BAKI, 14 yanvar — Sputnik. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə layihəsi çərçivəsində regional seminar-müşavirələrə start verilib.
İlk tədbir MSK və DİN təmsilçilərinin iştirakı ilə yanvarın 14-də Bakı şəhər Baş Polis İdarəsində təşkil olunub.
Polisin xidməti fəaliyyətinə həsr edilən sözügedən layihə bələdiyyə seçkiləri keçirilən seçki dairələri dairə seçki komissiyalarının sədrlərini və polis orqanlarının nümayəndələrini əhatə edir.
Seminar-müşavirələr zamanı Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiya Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələrinin təqdimatında bələdiyyə seçkilərinə hazırlıq mərhələsi, seçkiqabağı təşviqat dövrü, o cümlədən səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələrinə dair çıxışlar dinləniləcək, fikir mübadiləsi və müzakirələr aparılacaq.
Qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn layihə növbəti mərhələdə yanvarın 16-da Gəncədə, yanvarın 17-də Şəkidə, yanvarın 18-də Şirvanda və yanvarın 21-də Naxçıvanda regionlar üzrə dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Məlumat üçün qeyd etmək lazımdır ki, bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə "Polis əməkdaşları üçün yaddaş kitabçası" da hazırlayıb və aidiyyəti üzrə çatdırılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiya üzvləri və Katibliyin təmsilçiləri ilə birlikdə yanvarın 11-də mətbəəyə gələrək çap prosesinin gedişi və yaradılmış şəraitlə yerində tanış olub.
Media nümayəndələrinin bilavasitə iştirakı ilə çap prosesinə baxış zamanı Mərkəzi Seçki Komissiyasının sədri diqqətə çatdırıb ki, vətəndaşların konstitusion hüquqlarının realizə olunmasındakı mühüm rolu nəzərə alınaraq, qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada seçki bülletenlərinin çapı başa çatdırılmalı, bütün proses boyunca Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət olunmalıdır. Sədr M.Pənahov, həmçinin seçki bülletenlərinin çapı və aidiyyəti üzrə aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı öz tövsiyələrini də verib.
Seçki bülletenlərinin çapı prosesi ilə tanışlıqdan sonra Mərkəzi Seçki Komissiyası sədrinin jurnalistlər üçün brifinqi də keçirilib. Həm çap prosesi, həm də ümumilikdə bələdiyyə seçkilərinə hazırlıqların gedişi barədə danışan Komissiya sədri qeyd edib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilib və bələdiyyə seçkiləri ilə əlaqədar 6052721 (altı milyon əlli iki min yeddi yüz iyirmi bir) seçki bülleteninin çap olunmasına qərar verilib. O bildirib ki, artıq namizədliyin qeydə alınması mərhələsi tamamilə yekunlaşmış bələdiyyələr üzrə bülletenlərin çapına başlanılıb və seçki bülletenləri çap olunduqdan sonra qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə və qaydada Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, ardınca dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.
Mərkəzi Seçki Komissiyasının sədri, eyni zamanda vurğulayıb ki, bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də seçki bülletenlərinin çap prosesi zəruri təhlükəsizliyin təmin edilməsi şərti ilə maraqlı subyektlər üçün tam açıq və şəffaf həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.