10:26 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
AZƏRBAYCAN

Ruhani: Azərbaycan-İran əlaqələrinin inkişafına geniş imkan var

AZƏRBAYCAN
Qısa URL
9210

Şahin Mustafayev: İran neft və qazını Avropa bazarlarına ixrac etmək üçün Azərbaycanın infrastrukturundan istifadə edə bilər.

BAKI, 5 avq-Sputnik. Azərbaycan və İran enerji sektoruna qarşılıqlı sərmayə qoyuluşu məsələsində ümumi razılığa gəliblər və qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı işçi qrupun yaradılmasını qərara alıblar.

Sputnik İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, nazir Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub.

Səfər çərçivəsində İranın neft naziri Bijan Namdar Zəngənə ilə keçirilən görüşdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan dünya əhəmiyyətli iri neft-qaz layihələri barədə geniş məlumat verib, bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşdə neft-qaz sahəsində fəaliyyət göstərən Azərbaycan və İran şirkətlərinin ölkəmizdə və İranda işləməyə maraq göstərdiyi qeyd edilib, təbii qaz mübadiləsi və yeraltı qaz anbarlarından istifadə imkanları, neft-qaz maşınqayırması və neft-qaz avadanlığının birgə istehsalı sahələrində əməkdaşlıq və s. məsələlərə dair fikir mübadiləsi aparılıb. Nazir bildirib ki, İran neft və qazını Avropa bazarlarına ixrac etmək üçün Azərbaycanın infrastrukturundan istifadə edə bilər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Teyyibniya ilə də görüşüb. Görüşdə iqtisadi-ticarət, maliyyə, bankçılıq, sığorta, investisiya qoyuluşu sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib, qarşılıqlı investisiya qoyuluşunun həyata keçirilməsinə dair işçi qrupunun yaradılması qərara alınıb.

İranın nəqliyyat və şəhərsalma naziri Abbas Əhməd Axondi ilə keçirilən görüşdə nazir Şahin Mustafayev ölkəmizdə beynəlxalq səviyyəli nəqliyyat infrastrukturunun yaradılması sahəsində əldə edilmiş uğurlardan danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları barədə məlumat verib. Görüşdə Şimal-Cənub dəmiryolu layihəsinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb, bu sahədə müvafiq işçi qrupunun yaradılması barədə razılıq əldə edilib.

İran prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edərək ölkələrimiz arasında tarixi dostluq münasibətlərini vurğulayıb, siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, İranın Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini qeyd edib. Azərbaycan və İran arasında əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu bildirən Həsən Ruhani nəqliyyat, enerji, investisiya qoyuluşu sahəsində əməkdaşlığın daha da genişlənməsinə dair fikirlərini bölüşüb.

 

Teqlər:
İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat Xidməti, Azərbaycan İran əlaqələri, Azərbaycan-İran əlaqələri, Azərbaycan-İran, İqtisadiyyat və Sənaye Nazirliyi, Bijan Namdar Zəngənə, Şahin Mustafayev, Həsən Ruhani, İran İslam Respublikasının prezidenti Həsən Ruhani, İran İslam Respublikası, İran, Azərbaycan

Əsas mövzular