BAKI, 3 avqust – Sputnik. İran parlamentinin altı nəfərlik nümayəndə heyəti bu gün ölkəmizdə qısamüddətli səfərdə olacaqlar.
Bunu Sputnik-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. Onun sözlərinə görə, rəsmilər paytaxta bu gün günorta saatlarında gələcəklər və axşam geriyə qayıdacaqlar. Səfər zamanı iranlı nümayəndə heyəti azərbaycanlı parlamentarilər, xüsusən komitə sədrləri Eldar İbrahimov, Hadi Rəcəbli və Azərbaycan-İran parlamentlərarası dostluq qrupun üzvləri ilə görüşəcəklər. Görüşdə iki ölkə arasındakı dostluq əlaqələrinin inkişafı və bu əlaqələrdə parlamentlərin rolu müzakirə ediləcək. O cümlədən, son dövrlərdə bölgədə yaranmış vəziyyət, İranla altılıq ölkələri arasındakı razılaşmadan sonrakı durum müzakirə olunacaq.