Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan-Rusiya-İran üçbucağı nəhəng perspektivlər vəd edir

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiAzərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün birgə bəyannaməsini imzalayırlar
Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün birgə bəyannaməsini imzalayırlar - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər bu üç ölkənin əməkdaşlığının region üçün mühüm əhəmiyyət kəsb etdiyi qənaətindədirlər

BAKI, 26 okt — Sputnik. "Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb və müsbət bir modeldir. Çünki, Azərbaycanın başqa formatda da əməkdaşlıq təcrübəsi var. Azərbaycan-Türkmənistan-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, üstəgəl də Azərbaycan-Rusiya-İran. Bu da hər 3 dövlətin maraqlarına xidmət edir, nəqliyyat dəhlizi yaradır".

© Sputnik / Murad OrujovElxan Şahinoğlu, politoloq
Elxan Şahinoğlu, politoloq  - Sputnik Azərbaycan
Elxan Şahinoğlu, politoloq

Bunu politoloq Elxan Şahinoğlu Sputnik-ə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan bu nəqliyyat dəhlizinin birləşməsində maraqlıdır: "Rusiya Yaxın Şərqə çıxış imkanı qazanır, İran isə Avropa bazarına çıxış imkanı qazanır. Düşünürəm ki, bu layihə başa çatdıqdan sonra hər 3 dövlətin xeyrinə xidmət edəcək. Üstəgəl də Azərbaycanın bu nəqliyyat xətti vasitəsilə bölgədəki rolu daha da artacaq. Çünki, bundan başqa, indi Bakı-Tbilisi-Qars dəmiryolu xətti də işə düşməlidir. Çindən gələn mallar Qazaxıstan və Azərbaycan üzərindən Avropaya daşınacaq. Və TAP və TANAP layihələri. Bütün bu layihələr, o cümlədən Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı Azərbaycanın bölgədəki rolunun artmasına xidmət edir".

İqtisadçı-ekspert Fariz Quliyev də Sputnik-ə açıqlamasında sözügedən layihənin rentabelli olduğunu deyib: "Burada əsas nəqliyyat məsələsidir və bu format real sektor üzrə əməkdaşlığın, ticarət dövriyyəsinin inkişafına gətirib çıxaracaq. Azərbaycanın ixrac imkanları İranla demək olar ki, eynidir. Biz də Rusiya bazarına qida məhsulları, meyvə-tərəvəz məhsulları ixrac edirik. İranın milyardlar ilə ölçülən bazarı var. İran da qida, meyvə-tərəvəz məhsulları, həm də quru meyvələr ixrac edir. Bu əməkdaşlıq platforması hərtərəfli yaxşıdır. Bu əməkdaşlıq bizdə daxili bazarda qida məhsullarının, quru meyvələrin qiymətinin azalmasına kömək edə bilər".

© Photo : UNECİstisadçı-ekspert Fariz Quliyev
İstisadçı-ekspert Fariz Quliyev - Sputnik Azərbaycan
İstisadçı-ekspert Fariz Quliyev

Onun sözlərinə görə, bu əməkdaşlıq formatı Azərbaycanda istehlak məhsullarının qiymətinin azalmasına kömək edəcək: "Azərbaycan nəqliyyatdan qazanc götürəcək. Bu formatda müəyyən formalaşmış sənaye sahələri üzrə əməkdaşlıq etmək olar".

İqtisadçı-ekspert Rəşad Həsənov da Sputnik-ə açıqlamasında, Azərbaycanın Rusiya və İran ilə iqtisadi əlaqələrini genişləndirməsinə ehtiyac olduğunu bildirib: "Əgər bölgədə stabil inkişafa nail olmaq istəyirsənsə, hər iki ölkə ilə münasibətləri normal səviyyədə saxlamaq lazımdır. Xüsusilə, neftin qiymətinin ucuzlaşdığı indiki şəraitdə iqtisadiyyatın digər istiqamətlərini inkişaf etdirməyə ciddi ehtiyac var. Bu istiqamətdə İran və Rusiya böyük bazar hesab oluna bilər. Azərbaycan bu üçtərəfli əməkdaşlıq formatında daha çox enerji layihələrində maraqlıdır. İkinci istiqamət tranzit daşımalardır. Azərbaycanın mövqeyi odur ki, regionda tranzit daşımaların mərkəzinə çevrilsin. Üçüncü istiqamət İrandan Azərbaycana investisiya axınını müəyyən qədər stimullaşdırmaq, sürətləndirməkdir. Düşünürəm ki, Azərbaycanın bu istiqamətdə səyləri növbəti dövrlərdə öz təsirini göstərə bilər. Burada investisiya mühitinin normallaşdırılmasına da diqqət etmək lazımdır".

