22:14 12 Dekabr 2017
Canlı yayım
Sülhəddin Əkbər

Azərbaycan geopolitik mövqeyini konkretləşdirməlidir

ADP
AZƏRBAYCAN
Qısa URL
1001

ADP sədri Sülhəddin Əkbərin fikrincə, Azərbaycanın həm Qərb, həm də Rusiyayönümlü siyasəti ona qarşı inamsızlıq yaradır

BAKI, 31 may — Sputnik. “Azərbaycan geopolitik və geostrateji qarşıdurma xəttində yerləşdiyindən ölkəmizə qarşı təzyiqlər artacaq.”  Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər Sputnik.az-a müsahibəsində deyib ki, hazırda geosiyasi qarşıdurma xətti Baltik, Qara dəniz və Xəzər dənizindən, geostrateji qarşıdurma xətti isə GUAM ölkələrindən keçir. “Hər iki halda Azərbaycan bu qarşıdurma xəttinin üzərindən keçdiyindən bütün proseslər  hiss olunmaqdadır və getdikcə qarşıdurma daha da dərinləşəcək. Məhz Ukrayna böhranından sonra Azərbaycan və Ermənistan hərbçilərinin təmas xəttindəki atəşkəsin pozulmasının mütəmadi hal alması, gərginliyin  yaranması təsadüfi deyil. Elə bunu adıçəkilən qarşıdurmanın yan konturları hesab etmək olar.” – deyən S. Əkbərin fikrincə, ABŞ Rusiya ilə qarşıdurmadan qalib çıxmaq üçün ilin əvvəlində öz milli təhlükəsizlik konsepsiyasını dəyişmək zorunda qaldı: “ABŞ-la yanaşı NATO və Avropa Birliyi də öz təhlükəsizlik strategiyalarına  yeniliklər etməli oldu. Bu dəyişikliklərin əsas prioriteti  Rusyadan gözlənilən təhlükə və təhdilərin qarşısını almaq, yəni Rusiyanı durdurmaq məqsədi daşıyır. Ona görə də bu plan “Rusiyanı durdurmaq” planı adlanır.”

ADP sədri hesab edir ki, yeni strategiyada digər məqsəd əsasən GUAM üzvü olan Ukrayna, Moldova və Gürcüstana hərtərəfli siyasi, iqtisadi və hərbi yardımlar etməkdən ibarətdir. “Bu ölkələrin ordusunun NATO standartları səviyyəsində təşkil edilməsi və onların döyüş qabliyyətinin artırılmasına xüsusi önəm verilir. NATO-nun Gürcüstanda hərbi təlim bazasının yaradılması, ağır hərbi texnikanın iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsi, Qara dənizdən bizim qonşuluğumuzda yeni hərbi xəttin açılması Rusiya tərəfindən etirazla qarşılanır və rəsmi Moskva bunu həzm edə bilmir. Vəziyyət getdikcə gərginləşir və qarşıdurma tərəfləri Azərbaycandan ortaya konkret mövqe qoymağı tələb edirlər: Aydınlaşdır ki, kiminləsən?!” – deyən S.Əkbər hesab edir ki, hər iki geopolitik gücun döyüş nöqtəsində yerləşən, MDB, GUAM və Avropa Birliyinin “Şərq tərəfdaşlığı” layihəsinin üzvü olan Azərbaycan öz strateji seçimini hələ də etməyib: “Bu seçimin edilməməsi isə müəyyən dövrədək siyasi hakimiyyətə manevr etmək imkanı yaratsa da, qarşıdurmanın kəskinləşdiyi bir dövrdə bizim maraqlarımıza xidmət etmir, əksinə, ziyanımıza işləyir. Digər tərəfdən, seçimin edilməməsi etibarsızlıq mühiti yaradır. Yəni tərəflər artıq Azərbaycana o qədər də inanmırlar. Nəticədə Azərbaycana təzyiqlər artmağa başlayır və bu getdikcə daha da artacaq. Ölkəmiz ətrafında vəziyyət mürəkkəbləşəcək. Odur ki, seçim etməyin vaxtı çatıb. Hesab edirəm ki, artıq Azərbaycanın öz Milli Təhlükəsizlik Konsepsiyasında olduğu kimi Avroatlantik məkana inteqrasiya ilə bağlı qərarını sürətləndirməli, sözdən əməli fəaliyyətə keçməlidir. Bundan əlavə, ölkədə milli birliyə nail olmaq üçün siyasi, iqtisadi, demokratiya sahəsində islahatlar prosesini sürətləndirməli, ordu quruculuğuna diqqəti artırmalıdır. Xarici siyasətlə daxili siyasət vəhdət təşkil etməli və bir-birini tamamlamalıdır. Əks təqdirdə bizi ciddi təhdidlər gözləyir”.

S.Əkbərin fikrincə, bu gün Yaxın Şərqi, dünyanın müxtəlif ölkələrini bürüyən terror aktları bizdən də yan keçməyəcək. Qlobal güclərin Azərbaycana qarşı həmin metodlardan istifadə edəcəyi istisna deyil və bu real təhlikədir.

“Azərbaycan Türkiyə ilə hərbi müttəfiqlik sahəsindəki əməkdaşlığını real səviyyəyə qaldırmalı və gözlənilən təhlükələr zamanı bir-birinin hərbi yardımından istifadə etmək imkanına malik olmalıdır. Bunlar imzalanmış sənədlərdə konkret olaraq əksini tapmalıdır.” – deyə S.Əkbər fikrini tamamlayıb.


Əsas mövzular