BAKI, 15 yanvar — Sputnik. Rusiya səfiri Sergey Kopırkin yanvarın 15-də Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
Ermənistan XİN-dən bildirilib ki, buna səbəb Ümumrusiya dövlət televiziyasında yayımlanan “Vesti nedeli” ("Həftənin xəbərləri") proqramı olub.
Ermənistan hakimiyyətinin bildirdiyinə görə, proqramlardan birində Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş süni şəkildə yaradılmış əhvalatlar yer alıb.
Qeyd edək ki, yanvarın 12-də “Rossiya seqodnya” agentliyinin baş direktoru və “Vesti nedeli” verilişinin aparıcısı Dmitri Kiselyovun proqramında Ermənistan-Azərbaycan münasibətləri, regional kommunikasiyaların açılması və Ermənistan hökumətinin Aİ-yə üzvlük prosesini dəstəkləmək qərarına dair mövzular yer alıb. Kiselyov Bakı ilə İrəvan arasında Zəngəzur dəhlizi ilə bağlı mübahisəni, eləcə də Ermənistanın Avropaya yaxınlaşmaq istəyini şərh edib. Proqramda Ermənistanın Avrasiya İqtisadi Birliyinin (Aİİ) üzvü kimi əldə etdiyi iqtisadi faydalar da qeyd olunub.
Dmitri Kiselyov News.ru-ya bildirib ki, o, televiziya verilişində hansı bəyanatın Ermənistanda narazılığa səbəb olduğunu bilmir.
"Hansı konkret bəyanatın erməni qardaşları incitdiyini başa düşə bilmirəm. Hələ şərh ediləcək bir şey yoxdur" - Kiselyov deyib.