CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mars planeti Bakıdan adi gözlə aydın görünəcək

Bu dəfə Mars Yerə yaxın mövqedə olanda adi gözlə görünən ən zəif ulduzdan təxminən 900 dəfə parlaq olacaq.
Sputnik
BAKI, 14 yanvar — Sputnik. Mars planeti yanvarın 16-da adi gözlə görünən ən zəif ulduzdan 900 dəfə parlaq olacaq. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Qeyd edilib ki, Mars həmin vaxt qarşıdurmada olacaq. Qarşıdurma zamanı Mars və Günəş Yerə görə əks istiqamətlərdə yerləşir. Bu, Marsın tam işıqlanmış və Yerə yaxın mövqelərdən birində olduğu vəziyyətdir:

"Qarşıdurma vəziyyətində Mars tam gecə boyunca görünür. Bu mövqe Marsın həm teleskopla, həm də adi gözlə ən yaxşı müşahidə olunduğu vaxtlardan biridir. Planet daha parlaq və böyük görünür, buna görə də onun xüsusiyyətlərini öyrənmək üçün astronomlar üçün ideal şərait yaranır. Bu dəfə Mars Yerə yaxın mövqedə olanda adi gözlə görünən ən zəif ulduzdan təxminən 900 dəfə parlaq olacaq".

Vurğulanıb ki, Bakıdan Mars bütün gecə ərzində təxminən saat 18:30-dan 07:41 radələrinə kimi görünəcək.
Qeyd edək ki, Marsın son dövrlərdə bir neçə böyük qarşıdurma hadisəsi baş verib. 2003-cü il 27 avqust: Mars Yerdən cəmi 55.7 milyon kilometr məsafədə olub.
Bu, son 60000 ilin ən yaxın qarşıdurması idi. 2018-ci il 27 iyulda Mars cəmi 57.6 milyon kilometr məsafədə olub. Növbəti böyük qarşıdurmanın 15 sentyabr 2035-ci ildə baş verəcəyi gözlənilir. Bu zaman Mars Yerdən təxminən 56 milyon kilometr məsafədə olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.