13:44 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
US Congress

Ekspert: ABŞ-a qarşı layihə münasibətləri daha da gərginləşdirəcək

news.leavitt.com
AZƏRBAYCAN
Qısa URL
Amerikaya Azərbaycanın cavabı (8)
4701

Fəzail Ağamalı: Layihədəki qadağalar, məhdudiyyətlər tamamilə məntiqlidir və Azərbaycan dövlətinin maraqlarına xidmət edir.

BAKI, 24 dek — Sputnik. Deputat Rövşən Rzayevin Milli Məclisə təqdim etdiyi "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi ABŞ-da insan hüquqlarının və digər sahələri əhatə edən məsələlərin tam obyektiv mənzərəsini ortalığa qoyur. Bunu qanun layihəsini Sputnik-ə şərh edərkən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

"ABŞ-da erməni lobbisinin fəal iştirakı ilə antiazərbaycan təbliğatı geniş miqyas alıb. Hətta bizə bu yaxınlarda belə faktlar da bəlli oldu ki, ABŞ-ın indiki dövlət katibi Con Kerri 1990-cı ildə Qorbaçova məktub ünvanlayaraq Azərbaycana qan uddurulmasını təklif etmiş və qətiyyən şübhə etmirəm ki, Qorbaçovun 1990-cı ilin yanvar ayında SSRİ-nin silahlı qüvvələrinin Azərbaycana yeridilməsində həmin məktubun da özünəməxsus yeri və rolu olub." — deyə Fəzail Ağamalı bildirib.

Millət vəkili deyib ki, "digər tərəfdən, bədnam 1992-ci ildə qəbul edilmiş olan 907-ci düzəliş hələ də Azərbaycana tətbiq edilməkdədir". Bunun da müəlliflərindən biri yenə də Con Kerridir: "Bu yaxınlarda həm də bəlli olub ki, ABŞ-da və eyni zamanda, Avropa məkanında antiazərbaycan fəaliyyətinin qurulması və aparılması Con Kerrinin rəhbərliyi altında birbaşa onun ofisindən idarə olunur. Digər tərəfdən, uzun illərdən bəri ABŞ-ın Azərbaycana qarşı bütün səviyyələrdə həyata keçirdiyi ikili standartlar bitib tükənmək bilmir. İşğalçı Ermənistana qarşı hər hansı bir ciddi fikir söylənilmir. Ermənistana sanksiyaların tətbiqi ilə bağlı Azərbaycanın çağırışlarına cavab verilmir".

Fəzail Ağamalı deputat Rövşən Rzayevin ABŞ-ın addımlarına qarşı qanunvericilik təşəbbüsü ilə çıxış etməsini alqışladığını deyib. "Həmin qanun layihəsinin Milli Məclisin komitələrində müzakirə edilməsini təklif edirəm. Qanun layihəsində ABŞ-da bütün sahələrdə özünü göstərən neqativ hallar konkret faktlarla ifadə olunur. Xüsusilə ABŞ tərəfindən beynəlxalq hüquq və normaların pozulması kimi hallar layihədə əksini tapıb. ABŞ Konqresində erməni lobbisinin təsiri ilə antiazərbaycan xəttinə son qoyulmazsa, Rövşən Rzayevin təqdim etdiyi layihədə qadağalar, məhdudiyyətlər ABŞ-a tətbiq olunacaq. Düşünürəm ki, layihədəki qadağalar, məhdudiyyətlər tamamilə məntiqlidir və Azərbaycan dövlətinin maraqlarına xidmət edir" — F.Ağamalı əlavə edib.

Siyasi ekspert Qabil Hüseynlinin fikrincə, qanun layihəsinin hazırlanması məqsədəuyğun deyil: "Çünki, qanun layihəsinin müddəalarının həyata keçirilməsi çətin olacaq. Amma bunun hazırlanmasının müsbət tərəfi odur ki, Azərbaycan öz ehtiyatını qorumağa çalışır. Əgər qanun layihəsi qəbul olunarsa, iki ölkə arasında münasibətləri daha da gərginləşdirəcək. Bu qanunun vaxtının yetişdiyi qənaətində deyiləm".

"Azərbaycan Milli Məclisinin hər bir deputatının qanun layihəsini təqdimetmə hüququ var. Deputat Rövşən Rzayev də bu hüququndan istifadə edərək "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" adlı qanun layihəsi hazırlayıb". Bunu millət vəkili Səməd Seyidov deyib. Onun sözlərinə görə, hələ ki, Milli Məclisdə bu qanun layihəsi ilə bağlı müzakirələr aparılmayıb: "Rövşən Rzayevi başa düşürəm. Çünki son zamanlar müxtəlif qurumlar, ölkələr insan haqları adından istifadə edərək, onu əllərində alət edib dövlətə təzyiqlər edir. Burada açıq-aydın antiazərbaycan, erməni lobbisinin səylərini görürük. Misal üçün, bu yaxınlarda ABŞ konqresmeni Smitin təşəbbüsünü göstərə bilərik. Onun təqdim etdiyi layihənin müddəalarını oxusanız, görərsiniz ki, bu, böhtanlarla, iftiralarla zəngindir. Qanun layihəsi inanmıram ki, dəstək qazansın. Biz beynəlxalq təşkilatların insan haqlarından alət kimi istifadə etməsinin qəti əleyhinəyik. İnsan haqları ali bir dəyərdir. Buna Azərbaycanda xüsusi münasibət bəslənilir".

Azərbaycan Milli Məclisinə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim olunub. Qanun layihəsinin müəllifi Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayevdir. Rövşən Rzayev bu layihəni ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin Konqresə təqdim etdiyi "Azərbaycan Demokratiya aktı" adlı layihəyə alternativ olaraq hazırlayıb.

Dekabrın 21-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kris Smitin Konqresə Azərbaycana qarşı bəzi sanksiyaların tətbiqini nəzərdə tutan "Azərbaycan Demokratiya aktı" adlı layihəni təqdim etməsinə münasibət bildirərkən deyib: "ABŞ ilə münasibətlərin inkişafında maraqlıyıq, ayrı-ayrı çağırışların ikitərəfli münasibətlərə xələl gətirməsinə imkan vermirik. Amma təbii ki, ABŞ rəsmi şəkildə bu qərəzli layihəyə dəstək verərsə, ermənipərəst qüvvələrin "oyunu"na gedərsə, o zaman Azərbaycan hakimiyyəti buna lazımi reaksiya verəcək. Buna heç kəsin şübhəsi olmasın".

 

Mövzu:
Amerikaya Azərbaycanın cavabı (8)
Teqlər:
John Carry, Con Kerri, Vaşinqton, ABŞ, Ermənistan, Chris Smith, Kris Smit, ABŞ Konqresi, Milli Məclis, Rövşən Rzayev, Əli Həsənov, Qabil Hüseynli, Səməd Seyidov, Fəzail Ağamalı

Əsas mövzular