Azərbaycanın nar ixracı artıb - Əsas bazar Rusiyadır
Fərhad Qaraşov bildirib ki, hər il ölkədə 187 min ton ətrafında nar məhsulu yığılır, bunun 29 min tonu və ya 15% ölkədən xaricə ixrac edilir, hazırda nar ölkəyə valyuta gətirən ixrac məhsullarından birinə çevrilib.
SputnikBAKI, 14 yanvar — Sputnik. Azərbaycanın nar ixracında artım qeydə alınıb. Azərbaycandan ötən il xarici ölkələrə 28628 ton nar ixrac edilib. Bu da 2023-cü illə müqayisədə 18,6 faiz çoxdur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.
Azərbaycan narı əsasən Rusiya bazarına göndərilir
Qeyd edək ki, narın meyvəsi həm təzə halda istehlak üçün, həm də sənayedə emal edilmək məqsədilə istifadə olunur. Qida sənayesində mədəni və yabanı nar sortlarından müxtəlif məmulatlar, şirələr, şərbətlər, spirtsiz içkilər və s. hazırlanır. Azərbaycan nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada "Çəhrayı gülöyşə", "Bala Mürsəl", "Azərbaycan gülöyşəsi", "Nazik qabıq", "Vələs", "İri gilə" və s. sortlar becərilir.
Azərbaycan narı əsasən Rusiya bazarına göndərilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi nar ixracının 86,5 faizi Rusiyanın payına düşüb. Komitə bu istiqamətdə 12 aylıq məlumatı hələlik açıqlamayıb.
Yeni nar bağlarının salındığını və onların yaxın gələcəkdə məhsul verəcəyini nəzərə alanda nar məhsulunun ixracda payının daha da artacağı gözlənilir. Nar bağlarının salınması üçün dövlət tərəfindən birdəfəlik subsidiya ayrılır. Hər hektar intensiv nar bağlarının salınmasına görə 3000 manat subsidiya verilir.
"Keyfiyyətli nar bağlarının artırılmasına nail ola bilərik"
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov mediaya açıqlamasında deyib ki, Azərbaycanda nar istehsalında əsas çətinliklər ənənəvi metodlarla suvarma səbəbindən su itkisinin çox olması, fermerlərin maliyyə əlçatanlığında müəyyən problemlər yaşaması, zərərvericilərlə mübarizə üçün lazımi vasitələrin bahalığı və keyfiyyət göstəricilərinin aşağı olması ilə bağlıdır.
Onun sözlərinə görə, nar bağlarının genişləndirilməsi və məhsuldarlığın artırılması üçün başlıca olaraq ənənəvi sortların inkişafı və bəzi yeni məhsuldar sortların yetişdirilməsi, uzunmüddətli güzəştli kreditlərin verilməsi, fermerlər üçün dəstək mexanizmləri lazımdır. Bu əsasla keyfiyyətli nar bağlarının artırılmasına nail ola bilərik.
F.Qaraşov qeyd edib ki, son illərdə nar şirəsi, nar yağı və digər məhsullara tələbin artması bu istiqamətdə addımlar atmağı zəruri edir: "Xüsusilə COVID-19 pandemiyası dövründə nar və nardan hazırlanan məhsullara tələbin artması bunu bir daha sübut edir. Düşünürük ki, gələcəkdə nar emal zavodlarının ölkədə inkişafı və regional olaraq artırılması maraqlarımız sırasındadır. Hazırda dünyada nar qabığından hazırlanan məmulatlara böyük tələbat var. Belə ki, bundan kosmetologiya daxil olmaqla bir çox sahələrdə istifadə edilir. Odur ki, hazırda nar qabığının, pərdəsinin emalı xüsusi əhəmiyyət kəsb edir".
"Azərbaycan narı dünya bazarında yüksək keyfiyyətinə və təbii ekstratlarına görə seçilir, dadlılığı, şirinliyi, yüksək antioksidant tərkibi və uzun müddət saxlanmaq qabiliyyətinə görə fərqlənir. Hazırda narı əsasən Rusiya və Gürcüstana ixrac edirik. Rusiya-Ukrayna müharibəsinə qədər Ukrayna da əsas ixrac bazarlarından biri idi. Rəqabət qabiliyyətini artırmaq üçün ixrac bazarının genişləndirilməsinə və məhsulun tanıdılması istiqamətində işlərə hələ də ehtiyacımız var", - F. Qaraşov əlavə edib.
Sığortalanan nar bağlarının sahəsi 2 dəfədən çox artıb
Xatırladaq ki, bu yaxınlarda Aqrar Sığorta Fondunda Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib. Görüşdə Azərbaycanda nar bağlarının üzləşdiyi risklər və əkin sahələrinin aqrar sığota vasitəsilə qorunması müzakirə edilib. Görüşdə Aqrar Sığotra Fondunun sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta vasitəsilə 41 növ bitkini sığorta etmək mümkündür, bura meyvə bağları, o cümlədən nar bitkisi də aiddir: "Ölkədə rəsmi qeydiyyatdan keçmiş 8 min hektaradək nar bağı var, amma qeydiyyatda olmayan, o cümlədən həyatyanı sahələrdə yaradılan bağları nəzərə aldıqda bu rəqəm bir neçə dəfə artıqdır. Nar bağlarının böyük hissəsi – təqribən 80%-i Mərkəzi Aran regionunun payına düşür". Fond rəhbəri vurğulayıb ki, görüşdə məqsəd ölkəmizdə nar bitkisinin sığortasını genişləndirmək, bu sahədə fəaliyyət göstərən fermer və sahibkarların gəlirlərini qorumaqdır.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov həmin görüşdə bildirib ki, təşkilat öz sıralarında respublikanın müxtəlif bölgələrində 500-dən artıq fermer və sahibkarı birləşdirir. Onun sözlərinə görə, hər il ölkədə 187 min ton ətrafında nar məhsulu yığılır, bunun 29 min tonu və ya 15% ölkədən xaricə ixrac edilir, hazırda nar ölkəyə valyuta gətirən ixrac məhsullarından birinə çevrilib.
Görüşdə aqrar sığorta mexanizmi vasitəsilə nar əkinlərinin sığortalanması imkanları təqdim edilib. Bildirilib ki, sığorta haqqının ödənilməsində tətbiq edilən 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə nar əkinlərini sığorta edə bilərlər. Belə ki, nar bağlarının böyük hissəsinin yerləşdiyi Mərkəzi Aran regionunda 1000 manatlıq nar məhsulunun sığortalanması fermerə cəmi 8,2 manata başa gəlir. Fermerlər əlavə ödənişlə nar bağını dolu nəticəsində baş verən keyfiyyət itkisi və şaxtavurma kimi risklərdən də sığorta edə bilərlər. Görüşdə bildirilib ki, aqrar sığorta şərtlərinin sərfəli olmasına görə, ölkədə sığortalanan nar bağlarının sahəsi artmaqdadır. 2023-cü ildə 455 hektar nar bağı sığorta edildiyi halda, 2024-cü ildə bu rəqəm 2 dəfədən çox artaraq 1000 hektara yaxınlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.