13:35 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8906
Kənd yeri

Bu nəsilləri ləqəbləri ilə tanıyırlar

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
277350

Ləqəblər şifahi yaradıcılığın bir növüdür. Bəzi bölgələrdə buna "ayama" da deyirlər. Ayamalar, yəni, ləqəblər daha çox kənd yerlərinə məxsusdur. Bu ona görədir ki, kənd yerlərində hər kəs bir-birini tanıyır.

Şahpəri ABBASOVA, Sputnik Azərbaycan

BAKI, 19 apr — Sputnik. İnsanlara bəzən müəyyən xüsusiyyətlərinə görə, el arasında qeyri-rəsmi adlar, yəni ləqəb verilir. Belə ləqəblər insanları başqalarından ayıran əlamətlərə görə səciyyələnir.

Qazax rayonunun Yuxarı Salahlı kəndi isə bayramın qeyd ediləməsi baxımından daha unikal bölgədir
© Sputnik / Hikmet Orhun

Belə hallara daha çox regionlarımızda rast gəlinir. Məsələn, Şəkidə çox az adam tapılar ki, onu ləqəbi ilə deyil, adı ilə tanısınlar. Elə şəkililəri digər regionların sakinlərindən fərqləndirən amil də onların yumora olan xoş münasibətidir. Burada insanlar ləqəbi ilə çağırıldığına görə küsüb incimirlər də.

Qax rayonu üçün də bu hal istisna deyil. Elə mənim yaşadığım kənddə də, demək olar ki, hər kəsin ləqəbi var. Və bu, onların ömürlərinin axırına qədər də onlarla yaşayır. Hətta həmin ləqəbi daşıyan insan dünyadan köçdükdən sonra belə, onun ləqəbi nəsildən-nəslə keçərək yaşayır və hər kəs onları babalarından qalan "miras"la çağırır. Məsələn, "Kopeslər", "Iğlayanlar", "Çil Abdulla", "Qara İsmayıl" və s.

Yazıçı-dramaturq Əli Əmirlinin sözlərinə görə, insanların ləqəblə çağırılması türkçülüyə xas amildir. "İnsanları bir-birindən ayırmaq üçün onlara ləqəb qoyulurdu. Bu, onların xarakterik xüsusiyyətlərinə və ya xarici görünüşünə görə qoyulurdu. Məsələn, "duzsuz İskəndər" və ya "axsaq filankəs" və sair", —deyə yazıçı Sputnik-ə açıqlamasında bildirdi.

Onun sözlərinə görə, bəzən də insanlara sənətinə və tutduğu vəzifəyə görə də ləqəb qoyurlar: "Ağdamda Bəhram adlı bir kişini el arasında "Yumurta Bəhram" adlandırırdılar. Çünki o, yumurta fabrikinin müdiri idi".

Əmirli qeyd edib ki, ləqəblər şifahi yaradıcılığın bir növüdür: "Bəzi bölgələrdə buna "ayama" da deyirlər. Ayamalar, yəni, ləqəblər daha çox kənd yerlərinə məxsusdur. Bu ona görədir ki, kənd yerlərində hər kəs bir-birini tanıyır. Və bunda bir yumor hissi də var. Yəni heç kim buna görə heç kimdən küsmür".

Əli Əmirli
© Photo : APA
Əli Əmirli

"Mənim atamı Ağdamda hər kəs "artist Mamed" çağırırdı. Çünki atam Ağdam teatrında aktor işləyib. Sonralar sənətdən uzaqlaşsa da, onu "artist Mamed" adlandırırdılar. Bu, həm də onun xarakteri ilə bağlı idi. Çünki rəhmətlik atamın xarakterində artistizm var idi" — deyə yazıçı bildirib.

Onun sözlərinə görə, ləqəblər nə qədər gülüş doğursa da, diqqət etmək lazımdır ki, istifadə etdiyimiz ləqəb istehza xarakteri daşımasın və qarşımızdakı insanın qəlbinə toxunmasın.

Qax rayonunun Qaratala kənd sakini Eyyub Məhsimov da öz ləqəbi ilə məşhurdur. Onu elı arasında "bığ Eyyub", ya da sadəcə "Bığ" deyə çağırırlar. Yaşı 90-nı haqlamış Eyyib kişi, bundan nəinki inciyir, əksinə, bunu özünə fəxr bilir.

Elə həmin kəndin sakini Allahverdi Abbasovun da maraqlı ləqəbi var: "Iğlayan". Özü bu ləqəbin mənasını Sputnik-ə belə izah edir: "Mən uşaq olanda çox ağlağan olmuşam. Biz tərəfdə də ağlamağa yığlamaq deyirlər. Əgər "Dədə Qorqud" dastanlarını oxumusuzsa, orda da ağlamağı yığlamaq kimi yazıblar. Mənə də uşaqlıqdan İğlayan, yəni ki, yığlayan, ağlayan ləqəbini qoyublar".

"Mən buna öyrəşmişəm. Hələ kənddə indiyə qədər mənə Allahverdi deyən olmayıb, bircə məktəbin müəllimlərindən başqa. Nəslimin adı da belə qalıb, Iğlayanlar", —deyir müsahibimiz.

Nə qədər yumoristik səslənsə də, bu, Azərbaycanın ayrı-ayrı bölgələrinin özəlliyidir. Və bu ölkədə çox nəsillər dəyişəcək, ləqəblər isə qalacaq.

Əlaqədar

Yaşı 3 min il, boyu 2.5 metr olan ölülər
Azərbaycanda qeyri-adi qəbiristanlıq: burada ölülər dəfn edilmir
Azərbaycanda qeyri-adi mərc: meydan qana boyanmalıdır
Azərbaycanın bu bölgələri "Kolumbiyaya" çevrilir
Teqlər:
nəsil, insan, Qax, kənd, ayama, ləqəb

Əsas mövzular