02:46 02 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
38 0 0

İlham Əliyev: "Azərbaycan ciddi iqtisadi islahatların aparılmasında qətiyyətlidir. Ölkəmiz üçün neft və qazdan asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi bir nömrəli məsələdir"

BAKI, 12 apr — Sputnik. "Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi islahatlarla bağlı daha çox işlərin görülməsini aktuallaşdırıb. İnkişaf etmiş ölkələrin heç biri neft və qaz ilə zəngin deyil. Lakin innovasiya, biznes mühiti, texnologiya sayəsində bu ölkələr inkişaf edərək dünyanın aparıcı qüvvəsinə çevrilə biliblər".

Sputnik xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edərkən deyib. Azərbaycandakı Amerika Ticarət Palatasının 20 il bundan əvvəl yaradıldığını deyən dövlət başçısı bunun ölkəmizdə sürətli iqtisadi artımın başladığı dövrə təsadüf etdiyini bildirib.

Bu yaxınlarda ABŞ-a uğurlu səfərini xatırladan Prezident Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdiyini, Birləşmiş Ştatların siyasi rəhbərliyi, vitse-prezidenti, dövlət katibi ilə görüşdüyünü, bu görüşlərdə siyasi, iqtisadi, enerji təhlükəsizliyi, həmçinin Amerika Ticarət Palatasının Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib. Qarşıda duran planlar barədə danışan dövlət başçısı Azərbaycanın biznes ictimaiyyəti ilə mütəmadi görüşlər keçirdiyini vurğulayıb.

"Azərbaycan ciddi iqtisadi islahatların aparılmasında qətiyyətlidir. Ölkəmiz üçün neft və qazdan asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi bir nömrəli məsələdir. Son 10 ildə 1 milyondan çox daimi iş yeri açılıb, regional infrastruktur inkişaf etdirilib, sənaye potensialı yaradılıb. Lakin bu, yetərli deyil və qeyri-neft sektorunda daha geniş artıma ehtiyac var", —deyə dövlət başçısı vurğulayıb.

İlham Əliyev deyib ki, Azərbaycandakı müsbət demoqrafik vəziyyətlə əlaqədar hər il on minlərlə yeni iş yeri yaradılmalı və bu proses təhsildəki islahatlarla əlaqəli şəkildə həyata keçirilməlidir. Çünki gələcəkdə hökumətin iqtisadi fəallıq planlaşdırdığı sahələrdə daha çox mütəxəssisə ehtiyac olacaq. Prezident İlham Əliyev idxaldan asılılığın azaldılmasının prioritet məsələ olduğunu, milli valyutanın devalvasiyasının istər-istəməz inflyasiyaya təsir göstərdiyini, lakin bunun rəqabətliliyi getdikcə artan yerli istehsalın stimullaşdırılmasına imkan verdiyini bildirib. İxracın stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin asanlaşdırılması üçün ciddi tədbirlərin görüldüyünü deyən dövlət başçısı ixrac yönümlü iqtisadiyyatın yaradılması üçün daha hansı addımların atılmasının mümkünlüyü ilə bağlı Azərbaycandakı Amerika Ticarət Palatasının təkliflərini eşitmək arzusunda olduğunu vurğulayıb.

Prezident hazırda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanıldığını, ölkəmizdə biznes üçün yaxşı imkanların mövcudluğunu bildirib, iqtisadiyyatın bütün sahələrində inkişafa nail olmaq üçün Azərbaycanın tam qətiyyətli olduğunu qeyd edib. Dövlət başçısı kənd təsərrüfatı, yüksək texnologiyalar və turizm sahələrinin inkişafına diqqət yetirildiyini, məşğulluğun hər zaman gündəlikdə duran əsas məsələ olduğunu vurğulayıb.

Sonra ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, "Ernst and Young" şirkətinin nümayəndəsi İlqar Vəliyev, Azərbaycandakı Amerika Ticarət Palatasının birinci vitse-prezidenti və "Societe Generale" şirkətinin ölkəmizdəki nümayəndəsi Teybə Quliyeva, "Holcim" şirkətinin nümayəndəsi Rosen Papazov, "Deloitte and Touche" MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nurlan Kərimov, "PWC" şirkətinin nümayəndəsi Mövlan Paşayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel çıxış edərək müxtəlif təkliflər irəli sürüblər.

Prezident İlham Əliyev yekun nitqində səslənən bütün təkliflərin ümumiləşdiriləcəyini bildirib. Dövlət başçısı kiçik və orta sahibkarlığa dəstəyin artırılacağını və bu məsələyə xüsusi diqqətin göstəriləcəyini qeyd edib. Prezident İlham Əliyev çıxışında maliyyə və bank sektoruna nəzarətin vacibliyini vurğulayaraq gömrük və vergi sistemindəki müsbət dəyişikliklərlə bağlı fikirlərə görə təşəkkürünü bildirib. "ASAN xidmət"in fəaliyyətinə toxunan dövlət başçısı onun əhatə dairəsinin genişlənəcəyini diqqətə çatdırıb. "Bu, şəffaflıq, xidmət, mədəniyyət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir", — deyən Prezident İlham Əliyev "ASAN"ın Azərbaycan brendi olduğunu da vurğulayıb.

Əlaqədar

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
İlham Əliyev Dmitri Medvedevlə görüşdə Rusiyaya təşəkkür edib
Türkiyədən İlham Əliyevə müraciət: Sizin komandanlığınız altında döyüşmək istəyirik
İlham Əliyev: Biz danışıqlar xatirinə danışıqlarda iştirak etmək niyyətində deyilik
İlham Əliyev "Qazprom"un rəhbəri ilə nədən danışıb?
İlham Əliyev "narıncı inqilab"ın lideri ilə görüşdü
Teqlər:
görüş, Nüvə Təhlükəsizliyi Sammiti, İlham Əliyev, Amerika Ticarət Palatası, neftin qiyməti

Əsas mövzular