Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Terrorçular Bakı-İstanbul avtobusunu partlatmaq istəyiblər

© Sputnik / Vitaly AnkovAntiterror əməliyyatı, arxiv şəkli
Antiterror əməliyyatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Qafqaz camaatı” qruplaşmasının üzvləri İŞİD silahlılarına qoşulmaq üçün Suriyaya getmək məqsədilə Azərbaycanı tərk etməyə cəhd göstərib.

Ramella İbrahimxəlilova

BAKI, 28 okt-Sputnik. “Qafqaz camaatı” terror təşkilatının Sumqayıtdan olan üzvləri oktyabrın 26-da Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən zərərsizləşdirilib.  

Bu barədə Sputnik-ə hüquq-mühafizə orqanlarından məlumat verilib. DTX-nın rəsmi saytında verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları F.Rüstəmov, A.Quliyev, A.Gülməmmədov və digərləri ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet vasitəsi ilə göndərdikləri gizli tapşırıqlar əsasında terror təşkilatının Azərbaycanda "Qafqaz camaatı" adlı silahlı qolunun yaradılması, rəhbərinin seçilməsi, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüb.

Onlar müxtəlif tarixlərdə gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını bəyan etmələrinin videoçəkilişini aparıblar. Həmçinin cinayətkar niyyətlərinin həyata keçirilməsi, əlavə silah-sursat əldə edilməsi, vəsait toplanılması üçün tədbirlər görüblər. Eyni zamanda ayrı-ayrı şəxslərə hədə-qorxu altında aylıq ödənişlər tətbiq edib, basqın ediləcək konkret şəxslərin güdülməsini həyata keçirib, ictimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə planlaşdırılan xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında vəzifə bölgüsü aparıblar.

Dini ekstremizm zəminində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılan cinayətkar birlikdə iştirak etmə, odlu silahdan istifadə etməklə terrorçuluğa və quldurluğa hazırlıq əməllərini törətmələrinə əsaslı şübhələr olan A.Quliyev, F.Rüstəmov və A.Gülməmmədovun saxlanılması üzrə 26-27 oktyabr 2016-cı il tarixlərində respublikanın müxtəlif rayonlarında kompleks əməliyyat tədbirləri həyata keçirilib.

Keçirilən xüsusi əməliyyat nəticəsində Quliyev və Rüstəmov məhv edilib, Gülməmmədov isə saxlanılıb. 

Məlumatlı mənbələr sözügedən əməliyyatın detallarını Sputnik-ə açıqlayıblar. Məlumata görə, sözügedən şəxslərin hamısı 22-26 yaş arasındadır.  

Bir müddət əvvəl DTX-nın istintaq orqanı “Qafqaz camaatı” qruplaşmasının üzvlərini nəzarət götürüb. Müəyyən edilib ki, yerli qruplaşmanın təşkilatçısı Sumqayıt şəhər sakini, 1995-ci il təvəllüdlü, “Ömər” ləqəbi ilə tanınan Quliyev Ağamirzə Əliqulu oğludur. O, Dağıstanın “Qafqaz camaatı” ilə əlaqə saxlayıb və gəncləri Suriya və İraq ərazisindəki hərbi münaqişələrə cəlb etməklə məşğul olub. 

Oktyabrın 25-də AR Daxili İşlər Nazirliyinin rayon şöbələri axtarışda olanların izinə düşüb. Həftənin 3-cü günü xüsusi xidmət orqanları axtarışda olan şəxslərin günün ikinci yarısı qadağan olunmuş terror təşkilatı İŞİD-ə qoşulmaq məqsədilə Azərbaycan sərhədlərini tərk edəcəkləri barədə operativ informasiya alıblar. 

Sözügedən üçlük Bakı-İstanbul avtobusuna əyləşiblər. Lakin Bakı-Ələt yolunda xüsusi xidmət orqanlarının əməliyyat qrupu avtobusu saxlayıb. Əməliyyatçıları görən Quliyev əl qumbarasını partlatmağa cəhd göstərib. DTX-nın əməkdaşları avtobusdakı digər sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün yüksək peşəkarlıq nümayiş etdirərək Quliyevi və onun ortağı Rüstəmovu məhv ediblər. Onlar Gülməmmədovu diri tutublar. 

Xəbər lenti
0