20:33 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
Lerik rayonu

Qonağa ibadət edən adamlar

© Foto : PUBLIC DOMAIN
AZƏRBAYCAN
Qısa URL
Orxan BAHADIRSOY
225040

168 il yaşamağın sirri nədədir?!

BAKI, 9 avq — Sputnik. Mədəniyyət sahəsində çalışsam da hərdən turizm mövzusunda yazmağım da lazım gəlir. Axı bizdə mədəniyyəti və turizmi birləşdiriblər. Hərçənd, bu iki sahənin bir-birinə nə dəxli var, bilmirəm!? Nə isə…

Hörmətli mədəniyyət nazirimiz mədəniyyət adına heç bir iş görməsə də turizm adına bir sıra işlər görüb. Bunun ən adi sübutu son zamanlar ölkəmizə kütləvi turist axınıdır. Di gəl ki, bu mübarək turistlərə özümüzün gözəlliyi ağılı başdan alan təbiətimizi göstərə bilirikmi? Bilmirəm hansı günümüz üçün, amma bizim təbiətimizin bütün gözəllikləri hündür zirvələrin arxasında gizli saxlanılır. Bunlardan biri də Lerik, Lənkəran, Astara bölgəsindəki fövqəladə gözəllikdir.

Yayın ən qızmar ayının birinci günü dörd dost yoldaş olub yollandıq Lerikə. Həm gözəlliyinə, həm də öz məmləkətim olduğuna görə istirahət üçün Lerikdən daha yaxşı yer adı çəkə bilmərəm. Doğrusu, bu təbiətin gözəlliyinə təcavüz olunur. Dağların qoynundan burula-burula gələn dağ çayına turizm və istirahət mərkəzlərinin tullantıları axıdılır. Çay sahilinin ən gözəl yerlərində otellər, kafelər tikiblər, diskotekalar, atraksionlar qurublar. Bütün bunlara rəğmən təbiət özünün füsünkar görünüşünü hələ də qoruyub saxlamaqdadır.

Lerikin demək olar ki, hər qarışı, Lənkəran və Astaranın dağ kəndləri seriallar, filmlər, kliplər üçün mükəmməl məkandır. Burada təbiətin romantikasından vəhşiliyinə qədər hər cür qeyri-adiliyə rastlamaq mümkündür. Bir tərəfində sıraya düzülmüş yaşıl dağlar, bir-birinə qovuşan saysız-hesabsız çaylar, şəlalələr, göllər, dərələr, bulaqlar var, digər tərəfində boz qayalıqlar, çılpaq və tikanlı dağlar, canavarların, çaqqalların səs-səsə verdiyi ənginliklər. Bəs biz bu gözəllikdən kifayət qədər yararlana bilirikmi?

Bu bölgə təkcə gözəlliyi ilə deyil, həm də torpağının yetirdiyi hər cür naz-nemətlə seçilir. Bir tərəfində üzüm, əncir, tut, gilənar, heyva ağacları, bir tərəfində alma, armud, alça, qoz, fındıq ağacları məhsul verir. Meşələri çiyələk, böyürtkən, əzgil, qaragilə ilə dolu. Çayı, feyxoası, limonu, naringisi də ki, dillər əzbəri. Yeri gəlmişkən, dəmirağacı kimi adı "Qırmızı Kitab"a salınan nadir ağac da bu meşələrdə bitir. Amma bütün bu naz-nemətlər yalnız burada yaşayanlar tərəfindən becərilir. Halbuki, diqqət göstərildiyi halda ölkə iqtisadiyyatı üçün böyük gəlir mənbəyinə çevrilə bilər.

Lerikin uzunömürlülər diyarı adlanması da əbəs deyil. Adı Ginnesin Rekordlar Kitabına düşən və 168 il ömür yaşayan Şirəli Müslümov, 152 il ömür yaşayan Mahmud Eyvazov, 136 il ömür yaşayan Qızıl Quliyeva da məhz Lerikdə dünyaya göz açmış və elə Lerikdə dünyaya gözlərini yummuşlar. Bəs necə olub ki, bu insanlar bu qədər yaşayıblar? Əslində, cavab olduqca sadədir. Meşələri itburnu, kəklikotu, giləmərzə, yarpız, nanə, meşə soğanı, çobanyastığı, gülxətmi kimi müalicəvi bitkilərlə dolu, havası təmiz, suları təbii mineral, dağları meşə balı ilə zəngin bir torpaqda az ömür yaşamağın özü qəbahət olardı yəqin…

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
© Wikipedia / Creative commons
Lerik və Lənkəran gəzintimiz boyunca bir neçə kəndlərdə qonaq olduq. Bir həqiqətin şahidi oldum ki, bu bölgələrdə qonağa pərvər olmaq həddini keçib, qonağa ibadət etmə məqamına yüksəliblər. Lənkəranın Horavenc kəndində bir ailədə qonaq olduq. Başımıza pərvanə kimi dolanan ailənin başçısı əlini göyə qaldırıb "Allah heç bir evi qonaqsız etməsin, heç kəsə də qonaq xəcaləti verməsin!" dedi. Həmçinin, Lerikin Sivəkəran, Zuvand, Şona Çola, Qələsər kəndlərində qonaq olduq. Burada kənd sakinləri sizi evlərinə dəvət edər, önünüzə hər cür naz-nemət düzüb, getdiyiniz mənzilə qədər yola salarlar. Yolboyu maşın saxlatdırıb harasa getmək istəsəniz, sizi təmənnasız ünvana çatdırarlar. Kənd sakinlərinin qurduğu kasıbyana kafelərdə yediyiniz-içdiyiniz azuqənin pulunu verməsəniz, istəməzlər. 

Bütün bunlardan belə nəticəyə gəldim ki, təbiətin hər cür nemət bəxş etdiyi bu mehriban, sadə və təmiz insanlar tamahdan çox uzaqdadırlar. Onlar üçün çirkli əskinasların zərrə qədər önəmi yoxdur. Yetər ki, siz onların qapısından narazı qayıtmayasınız.

Əslində, bu mövzuda qalaq-qalaq xatirələr yazmaq mümkündür. Amma nə faydası? Əlimizdə olan bu mükəmməl ötəsi gözəlliyin və zənginliyin qiymətini kifayət qədər bilirikmi? Onu qorumağı, gələcək nəsilllərə ötürməyi, onun naz-nemətlərindən yararlanmağı, onu mədəniyyət üçün mühüm məkana çevirməyi bacararıqmı? Yox! Elə isə bu qədər…

Əlaqədar

Azərbaycanda niyə "turizm partlayışı" baş vermədi?
Rusiyada Azərbaycan turizm nümayəndəliyi fəaliyyətə başlayır
Veteranlar üçün “Şahdağ” Turizm Mərkəzində istirahət turu təşkil olunub
Turizm fəaliyyəti üçün lisenziya tələb olunmayacaq
İki rayonun mədəniyyət və turizm şöbəsinin müdiri vəzifədən qovuldu
Teqlər:
Lerik, turizm

Əsas mövzular