05:15 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyevin referendumla bağlı mətbuat konfransı

Prezident Administrasiyası: "Venesiya Komissiyası bizi fakt qarşısında qoyub"

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
88020

Şahin Əliyev prezidentlik müddətinin 7 ilə qaldırılmasını əsaslandırdı: "Azərbaycan prezidenti hər 5 ilin 3 ilini seçki qızdırması şəraitində yaşayır"

BAKI, 21 sen — Sputnik. "Avropa Şurası Venesiya Komissiyasının sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı açıqladığı ilkin rəy bizi xeyli dərəcədə təəccübləndirib".

Bu fikri Azərbaycan Respublikası Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının (VK) Referendum Aktına dair rəyi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. "Biz Venesiya Komissiyası ilə həmişə bir-birimizə hörmətlə yanaşmışıq. Təcrübədə belə olub ki, VK heç bir qanun layihəsinə 3 aydan tez rəy vermir. Adətən layihələri Azərbaycan hökuməti VK-nın elektron poçtuna göndərirdi və onların rəyini öyrənirdi. Lakin naməlum səbəblərdən bu dəfə Referendum Aktına rəy hazırlanarkən, Azərbaycan hökumətinin fikri nəzərə alınmayıb. Bu prosedur pozulub. VK-nın məktubu AŞPA-nın sorğusu əsasında hazırlanıb. AŞPA bu sorğunu VK-ya sentyabrın 6-da göndərib. VK isə Azərbaycan tərəfinin rəyini dinləmədən, tələm-tələsik 2 həftə ərzində öz rəyini verib. Beləliklə də, Azərbaycan tərəfinin dinlənilmək hüququ əlindən alınıb" — deyə Əliyev bildirib.

O, qeyd edib ki, beynəlxalq qanunvericiliyə görə, məhkəmədə qarş tərəfin dinlənilməsi hüququ var. VK isə bu hüququ Azərbaycan hökumətinin əlindən alıb: "Komissiya bildirib ki, 2 ay Konstitusiyaya düzəlişlərlə başlı təkliflərin müzakirəsi üçün çox az müddətdir. Belə çıxır ki, 60 gün müzakirə üçün azdır, amma 14 günə rəyin hazırlanması mümkündür?".

PA yetkinlisinin sözlərinə görə, VK-nın məktubunda qeyri-dəqiqlik və kobud səhvlər var: "Orada AR Konstitusiyasının 159-cu maddəsinə istinad edilir. Halbuki AR Konstitusiyası 158 maddədən ibarətdir, orada 159-cu maddə yoxdur".

Əliyev deyib ki, VK-nın əsas narazılığı icra hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlıdır: "Söhbət Referendum Aktı qəbul edilsə, təsis olunacaq vitse-prezidentlər institutundan gedir. Əsas arqumentləri budur ki, təyinatlı vitse-prezidentlər institutu demokratik standartlara uyğun deyil. Normal müzakirələr keçirilsəydi, bizim rəyimiz soruşulsaydı, onlara sual vermək olardı ki, bu demokratik standart hansı beynəlxalq sənəddə, hansı aktda yazılıb. Biz araşdırmışıq, dünyada belə bir demokratik standart yoxdur. Onu heç kim tapıb qarşımıza qoya bilməz. Seçilmədiyi üçün vitse-prezidentin ölkə prezidentini əvəz etməsi qeyri-demokratik sayılır. Hesab edirlər ki, təyinatlı vitse-prezident seçkili prezidenti əvəz edə bilməz. Halbuki, hamının demokratik ölkə kimi qəbul etdiyi ABŞ-da prezident öz səlahiyyətini icra edə bilmədikdə, onun səlahiyyəti vitse-prezidentə keçir. Vitse-prezident də icra edə bilmədikdə, onun səlahiyyətlərini təyin olunmuş, seçilməmiş nazirlər icra edir. Və heç kim bu proseduru qeyri-demokratik adlandırmır".

Əliyevin sözlərinə görə, Konstitusiya islahatları ölkədə aparılan iqtisadi islahatların tələbindən doğub: "Çünki prezidentin iqtisadi məsələlər üzrə 2 köməkçisi, cənab prezidentin iqtisadi islahatlar siyasətini həyata keçirmək üçün kifayət deyil. Bu çox mürəkkəb və məsuliyyətli prosesdir. Bu prosesdə sahə-sahə siyasətin həyata keçirilməsi tələb olunur. Mətbuatda dəfələrlə vurğulanmışdı ki, Nazirlər Kabineti ölkədə gedən islahatların lokomotivinə çevrilə bilməyib. Bu fikirlə razılaşmaq olar, ona görə ki, NK uzunmüddətli proseslərdə özünü çox perspektivli orqan kimi göstərib və kifayət qədər də səmərəli fəaliyyət göstərib. Lakin hər ay dəyişən iqtisadi vəziyyətdə, maliyyə siyasətində NK aparıcı rol oynaya bilmirdi. Ona görə ki, NK-nin institusional mahiyyəti, onun quruluşu, iş tərzi bu cür fəaliyyət üçün nəzərdə tutulmayıb. Çevik qərar qəbul edən institut bugünkü vəziyyətin tələbidir."

