Azərbaycan şirkətləri İranın böyük layihələrində iştirak edə bilər

© AFP 2023 / ATTA KENAREİranda zavod. Arxiv şəkli
İranda zavod. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər prezident İlham Əliyevin İrana səfərini dəyərləndirir.

Azərbaycan şirkətləri İranın böyük layihələrində iştirak edə bilər
BAKI, 22 fev – Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də İrana rəsmi səfər edəcək. Bunu İranın Kommunikasiya və Texnologiya naziri Mahmud Vaezi fevralın 21-də Azərbaycanın İqtisadiyyat  naziri Şahin Mustafayevlə İranda keçirilən görüşündən sonra açıqlayıb.

IRNA agentliyinin məlumatına görə, İlham Əliyev İran rəsmiləri ilə görüşəcək, ikitərəfli münasibətlərin inkişafını hədəfləyən 11 əməkdaşlıq sazişi imzalayacaq. İkitərəfli görüşlər zamanı daha hansı məsələlərin müzakirəsi gözlənilir və regionun yeni geopolitik mənzərəsi fonunda münasibətlərin daha da yaxınlaşması hansı perspektivlər vəd edir? 

Politoloq Şahin Cəfərli bildirib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından yeni bir mərhələ ola bilər. Onun fikrincə, bu səfər həm İran ətrafında, həm də regionda yeni geosiyasi reallıqların yarandığı bir dövrə təsadüf edir və bu baxımdan da diqqəti cəlb edir: 

“Bu səfərin iqtisadi baxımdan daha çox önəm daşıyacağını düşünürəm. İrana qarşı sanksiyaların ləğv olunmasından sonra İran dövləti çox böyük infrastruktur layihələr həyata keçirəcək. Öz infrastrukturunu və neft-kimya sənayesini inkişaf etdirmək, yeni texnoloji vasitələri ölkəyə gətirmək istiqamətində İranın çox böyük planları var. Hesab edirəm ki, İranda həyata keçirələcək layihələrdə Azərbaycan da iştirak edəcək. Yəni Azərbaycan dövlətinin və Azərbaycan şirkətlərinin İrandakı o böyük layihələrdən pay ala biləcəyini düşünürəm. Bu məsələlərdə təbii ki, siyasi münasibətlərin istiləşməsinin də rolu ola bilər. Yəni siyasi danışıqlarda  Azərbaycan tərəfi bu il keçiriləcək tenderlərdə Azərbaycan şirkətlərinə müəyyən üstünlük verilməsi məsələsini qarşı tərəflə razılaşdıra bilər”.

Politoloqun sözlərinə görə, yalnız beynəlxalq standartlara uyğun xidmətlər təklif edən və İran tərəfini də buna inandıran şirkətlər bu layihələrdə yer ala bilər. 

“Xüsusən də Azərbaycan şirkətlərinin İranda həyata keçiriləcək layihələrdə yer alması Azərbaycan iqtisadiyyatının inkişafına da müəyyən müsbət təsirlər göstərə bilər”, — deyə Şahin Cəfərli qeyd edib. 

İlham Əliyev - Gəncə ziyarəti - Sputnik Azərbaycan
Azərbaycan prezidentinin İrana səfərinin tarixi məlum oldu

İran Azərbaycan məhsulları üçün yeni bazar rolunu oynaya bilər. Bunu isə “Sputnik”ə açıqlamasında iqtisadçı ekspert Elşən Bağırzadə deyib. 

Ekspertin fikrincə, iki ölkə arasında qarşlılıqlı ticarətin liberallaşdırılması ilə də bağlı razılıq əldə oluna bilər:

“Azərbaycanda daxili istehsalın genişləndirilməsi, ixrac potensialının artırılması istiqamətində zəruri tədbirlər görülür. Bu çərçivədə Azərbaycan hal-hazırda ciddi bazar axtarışındadır. İran isə qonşu dövlət və böyük bir bazardır. Hesab edirəm ki, əsasən bu istiqamətdə işlər görüləcək. İran əhalisi eyni zamanda Azərbaycan üçün turist axını baxımından da çox önəmlidir. Bildiyim qədər müzakirə olunacaq məsələlər arasında vizaların sadələşdirilməsi məsələsi də nəzərdə tutulub. Bu isə gələcəkdə ölkəmizə İrandan turist axınını sürətləndirə bilər. İki ölkə arasında qarşlılıqlı ticarətin xüsusən də sərhədyani ticarətin liberallaşdırılması ilə də bağlı razılıq əldə oluna bilər”.

Xatırladaq ki, prezident İlham Əliyev sonuncu dəfə İranda 2014-cü ilin aprelində olub. Sanksiyalar götürüldükdən sonra neftini dünya bazarına çıxaran İran regionda bir sıra iqtisadi layihələr həyata keçirməkdə maraqlı görünür. 

Xəbər lenti
0