07:27 24 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Роберт Секута

Robert Sekuta: Azərbaycan dini tolerantlığın canlı nümunəsidir

© AZƏRTAC
AZƏRBAYCAN
Qısa URL
901

ABŞ səfiri: 11 sentyabr hücumundan sonra Azərbaycan Birləşmiş Ştatlara dəstək verən ilk dövlətlər sırasında olub.

BAKI, 11 sen — Sputnik. 2001-ci ilin 11 sentyabr hücumundan sonra Azərbaycan Birləşmiş Ştatlara dəstək verən ilk dövlətlər sırasında olub.

Sputnik-in məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta 11 sentyabr hadisələrinin 15-cü ildönümü ilə bağlı bəyanatında deyib. O bildirib ki, 15 il əvvəl müxtəlif dinləri təmsil edən günahsız insanlar gündəlik işləri ilə məşğul olduğu zaman və ya digərlərinin həyatını xilas edərkən həlak olub: “Həmin gün verdiyimiz itkiləri xatırladığımız vaxtda biz onu da anlayırıq ki, bu kimi faciələrin gələcəkdə baş verməməsi üçün addımlar atılmalıdır. Vaxt keçdikcə belə hücumların qarşısının alınmasına dair anlayışımız inkişaf edib və təhlükəsizliyin artırılması, məlumatların paylaşılması, ekstremist ideologiyalara qarşı mübarizə kimi fəaliyyətləri özündə əks etdirib. Biz başa düşürük ki, sözügedən təhlükələrə qarşı yeganə bir həll yolu yoxdur və heç bir dövlət bu təhlükələrin öhdəsindən tək gələ bilməz. Həmin günün dəhşətini gördüyümüz vaxtda biz həmçinin dünyanın müxtəlif yerlərindən göstərilən dəstəyin və həmrəyliyin şahidi olduq. 2001-ci ilin 11 sentyabr hücumundan sonra Azərbaycan Birləşmiş Ştatlara dəstək verən ilk dövlətlər sırasında olub. Azərbaycanlıların qurbanların xatirəsini anmaq üçün şam yandırdıqlarını və başsağlığı vermələrini xatırlayırıq. Amerikalılar bu dəstəyi indi də dəyərləndirir. O vaxtdan bəri Azərbaycanın göstərdiyi dəstək artıb".

R. Sekuta bildirib ki, Azərbaycan Əfqanıstanda ekstremizmə qarşı aparılan mübarizədə ABŞ-ın  və NATO-nun tərəfdaşı olub: "Azərbaycanın sülhməramlı qoşunları ABŞ-ın və NATO-nun hərbçiləri ilə çiyin-çiyinə duraraq əfqan xalqına sülh və demokratiyanı inkişaf etdirmək imkanı veriblər. Azərbaycan həmçinin NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatların maddi-texniki təchizatı üçün nəqliyyatın fəaliyyətini təmin edib. Azərbaycan ekstremist təşkilatların maliyyələşdirilməsinin qarşısının alınmasında ABŞ-la sıx əməkdaşlıq edib. Birləşmiş Ştatlar isə Azərbaycan hökumətinə sərhədlərinin daha yaxşı qorunması və ekstremist yönümlü şəxslərin tranzitinin azalması üçün yardımçı olub".

Səfirin sözlərinə görə, çox vacib amil də ondan ibarətdir ki, dünyəvi dövlət olan Azərbaycan digər dövlətlər üçün dini tolerantlığın canlı nümunəsidir: "Azərbaycanda mövcud olan dini tolerantlığı nəzərdən keçirəndə ümid etməyə başlayırıq ki, bir gün dini zəmində olan zorakılıq keçmişdə qalacaq. Lakin bunu əldə etmək üçün hər tərəfin səyi tələb olunur. Biz bilirik ki, ümidlə yaşayan, firavan və müzakirəyə açıq olan cəmiyyətlər ekstremizmə və nifrət ideologiyasına qarşı mübarizə apara bilər. Məhz bu səbəbdən biz Azərbaycanın iqtisadi diversifikasiya, korrupsiyaya qarşı mübarizə və hökumətin insanlar qarşısında cavabdehliyinin artırılması kimi məqsədlərini dəstəkləyirik. Biz Azərbaycanla sözügedən məqsədlərin əldə olunması üçün tərəfdaşlığımıza sadiqik. Düşünürük ki, bu yolla istənilən ekstremist ideologiyasından azad olan Azərbaycan sabit və firavan gələcəyini təmin edə bilər”. 

Teqlər:
ABŞ-ın Azərbaycandakı səfiri, 11 sentyabr hadisələrinin 15-cü ildönümü, 11 sentyabr hadisələri, Robert Sekuta, ABŞ, Azərbaycan

Əsas mövzular