O, VK-nın parlamentin prezident tərəfindən buraxılmasına iradını belə şərh edib: "Bu maddənin Referendum Aktı layihəsinə salınması kiminsə istəyi olmayıb. Bu həyatın tələbatıdır. Ona görə ki, hər bir kollegial orqanın fəaliyyətində olduğu kimi, parlamentin fəaliyyətində də şahmatçıların dili ilə danışsaq, mat situasiyası mövcuddur. Ona görə ki, bu orqanda qərarlar səsvermə ilə qəbul olunur. Mətbuatda vurğulanırdı ki, bir sıra hallarda Azərbaycanın prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş qanun layihələri Konstitusiyanın 97-ci maddəsində nəzərdə tutulmuş müddətdə səsverməyə çıxarılmır. Orada yazılıb ki, prezidentin təqdim etdiyi layihə 2 ay müddətinə səsverməyə çıxarılmalıdır, ya qəbul edilməlidir və ya rədd edilməlidir. Buna misal olaraq mətbuatda "Məhkəmə qərarlarının ləğvi haqqında" qanunun 2009-cu ildən indiyə kimi parlament tərəfindən qəbul olunmaması göstərilir. Prezident belə hallarda parlamenti buraxmaq səlahiyyətinə malik olmalıdır".

Əliyev VK-nı rəy verərkən başqa ölkələrin praktikasına istinad etməməkdə də günahlandırıb: "Fransada prezident Milli Assambleyanı buraxa bilər. Bu zaman prezident Senat və Milli Assamleyanın sədri ilə məsləhətləşmələr aparır. Lakin nəticə necə olmalıdır, bu barədə Fransa Konstitusiyasında heç nə yazılmayıb".

PA yetkilisi deyib ki, VK-nın rəyi verilərkən prezidentin səlahiyyət müddətinin 7 ilə qaldırılmasına irad bildirilib, amma burada da başqa ölkələrin təcrübəsinə istinad edilməyib: "Hazırda İsraildə, İslandiyada, Kiprdə prezidentlər 7 il müddətinə, Finlandiyada, Avstriyada 6 il müddətinə seçilirlər. 2002-ci ilə qədər Fransada prezidentin səlahiyyət müddəti 7 il idi. Sonra bu dəyişdirildi. O zamankı Fransa prezidenti Jak Şirak demişdi ki, 7 il çoxdur, 5 il məqbuldur. Amma bunu heç nə ilə əsaslandırmamışdı".

Əliyev Azərbaycanda prezidentlik müddətinin 7 ilə qaldırılması zərurətini belə əsaslandırıb: "Burada məqsəd odur ki, parlamentlə icra hakimiyyətinin başçısının mandat müddəti üst-üstə düşməsin. Azərbaycan prezidenti hər 5 ilin 3 ilini seçki qızdırması şəraitində yaşayır. Hər 5 ildən bir parlament seçkiləri, sonra bələdiyyə seçkiləri, sonra prezident seçkiləri. Prezidentin normal fəaliyyət göstərə bilməsi üçün səlahiyyət müddətinin 7 ilə qaldırılması təklif olunub".

"Prezidentin növbədənkənar prezident seçkilərini elan etmək səlahiyyətinə də VK irad bildirir. Prezidentlik müddəti 7 il olduğuna görə, cənab prezidentin xalqın ona olan inamını müəyyənləşdirmək üçün xalqa müraciət etməyə imkanı olmalıdır. Bu da çox məntiqi haldır." — deyə Əliyev bildirib.

PA yetkilisi VK-nın 2 həftə müddətində rəy verməsini siyasi sifariş adlandırıb: "Konstitusiya Aktı ilə bağlı prosesə iyulun 18-dən start verilib və ayın 26-dək hər kəsin o layihəyə irad bildirmək və təklif vermək imkanı olub. Lakin AŞPA sədrinin məktubu nə iyulda, nə avqustda deyil, referenduma cəmi 20 gün qalmış VK-ya göndərilib." — deyən Əliyevin fikrincə AŞPA-da müxtəlif ölkələrin deputatları var və onların da Azərbaycana münasibəti birmənalı deyil.

"Bizi fakt qarşısında qoyublar. Biz onlarla heç vaxt belə şəraitdə işləməmişik" — deyə Əliyev bildirib.

"VK kifayət qədər vaxtının olmadığını bildirib. AŞPA-nın məktubunun daxil olduğu 2 həftə müddətində VK bir dəfə də olsun Azərbaycanla əlaqə saxlamağa cəhd etməyib" — deyə Əliyev bildirib.

"Dediniz ki, Azərbaycan həmişə qanunvericilik məsələləri ilə bağlı VK ilə əməkdaşlıq edib. Bəs bu dəfə niyə VK-ya müraciət edilməyib?" — sualına cavabında isə Əliyev deyib: "Biz hesab etmədik ki, bu dəyişiklər o dərəcədə mühümdür ki, ona görə VK-ya müraciət edək. Burada prezidentin səlahiyyətləri artırılmır, sadəcə vitse-prezidentlik institutu yaradılır. Bu isə ölkədəki vəziyyətlə əlaqədardır".

Əlaqədar

MDB PA Azərbaycandakı referendumu izləyəcək
Referendumla bağlı işçi qrupu yaradılıb
Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun vaxtı bəlli oldu
Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə müsbət rəy verdi
Teqlər:
Şahin Əliyev, Avropa Şurası Venesiya Komissiyası, Referendum Aktı, Prezident Administrasiyası, Konstitusiya

Əsas mövzular