© Photo : SİA IAЭксперт-экономист Рашад Гасанов
Эксперт-экономист Рашад Гасанов - Sputnik Azərbaycan
Эксперт-экономист Рашад Гасанов

Ekspert bildirib ki, bu formatda hər hansı bir fövqəladə dəyişikliklərdən söhbət getmir: "Mövcud əlaqələrin daha da genişləndirilməsi, müəyyən anlaşılmayan məqamların müzakirəsi üçün bir platformanın olması və bu kimi məsələlərdə müsbətdir. Hər halda Azərbaycan üçün müsbət vəd edən bir formatdır".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Sputnik-ə müsahibəsində Azərbaycan-İran-Rusiya üçbucağından danışıb: "Bu mövzunun inkişaf üçün yaxşı potensial var və gələcəkdə bölgəmizdə təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsində vacib rol oynayacaq. Bu ilin əvvəlində mən İranda rəsmi səfərdə idim və iranlı həmkarım Ruhani ilə İran-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı ideyasını irəli sürdüm. Bu, çox pozitiv qəbul olundu. İrandan qayıdandan sonra mən Vladimir Putinlə əlaqə saxladım və o, bu ideyanı çox müsbət dəyərləndirdi. Biz bu istiqamətdə fəal surətdə işləməyə başladıq. Bu hadisələrdən, təxminən iki ay sonra Bakıda üç ölkənin xarici işlər nazirlərinin görüşü keçirildi. Bu, sözügedən istiqamətdə ilk təcrübə idi. Təcrübə uğurlu oldu və avqustun əvvəllərində Bakıda keçirilmiş üç ölkə prezidentlərinin iştirakı ilə sammitə hazırlıq başladı".

Prezident o sammiti tarixi hadisə adlandırıb: "Birincisi, ona görə ki, tarixdə ilk dəfə olaraq bu üç ölkənin rəhbərləri bu formatda sammitdə görüşürlər. İkincisi ona görə ki, biz tarixə qayıtmırıq. Bölgəmizdə ölkələr, imperiyalar arasında əlaqələrin tarixi sadə olmayıb. Bunu hamımız bilirik. Bu gün görürük ki, xoş məram olduğu halda istənilən şəkildə olan tarixi yaddaş öz yerini praqmatizmə və əməkdaşlığın möhkəmləndirilməsi istəklərinə verir. Azərbaycan müxtəlif dövrlərdə İran və Rusiya imperiyalarının tərkibində olub. Buna görə də bu sammitin Bakıda təşkili böyük əhəmiyyətə malikdir. Biz bunu böyük qonşularımızın gördüyümüz işə hörməti kimi, həm də yeni əməkdaşlıq formatı kimi qəbul edirik".

"Bu, ciddi geosiyasi addımdır. Biz təbii ki, nəqliyyat təhlükəsizliyi məsələlərini, energetikanı, sərmayələri, iqtisadi məsələləri müzakirə etdik, gündəlik kifayət qədər geniş idi. Amma əsas odur ki, coğrafiyaya və bizim maraqlarımıza əsaslanan yeni regional əməkdaşlıq formatı yaradırıq. Çünki yalnız Azərbaycanın həm Rusiya, həm də İranla sərhədləri var. Müstəqil dövlət kimi bizim təhlükəsizliyimiz bizim bölgəmizdə təmin olunur. Sərhədlərimizin ətrafındakı təhlükəsizlikdən bizim təhlükəsizliyimiz asılıdır. Ona görə də, qonşularımız arasındakı sıx əməkdaşlıq bizim milli maraqlarımıza cavab verir. Və biz belə görüşü təşkil edə bildiyimiz üçün sevinirik və bununla fəxr edirik. Ümid edirik ki, bunun gələcəkdə davamı olacaq", — İlham Əliyev vurğulayıb.

Xəbər lenti
0