10:14 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Nizami Cəfərov

Deputat: Milli Məclislə mətbuat bir-birini anlamalıdır

© Foto: REPORT
AZƏRBAYCAN
Qısa URL
311

Milli Məclis və Mətbuat Şurası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

BAKI, 15 iyul-Sputnik. Milli Məclis və Mətbuat Şurası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sputnik xəbər verir ki, tədbirdə çıxış edən parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, parlamentin fəaliyyətinin daha geniş şəkildə işıqlandırılması, qanun yaradıcılığının və qəbul olunan qərarlar barədə ictimaiyyətə ətraflı məlumat ötürmək vacib əhəmiyyət kəsb edir və bu işdə də jurnalistlərin əməyi danılmazdır.

Komitə sədrinin sözlərinə görə, Milli Məclislə mətbuat arasındakı münasibətlər hər zaman daha yaxşı olmalıdır: "Açıq deyə bilərəm ki, parlament mətbuatdan narazı deyil. Ancaq hərdən narazılıqlar da olur. Bu da informasiyanın dəqiq çatdırılmamasında, bəzən deyilən fikrin, sözün ictimaiyyətə yanlış verilməsində özünü büruzə verir”. 

Cəfərov həmçinin deyib: “Parlament də mətbuat qədər demokratik qurumdur. Ona görə də demokratik fikir mübadilələrində bir-birini yaxından anlamaq çox vacib şərtdir. Bundan başqa, deputatlar bəzi vaxtlar giley-güzar edirlər ki, Milli Məclisin gördüyü işlər, qaldırdığı məsələlər, qəbul etdiyi qanunların həyata keçirilməsi kimi məsələlərlə bağlı analitik yazılar azdır və bu istiqamətdə yazıların sayı artırılmalıdır.”

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə öz növbəsində bildirib ki, milli mətbuatın bayramı tək medianın deyil, eləcə də bütün Azərbaycan xalqının bayramıdır:  “Əkinçi” qəzeti xalqın inkişafında mühüm rol oynayıb. Çünki o zamana kimi görülməyən bir çox məsələlər gündəmə gətirilib. Bu gün nələrə nail olmuşuqsa, hamısını mətbuata borcluyuq”. 

O qeyd edib ki, demokratik cəmiyyətdə medianın əhəmiyyətini əsas götürməklə, Milli Məclislə Mətbuat Şurası arasında sıx əməkdaşlıq gələcək üçün böyük fayda verəcək.

Memorandumun imzalanmasında əsas məqsəd Milli Məclisin fəaliyyəti barədə ictimaiyyətə geniş məlumat verilməsi və bu sahədə müvafiq maarifləndirmə işlərinin aparılması, parlamentdə qanun və qərarların qəbulu prosesində Mətbuat Şurasının (və ya kütləvi informasiya vasitələrinin) təmsilçilərinin iştirakının təmin edilməsi, Azərbaycanın parlamentarizm ənənələrinin mediada təbliği məqsədi ilə jurnalistlər arasında yaradıcılıq müsabiqələrinin təşkili, Milli Məclisin beynəlxalq fəaliyyətinin işıqlandırılması və bu sahədə qabaqcıl təcrübənin öyrənilməsidir.


Teqlər:
Mətbuat Şurası, Milli Məclis, Nizami Cəfərov, Azərbaycan

Əsas mövzular