir Məmmədov bildirib ki, telefon zənglərinə niyə cavab verilmədiyini dəqiq bilmir, amma belə çıxır ki, Ağacan Əbiyev onu aldadıb:

“Öncə Ağacan Əbiyev mənimlə görüşdü və dedi  ki, mənə kömək edəcək. Daha sonra zənglərimə cavab vermədi. Eyni zamanda bu barədə yazmaq istəyən jurnalistlərin də zənglərinə cavab vermədi. Bir sözlə, məndə belə bir təəssürat yaranır ki, o məni  aldatdı.”

Boksçu qeyd edib ki, bu vəziyyətdə məşqçi işləmək istəmir:

“Uşaqlara pula görə məşq keçirəm ki, ailəmi dolandırım. Amma belə vəziyyətdə, bilgilərimi uşaqlara pulla satmaq istəmirəm. Amma məcburam. Mən Yeniyetmələrin Dünya və Avropa yarışlarının çempionuyam, gənclər arasında Avropa çempionu, kişilər arasında Dünya 3-cüsü və Dünya kubokunun 3-cüsü, Avropa ikincisiyəm. Eyni zamanda dəfələrlə müxtəlif turnirlərin qalibi olmuşam. 14 qat Azərbaycan çempionu, Prezident mükafatçısıyam. 2006-2007-ci illərdə ən yaxşı Azərbaycan idmançısı seçilmişəm, əməkdar idmançı və olimpiya iştirakçısıyam. İkiqat Dünya çempionu, ikiqat Avropa çempionu kimi layiq olduğum yerdə olmadığım üçün məcburən məşqçilik edirəm. Bu qədər uğurlarla vətənimdə mənə iş tapılmır? Boyum balaca və çəkim az olduğundan məni mühafizəçi də götürmürlər. Mən də ölkəmin bayrağını digər idmançılar kimi dünyada dalğalandırmışam. Niyə onlara iş verilir mənə yox?” 

Məmmədov əlavə edib ki, ona başqa iş təklifi olsa belə, məşqçiliyi atmayacaq. Sadəcə normal işi olarsa, daha ürəklə öz təcrübəsini tələbələri ilə bölüşəcək.

Çempion onu da bildirib ki, hazırda qızlara məşq keçsə də, qızların boksla məşğul olmasını istəmir. Onun fikrincə, bu, “qıza yaraşan” idman növü deyil. 

Məmmədovun sözlərinə görə, o, Boks Federasiyasında müəllim deyil və oradan aylıq maaş almır. Sadəcə zalda uşaqlara pullu məşq keçməklə maddi ehtiyacını təmin edir.

Qeyd edək ki, Sputnik-in əməkdaşı bu məsələ ilə bağlı Ağacan Əbiyevlə əlaqə saxlayıb. Deputat bildirib ki, məsələ ilə bağlı bu həftənin cümə günü Samir Məmmədovu Milli Olimpiya Komitəsində qəbul edəcək.

P.S. Mövzunu diqqətdə saxlayacağıq. 

Teqlər:
dünya çempionu, məşqçi, vitse-prezident, deputat, millət vəkili, Azərbaycan Boks Federasiyası, Milli Olimpiya Komitəsi, Samir Məmmədov, Ağacan Əbiyev

Əsas mövzular