BAKI, 13 yanvar — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının rəhbəri Antonio Kosta ilə telefon danışığı aparıb. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan telefon danışığı zamanı bildirib ki, İrəvan Cənubi Qafqazda sülh gündəliyindən əl çəkməyəcək.
Qeyd olunur ki, söhbət zamanı Paşinyan Avropa İttifaqı Şurasının sədrini yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb, həmçinin Ermənistanla Aİ arasında əməkdaşlığın hazırkı durumundan məmnunluğunu bildirib.
2022-ci ildə İrəvan və Bakı Rusiya, ABŞ və Aİ-nin vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar. 2023-cü il mayın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Azərbaycanın sovet sərhədləri daxilində, yəni Qarabağla birlikdə suverenliyini tanımağa hazırdır.