11:10 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
18611

Deputatlar hərbi əməliyyatlara başlamağın əsl vaxtı olduğunu və müharibəyə getməyə hazır olduqlarını bildiriblər.

BAKI, 6 avq-Sputnik. Müdafiə naziri Zakir Həsənov düşmənlə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən növbəti görüşündə ciddi bəyanatla çıxış edərək, artıq torpaqlarımızı  işğaldan azad etmək üçün məqamın yetişdiyini bəyan edib. Nazir deyib ki, artıq məqam yetişib: “Səbri tükənən xalqımız, öz doğma yurdlarından didərgin salınmış insanlarımız da bizdən hərəkətə keçib, ömür boyu Azərbaycana qarşı düşmənçilik mövqeyində olan işğalçıları torpaqlarımızdan çıxarmağı tələb edir. Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarlar da haqq və ədalətin bizim tərəfimizdə olduğunu sübut edir. Xalqımız onu da bilməlidir ki, döyüş ruhlu Azərbaycan əsgəri ölkəmizi Şuşasız, Laçınsız, digər işğal olunmuş şəhər və kəndlərsiz təsəvvür etmir. SQ-nın bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazırdır və qadirdir. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcəkdir. Buna heç kimin şübhəsi olmamalıdır”.

Bir əsgər kimi döyüşə hazıram!

Müdafiə nazirinin bu bəyantı ilə bağlı Sputnik-ə mövqeyini açıqlayan millət vəkili Çingiz Qənizadə deyib ki müdafiə nazirinin ordunun ruh yüksəkliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyi barədə bəyanatını təkcə deputat kimi deyil, həm də ölkənin bir vətəndaşı kimi dəstəkləyir: “Əgər Ali Baş Komandan torpaqlarımızın  işğaldan azad edilməsi üçün əmr verərsə, mən bir əsgər kimi döyüşə hazıram. Bundan əlavə, beynəlxalq hüquq  da Azərbaycanın tərəfindədir. Necə ki, bu gün Türkiyə ərazisində terror aktları törədən qüvvələrə qarşı antiterror əməliyyatı həyata keçirir, Azərbaycan da bu presidentdən istifadə edib öz torpaqlarını erməni separatçı və terroroçularından azad etmək üçün antiterror əməliyyatlarına başlaya bilər. Buna beynəlxalq hüquq imkan verir.”

Çingiz Qənizadə
azxeber.com
Çingiz Qənizadə

Qənizadə onu da əlavə edib ki, müdafiə naziri bu bəyanatı ilə milyonlarla insanın ürəyindən keçəni dilə gətirib. Xalq öz torpaqlarını Şuşasız, Laçınsız, ümumiyyətlə Qarabağsız təsəvvür etmir: “Həqiqətən də xalqın səbri artıq tükənib və səbrsizliklə Ali Baş Komandanın torpaqlarımızın azad olunması ilə bağlı əmrini gözləyir. Belə bir əmr olarsa, mən və mənim kimi xeyli sayda millət vəkili də əlinə silah alıb bir əsgər kimi torpaqlarımızı azad etməyə hazırıq. Əgər Ermənistan tərəfi sülh yolu ilə torpaqları azad etmək istəməyib, münaqişənin həlli üçün başqa alternativ qoymursa,  Azərbaycanın antiterror əməliyyatlarını başlamaqdan başqa yolu qalmır. ”

Azərbaycan antiterror əməliyyatı keçirmək üçün tam hüquqa malikdir

Deputat Rövşən Rzayev də Zakir Həsənovun sözügedən bəyanatını dəstələdiyini deyib: “Əgər belə bəyanatlar səslənirsə, deməli, Azərbaycan bu addımı atmağa  hazırdır. Bu gün Ali Baş Komandan belə bir əmr versə, təbii olaraq, Silahlı Qüvvələrimiz ərazi bütövlüyümüzü  təmin etmək üçün ölkə ərazisində antiterror əməliyyatı keçirmək üçün tam hüquqa malikdir. Bu, əməliyyatı həyata keçrimək üçün Azərbaycanın  kifayət qədər qüvvəsi və imkanı var.”

Rzayev onu da deyib ki, Ali Baş Komandan torpaqların terrorçu və separatçılardan təmizləməsi barədə qərar versə, xalq onu dəstəkləyəcək. “Düzdür, biz hələ də bu problemin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə həllinə ümid edirik. Bu olmazsa, başqa yolumuz qalmır və mən də ərazilərimizin bütövlüyü uğrunda gedən mübarizənin ön cərgəsində olacağam” — deyə Rzayev bildirib.

Hərbi əməliyyatları başlamaq üçün əsl məqamdır

Deputat Elman Məmmədov bildirib ki, nazirin bu bəyanatı çox yerində olan bəyanatdır və həqiqətən də vaxt çoxdan çatıb. “Uzun illərdir Azərbaycan sülh danışıqları aparır və bu danışıqlar nəticə verməyib. Əslində Azərbaycan hərbi əməliyyatlara başlamağa qərar verməklə danışıqlardan imtina etmir. Azərbaycan danışıqları davam etdirməklə yanaşı, qeyri-qanunu hərbi birləşmələrə, terrorçu qüvvələrə qarşı əməliyyataları həyata keçirməlidir. Hesab edirəm ki, bu cür əməliyyatların həyata keçirilməsi danışıqlar prosesində effektiv nəticə verə bilər və danışıqlarda  irəliləyiş ola bilər. Yəni düşmən tərəfi Azərbaycanın gücünü görməklə danışıqlarda konstruktiv mövqe sərgiləyəcək. Əks təqdirdə, nəticəsiz danışıqların davam etdirilməsinin nə mənası var ki?” — deyə Məmmədov vurğulayıb.

Deputat hesab edir ki, danışıqlar prosesində irəliləyişə nail olmaq, cinayətkar qeyri-qanuni silahlı birləşmələri tərksilah etmək, torpaqlarımızı terrorçulardan təmizləmək və ərazi bütövlüyümüzü təmin etmək üçün antiterror əməliyyatlarını keçirməliyik: “Necə ki, beynəlxalq təcrübədə bu var və bu təcrübə bu gün də digər ölkələrdə tətbiq edilir, biz də bu təcrübəyə əsaslanıb antiterror əməliyyatlarını həyata keçirməliyik. Düşmən bizim gücümüzü görməsə, konstruktiv yola gəlməyəcək. Əgər düşmən görsə ki, Azərbaycanın gücü var və o lazım gəlcə İrəvanı belə tuta bilər, onda sülhə gələcək. Ona görə də, mən Zakir Həsənovun bəyanatını dəstəkləyirim və hərbi əməliyyatlara başlamaq üçün əsl məqamın olduğu qənaətindəyəm.”

Teqlər:
antiterror əməliyyatı, Qarabağ münaqişəsi, Azərbaycan SQ, SQ, Silahlı Qüvvələr, Müdafiə naziri Zakir Həsənov, Zakir Həsənov, Çingiz Qənizadə, Azərbaycan

Əsas mövzular