AZƏRBAYCAN XƏBƏRLƏRİ

Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazisi ciddi surətdə ixtisar edilib?

30 ilədək işğal dövründə erməni işğalçıları tərəfindən ərazinin təbii sərvətlərinə və təbii mühitinə ciddi ziyan vurulub.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiq edilib. Sputnik Azərbaycan xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 289,5 hektarlıq sahədə təsdiq edilib.
Qeyd edək ki, Daşaltı Dövlət Təbiət Yasaqlığı ilk dəfə 24 noyabr 1988-ci ildə Şuşa şəhərinin ətrafında yaradılıb. Həmin vaxt yasaqlığın sahəsi 450 hektar olub.
1981-ci ildə Şuşa və Əskəran rayonlarının ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 1992-ci ildən Ermənistanın işğalı müddətində tamamilə məhv edilib.
30 ilədək işğal dövründə erməni işğalçıları tərəfindən ərazinin təbii sərvətlərinə və təbii mühitinə ciddi ziyan vurulub, meşələr qırılıb, təbii ekosistemlər məhv edilib və vəhşi heyvanlar öz yaşayış areallarını tamamilə itirib.
2020-ci il noyabrın 8-də Şuşa şəhəri erməni işğalından azad edilib. 14 iyun 2024-cü ildə yasaqlığın bərpa olunması barədə qərar qəbul olunub. Təhlil edilərkən məlum olub ki, hazırda yasaqlığın ərazisi 160,5 hektar azaldılıb.