Müvəqqəti problemlər: Azərbaycandan qaz nəqlinin azaldılması Avropaya necə təsir edəcək?
"Şahdəniz"də yaranan texniki problemlər üzündən Avropaya ixrac sutkada 5,5 milyon kubmetr azalıb. Bunun 1,7 milyon kubmetri Serbiyaya, qalan hissəsi isə Bolqarıstana çatdırılmayıb.
SputnikBAKI, 14 yanvar — Sputnik. Azərbaycan "Şahdəniz" yatağının "Alfa" platformasındakı texniki nasazlıqlara görə Avropaya, xüsusən də Bolqarıstan və Serbiyaya qaz tədarükünü müvəqqəti olaraq azaldıb.
Bpyük Britaniyanın "BP" şirkətinin yataq operatorunun açıqlamasında bildirib ki, "Alfa" platformasını Sanqaçaldakı terminalla birləşdirən sualtı qaz kəmərində sızma aşkar edilib. Şirkət nasazlıqların aradan qaldırılması üzərində işlədiklərini və mümkün qədər tez normal rejimdə işə başlamağı planlaşdırdıqlarını qeyd edib.
Daha sonra Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, Azərbaycandan qaz nəqlinin müvəqqəti dayandırılmasının qarşısını almaq mümkün olacaq.
"Azərbaycandakı qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların səbəb olduğu obyektiv problemlərə baxmayaraq, Serbiyaya qazın nəqli dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda gözlədiyim Prezident İlham Əliyevə minnətdaram", - Serbiyanın "RTS" telekanalı Vuçiçin sözlərini sitat gətirir.
Qeyd edək ki, "BP"nin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında "Şahdəniz" yatağına təxminən 2,3 milyard dollar xərclənib. Qeyd edilən dövrdə yataq üzrə əməliyyat xərcləri 1,7 milyard dollar, kapital xərclər isə təxminən 582 milyon dollar təşkil edib.
Fasiləsiz fəaliyyət göstərən sahə
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, bu sahə 365 gün fasiləsiz fəaliyyət göstərdiyindən neft-qaz sənayesində problemlər yaranır və istehsal proseslərindəki texniki problemlər enerji sənayesinin işinin tərkib hissəsidir.
"Xatırlayıram ki, 10-12 il əvvəl də belə bir hadisə baş vermişdi, lakin qış deyil, yazda olduğu üçün bu, tez tez bir zamanda aradan qaldırıldı. Bu dəfə "BP" və Azərbaycanın "Azerbaijan Gas Supply Company" qaz təchizatı şirkəti Avropadakı müştərilərinə problemlər barədə xəbərdarlıq edib. Mənim fikrimcə, hələlik tədarükün azaldılması üçün son tarix yanvarın 15-dir", - Şaban Sputnik Azərbaycan-la söhbətində bildirib.
Ekspertin sözlərinə görə, yataqda yaranan texniki problemlər üzündən Avropaya ixrac sutkada 5,5 milyon kubmetr azalıb. Bunun 1,7 milyon kubmetri Serbiyaya, qalan hissəsi isə Bolqarıstan bazarına çatdırılmayıb.
"Demək istəyirəm ki, bu, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) istiqamətindədir, yəni Yunanıstan və İtaliyada faktiki olaraq heç bir azalma hiss etmirlər, çünki "Şahdəniz" yatağının "Alfa" platforması Avropaya göndərilən qazın kiçik həcmini təmin edir. Eyni zamanda, TAP boru kəməri ilə tədarük daha çox "Bravo" platforması tərəfindən təmin edilir", - Şaban bildirib.
Ekspert qeyd edib ki, Bolqarıstana qaz iki istiqamətdən - Yunanıstan-Bolqarıstan interkonnektoru (ing. Interconnector Greece-Bulgaria (IGB)) vasitəsilə və Türkiyə-Bolqarıstan boru kəməri ilə daxil olur.
Tədarükün azalması məhz "Alfa" platformasından qazla təmin olunan istiqamətdə müşahidə olunur. Şaban əlavə edib ki, bu, ixracın ümumi həcmindədir, demək olar ki, cüzi tədarükdür.
