19:29 26 İyun 2017
Canlı yayım
AZƏRBAYCAN

Azərbaycan Demokratik Respublikasının yaranmasından 97 il ötür

AZƏRBAYCAN
Qısa URL
12520

Azərbaycan Demokratik Respublikası 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

BAKI, 28 may — Sputnik. Azərbaycan Demokratik Respublikası 27 may 1918-ci ildə Tiflis şəhərində Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.

Ermənistana güzəşt edilən İrəvan quberniyasının (29 may 1918-ci ildə güzəşt edilmişdir) ərazisi 8913,17 km² (ərazisi – Yeni-Bəyazid qəzası, İrəvan qəzasının 3/5-i, Eçmiədzin qəzasının ¼-i, Aleksandropol qəzasının ¼-i daxil idi  ; əhalisi 321 min nəfər olmuşdur ki, bunun da erməni, 80 min azər-türkü, 5 min yezidi kürd və 6 min digər millətlər) təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilənin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular.

30 may 1918 – Azərbaycan Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi.

Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında Bolşevik Bakı Soveti və Daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün, Azərbaycan höküməti müvəqqəti olaraq Gəncə şəhərində yerləşib.

1918-ci il sentyabrın 15-də baş verən ağır döyüşlərdən sonra, Azərbaycan Demokratik Respublikasının milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusunun hissələri Bakını bolşevik, erməni-daşnak və ingilis hərbi dəstələrindən azad etmışdir və müstəqil Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan parlamenti öz işinə başladı. Parlamentin iclaslarında heç bir dini ayin (dua oxunması və s.) icra edilmədi. Bütün dinlərdən olan deputatlar bərabər hüquqlu nümayəndə səlahiyyətinə malik idilər. Dinə münasibətindən asılı olmayaraq bütün vətəndaşlar Azərbaycan Demokratik Respublikasının bərabər hüquqlu əhalisini təmsil edirdilər. Milli mənlik duyğusunun güclənməsi ilə başlanan dirçəliş ümummilli vicdanı oyatmaya bilməzdi.

Göründüyü kimi, Azərbaycan Demokratik Respublikasının Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu tale yüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tuturdu.

Azərbaycan Demokratik Respublikası hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun bu problemə ən demokratik mövqeyi aydın idi. Azərbaycan Demokratik Respublikasının uğurları və faciələri, tarixi dərsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi bu günümüz üçün çox maraqlıdır.

27 aprel 1920 – Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi – Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşıb və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edilib. Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç birini saya salmadı.

Bundan sonra Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı.

  • ADR
    ADR
  • ADR
    ADR
    © AZƏRTAC
  • ADR
    ADR
    © AZƏRTAC
  • История Баку - 28 мая архивные фотографии Ризван Гусейнов
    История Баку - 28 мая архивные фотографии Ризван Гусейнов
    Личный архив Ризвана Гусейнова
1 / 4
ADR
Teqlər:
yeni ərazilər, bolşeviklər, ermənilər, Azərbaycan Milli Şurası, Azərbaycan Demokratik Respublikası, Məhəmməd Əmin Rəsulzadə, Nuru Paşa, Stepan Şaumyan, Tokio, Sofiya, Vyana, İrəvan, Roma, Zəngəzur, İstanbul, Naxçıvan, Dağlıq Qarabağ, London, Vaşinqton

Əsas mövzular