BAKI, 14 yanvar — Sputnik. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin görüş istədiyini və Trampın özünün də "çox tez" görüşmək istədiyini, lakin əvvəlcə onun vəzifəsinin icrasına başlamasının lazım olduğunu bildirib. Bu barədə Tramp "Newsmax"a müsahibəsində söhbət açıb.
Xatırladaq ki, Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.
Tramp bundan əvvəl Rusiya prezidentinin onunla görüşmək istəyini ifadə etdiyini və tərəflərin belə bir görüşə hazırlaşdığını bildirib. Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Prezident Putinin beynəlxalq liderlərlə, o cümlədən ABŞ-ın yeni seçilmiş Prezidenti Trampla təmaslara açıq olduğunu xatırladıb.
Bu günlərdə Kreml bəyan edib ki, Putinlə Tramp arasında görüş üçün heç bir əsaslı hazırlıq yoxdur, lakin siyasi iradə var, "çünki belə təmaslar çox, çox lazımlı və məqsədəuyğun olardı".
"Onun görüşmək istədiyini bilirəm və mən də çox tezliklə görüşməyə hazırlaşıram. Bunu daha tez etmək istərdim. Amma, düzünü desəm, bilirsiniz... Ofisə daxil olmaq bir az vaxt aparacaq", – Tramp bildirib.
Bundan əvvəl Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirmişdi ki, Trampla Rusiya prezidenti arasında telefon danışığı "yaxın günlərdə və ya həftələrdə" baş tuta bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.