BAKI, 28 sent — Sputnik. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin (MK) iclası keçirilib və iclasın gündəliyində quruma sədr müavini vəzifəsinə seçkilər keçirilib.
Sputnik APA-ya istinadən xəbər verir ki, seçkilərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yektilliklə komitənin sədr müavini vəzifəsinə seçilib.
Səməd Seyidov APA-ya açıqlamasında bunun Azərbaycana verilən etimadın göstəricisi olduğunu deyib: "Mən bu posta Avropa Mühafizəkarları Fraksiyasının dəstəyi ilə təklif olundum. Eyni zamanda, bu mənim Monitorinq Komitəsində uzun illər gördüyüm işlərin nəticəsidir. Bildiyiniz kimi, Serbiya üzrə məruzəçiyəm, 15 ildir MK-də fəaliyyət göstərirəm. Fikrimcə, bu, Azərbaycana göstərilən etimadın göstəricisidir. Xüsusilə MK, çünkü Avropa ölkələrində seçkiləri müşahidə etmək AŞPA-nın öhdəliklərindən biridir".