Vəziyyət kritik deyil, lakin bəzi Avropa ölkələri üçün çətindir
Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin elmi işçisi Stanislav Mitraxoviç qeyd edib ki, Azərbaycandan qaz nəqlinin qismən dayandırılması müvəqqəti xarakter daşıyır, lakin hələlik Avropa ölkələri anbarlardakı yanacaq ehtiyatlarından istifadə edə bilərlər.
"Ümumiyyətlə, vəziyyət Avropa üçün kritik deyil. Lakin müəyyən tədarüklərdən daha çox asılı olan ayrı-ayrı ölkələr var. Məsələn, Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və TAP qaz kəmərləri vasitəsi ilə Türkiyəyə, İtaliyaya, Bolqarıstana, Yunanıstana qaz tədarük edir və onun bir hissəsi hələ də Serbiyaya gedir. Müvafiq olaraq, hazırda bu ölkələr, yəni Serbiya və Bolqarıstan digərlərindən daha çox risk altındadır", - Mitraxoviç Sputnik Azərbaycan-a söyləyib.
Ekspertin fikrincə, eyni şey Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasına da aiddir. O qeyd edib ki, bu qaz Slovakiya və Avstriyada fəal şəkildə istehlak edilib. Buna görə də ümumi Avropa bazarına təsir məhdud olub.
Mitraxoviç xatırladıb ki, 2022-ci il Avropanın enerji bazarına daha çox təsir göstərib, o zaman Rusiyadan qaz tədarükü əvvəlcə "Şimal axını"nın təmirinə mane olan sanksiyalar, sonra isə bu kəmərin partlaması səbəbindən kəskin şəkildə azalıb.
"Qaz tədarükünün Ukrayna üzrərindən dayandırılması ilə bağlı hekayə var idi, çünki ölkə qazı ölçmə stansiyalarından biri ilə qəbul etmirdi. Eyni zamanda, Polşa ərazisindən "Yamal-Avropa" qaz kəmərinin istismarına məhdudiyyət qoyulması ilə bağlı da hekayə olub. O zaman Rusiya qazının tədarükü ildə təxminən 50 milyard kubmetrdən 30 milyard kubmetrə qədər xeyli azalıb. Onların yarısı Ukraynadan, yarısı isə Türkiyədən keçib. Buna görə də o zaman zərbə çox güclü olub", - ekspert bildirib.
Mitraxoviçin sözlərinə görə, o zaman qazın qiyməti 1000 kubmetr üçün 3000 dollara qalxıb. Hazırda birjada qiymət artımı faizlə ölçülür. Qiymətlər 2023 və 2024-cü illərdə artıb, lakin bu, 2022-ci ildə müşahidə olunan artım deyil. O vaxt qazın qiyməti pik həddə - 3000 dollar olub, hazırda pik 1000 kubmetr üçün 500 dollardır.
Sənayenin rəqabət qabiliyyətinin azalması
Hazırda Avropada enerji vəziyyəti o qədər də kritik olmasa da, hazırda regiona qaz nəqli qeyri-sabit olduğu üçün Avropa hələ də risk altındadır.
"Avropa enerji sahəsinə daha diqqətlə yanaşmalıdır. Əlbəttə ki, əvvəllər enerji bazarı Rusiyadan tədarük edildiyi zaman stabil olub. Lakin indi Avropa Azərbaycanda qəzanın olub-olmamasından, ABŞ-ın hansısa bir hissəsində qasırğanın olub-olmamasından, Norveçdə hər hansı bir texniki problemdən və ya hansısa başqa təchizatçı ölkədə tətillərdən asılıdır. Yəni, hazırda Avropada vəziyyət daha az stabildir. Ancaq 2022-ci ildəki kimi kritik deyil və bu avropalı siyasətçiləri sakitləşdirir", - Mitraxoviç bildirib.
Ekspert hesab edir ki, uzunmüddətli perspektivdə bütün bunlar Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin azalmasına gətirib çıxarır.
"Çünki sənayeçilər Avropada qazın ABŞ-dan beş dəfə baha olduğunu anlayanda, hasilatı ABŞ-a və ya Çinə köçürüb-köçürməməyin mənası olacaq. Uzunmüddətli perspektivdə bütün bunlar Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin aşağı düşməsinə səbəb olur", - ekspert fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.