02:02 18 Oktyabr 2017
Canlı yayım
Qəbələ futbol klubu

"Qəbələ" klubunu ciddi cəza gözləyir

Azerifootbol
AZƏRBAYCAN
Qısa URL
4011

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib ki, qəbələli azarkeşlərin "Dinamo" azarkeşlərinin hərəkətlərinə adekvat cavabı UEFA tərəfindən cəzalandırılacaq.

BAKI, 10 iyul — Sputnik. “Dinamo” ilə Tiflisdəki oyunda baş verən hadisələrlə bağlı UEFA-ya rəsmi şikayət etməmişdik. Amma stadiondakı pankartı görəndə yerindəcə klub rəsmilərimiz UEFA nümayəndəsinə yaxınlaşıb, onun yığışdırılması ilə bağlı müraciət etmişdi. Dərhal da istəyimiz yerinə yetirilmişdi”.

Sputnik-in məlumatına görə, bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

Avropa Liqasının I təsnifat mərhələsində ilk görüşdə Tiflis “Dinamo”suna uduzan “Qəbələ” cavab matçında bu məğlubiyyətin əvəzini çıxaraq, adını növbəti mərhələyə yazdırıb. Futbolçular kimi, “Qəbələ” azarkeşləri də ilk görüşdə üzləşdikləri hərəkəti cavabsız qoymayıblar.

Belə ki, Tiflisdəki matçda “Dinamo”nun bir qrup azarkeşi “Qəbələ” fanatlarını döyərək, Azərbaycanın və klubun bayrağını tapdalayaraq, təhqir etmişdilər. Bundan əlavə, onlar stadionda Azərbaycan əleyhinə şüarlar açmışdılar.

Cavab görüşündə isə qəbələli azarkeşlər pankartlar qaldırıblar.

Baş vermiş hadisələrlə bağlı münasibət bildirən Fariz Nəcəfov əvvəlcə Gürcüstandakı qarşılaşmaya toxunub: “Bizim əsas məqsədimiz futbol oynamaq, mərhələ keçmək idi. Biz belə hadisələrin baş verməsinin tərəfdarı deyilik. Gürcüstanla qonşuyuq, münasibətlərimiz qədim tarixə söykənir. Bu münasibətləri inkişaf etdirmək əvəzinə, 5-6 nəfər sifəti gizlədilmiş, tanınmayan, arxasında kimlərin dayandığı bilinməyən şəxslər təxribat törətdi”.

Bununla belə, Nəcəfov Gürcüstanda üzlədikləri neqativ hadisənin onlar üçün sürpriz olmadığını bildirib: “Əslində gürcü azarkeşlərin o cür hərəkət etməsi bizim üçün sürpriz olmadı. Elə bir hadisə ilk dəfə 1 il əvvəl “Neftçi”nin “Çixura” ilə oyununda olmuşdu. İkincisi də, Azərbaycan bu gün həm ictimai, həm siyasi, həm də idman tədbirlərinin keçirildiyi məkana çevrilib. Bunu gözü götürməyənlər çoxdur. Odur ki, belə tədbirlərdə hansısa təxribatçı hərəkətlərin olması gözləniləndi. Amma mənə elə gəlir ki, bu məsələni çox şişirtmək lazım deyil. Gürcüstan klubları ilə əlaqələrimiz həmişə yaxşı olub, bundan sonra da elə olmalıdı”.

Klub rəsmisi “Qəbələ” azarkeşlərinin adekvat cavabı ilə bağlı da danışıb. O, pankartların açılması ilə razı olmadığını bildirib: “Biz çox ciddi tapşırıq vermişdik ki, meydançaya təxribat xarakteri daşıyan yazılar, pankartlar buraxılmasın. O pankartların nə cür, hansı şəkildə stadiona keçirilməsindən klub rəsmisi olaraq, mənim xəbərim yoxdu. Biz əlimizdən gələni etdik ki, bunlara yol verilməsin. Ümumiyyətlə, nə olmasından asılı olmayaraq, bayrağın yandırılmasını çox pis qarşılayıram. Belə şeylər gərək baş verməsin. Necə ki biz başqalarından atributlarımıza hörmət gözləyirik, gərək özümüz də bu qaydaya əməl edək. Pankartla bağlı baş verənlər isə azarkeşlərin Gürcüstanda olmuş hadisələrə cavabları idi. Bu, azarkeş prizmasından baxanda hardasa başa düşüləndir. Hansı ki, biz oyunda belə halların baş verməsinə qarşıyıq və bunu xoş qarşılamırıq".

Nəcəfov “Qəbələ”də baş verənlərlə bağlı klubun UEFA tərəfindən cərimələnəcəyinin gözlənildiyini bildirib: “Bununla bağlı “Dinamo” klubu UEFA-ya şikayət etməyib. Birincisi, buna ehtiyac yoxdu. Çünki UEFA nümayəndələri meydançada idilər, pankartları da maddi sübut kimi özləri ilə götürüblər. Bayrağın yandırılması ilə bağlı şəkillər çəkilib, UEFA hamısını görüb. Yəqin ki, bununla bağlı bizi hansısa cəza gözləyir. Necə ki, “Dinamo”nu 20 min avro cərimə etmişdilər. Amma “Dinamo” tərəfi bununla bağlı UEFA-ya yazılı şəkildə şikayət etməyib. Sadəcə, klub rəsmilərindən biri şikayət etmək fikirlərinin olduğunu deyib. Biz onlara məktub yazmışıq, cavabını gözləyirik. “Dinamo” rəhbərliyinə çatdırmaq istəyirik ki, klub olaraq, bizim bu məsələdə günahımız yoxdu”.

“Qəbələ”nin vitse-prezidenti fürsətdən istifadə edərək, azarkeşlərə səslənib: “Burada mətbuatın da üzərinə iş düşür. Azarkeşlərimiz də bilsinlər ki, bu cür hallara o cür cavab vermək olmaz. Bu, iki dövlət arasında olan münasibətlərə pis təsir göstərir. Bundan əlavə, klubumuzun imicinə böyük zərbə vurur. İndi bizi çox ciddi cəza gözləyir. Hətta növbəti oyunu azarkeşsiz keçirmək cəzası da tətbiq oluna bilər. Biz futbolu azarkeşlər üçün oynayırıq. Onların bu cür hərəkəti isə həm klubumuza, həm də özlərinə zərər vurur. Sırf idman prinsipləri çərçivəsində azarkeşlik etmək lazımdı”.


Teqlər:
"Qəbələ" klubunu ciddi cəza gözləyir, cavab matçı, "Dinamo"nun bir qrup azarkeşi, neqativ hadisə, təxribatçı hərəkətlər, gürcüstan klubları, qarşılaşma, stadion, qədim tarixə söykənir, gürcü azarkeşlərin hərəkəti, bizim üçün sürpriz olmadı, Azərbaycan əleyhinə şüarlar, futbol oynamaq, qəbələli azarkeşlər, Futbol oyunu, Çixura, Neftçi, Qəbələ, Dinamo, Sputnik, "Qəbələ" klubunun vitse-prezidenti, Fariz Nəcəfov, Azərbaycan, Gürcüstan, Qəbələ, Tiflis

Əsas mövzular