SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sülh oyunbazlığı: Ermənistan qeyri-regional oyunçulardan imtina edəcəkmi?

Millət vəkili Zahid Oruc bildirir ki, Vətən Müharibəsi təkcə torpaqlarımız azad olunması demək deyildi, bu, eyni zamanda uzun onilliklər ərzində regionda formalaşan geosiyasi düzənin dəyişməsi idi.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Azərbaycan və Ermənistan rəhbərləri davam edən sülh prosesi ilə bağlı öz mövqelərini ictimaiyyətlə bölüşüblər. Prezident İlham Əliyev yerli televiziya kanllarına müsahibəsində bildirib ki, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik.
Ermənistan Baş naziri Nikol Paşinyan da sülhlə bağlı öz yanaşmalarını təqdim edib. Paşinyan Azərbaycanın ATƏT-in Minsk Qrupunu buraxmaq tələbini qəbul edir, ancaq üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılması məsələsini açıq saxlayır.
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bildirib ki, Ermənistanın delimitasiya prosesi tam başa çatana qədər Azərbaycanla sərhəddəki vəziyyətin monitorinqini aparan Avropa İttifaqının müşahidə missiyasına ehtiyacı var. Təbii olaraq, Aİ missiyasının bölgədəki mövcudluğu sülh prosesinə kənar müdaxilələrin olmasına münbit zəmin formalaşdırır. Missiyanın nəzərdə tutulmuş fəaliyyətini genişləndirməsi də Aİ-nin bu prosesdə aktiv rol olmaqda qərarlı olduğunu göstərir. Beləliklə, sərhədlərin delimitasiyası başa çatsa da, missiyanın bölgəni tərk edəcəyinə inanmaq sadəlövlük olardı. Çünki Ermənistan qeyri-regional oyunçuların prosesdən kənarda qalmasına hazır olması sual altındadır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və politoloq Samir Hümbətov cərəyan edən son proseslərlə bağlı fikirlərini Sputnik Azərbaycan-a bölüşüblər.
Millət vəkili Zahid Oruc bildirir ki, Vətən Müharibəsi təkcə torpaqlarımız azad olunması demək deyildi, bu, eyni zamanda uzun onilliklər ərzində regionda formalaşan geosiyasi düzənin dəyişməsi idi:
"Dünyanı bölüşdürməyə çalışan və istənilən ərazilərdə toqquşan, sonda isə konsensusa nail olan güclər 90-cı illərdə Minsk Qrupu adı ilə bölgədə qərarlaşmışdı. Tərəflərdən biri daha güclü olsaydı, digərlərini vurub oyundan çıxarmağa çalışardı. Bizim apardığımız müqəddəs savaşın nəticələri Minsk Qrupu formatını sıradan çıxardı, həmçinin onların bölgə üzərindəki inhisarını zərbə altında qoydu".
Zahid Oruc
Millət vəkili qeyd edib ki, Azərbaycan tərəfi haqlı olaraq müharibə başa çatan kimi bildirdi ki, Minsk Qrupunun fəaliyyət predmeti artıq mövcud deyil.
"Münasibətlərin tənzimləməsi üçün bəlkə də başqa format seçilə bilərdi, ancaq zaman göstərdi ki, prosesə qeyri-regional oyunçuların daxil olması onların öz maraqlarını təmin etmək istəyindən qaynaqlanır. Əgər kənar qüvvələr regionun yenidən dirçəlməsi üçün addımlar atrmaq istəyirlərsə, donor kimi çıxış etsinlər və Ukraynaya göndərdikləri vəsaitlərin 10 faizini Cənubi Qafqaza göndərsinlər".
Zahid Oruc hesab edir ki, Ermənistan kənar qüvvələri bölgəyə gətirməklə beynəlxalq savaşlara meydan açmağa davam edir:
"Məhz buna görə, Azərbaycan sülhlə bağlı tələbləri içərisində buna diqqət çəkid və tələb etdi ki, Ermənistan bu fəaliyyətindən çəkinsin. Paşinyanın Minsk Qrupundan imtina edə bilərik cavabı qeyri-regional oyunçulardan imtina edəcəyik anlamına gəldiyini düşünmürəm. Bayden administrasiyanın Ermənistanla müttəfiqlik sənədləri imzalayacağı ilə bağlı yayılan informasiyalar da göstərir ki, bir sıra məsələlər Ermənistanın iradəsindən kənarda baş verir və ona diktə olunur. KTMT ilə ixtilaf yaşayan, Aİİ-yə üzv olduğu halda Avropa İttifaqına üzvlük üçün prosesə başlayan Ermənistanın davranışları ənənəvi müttəfiqlərini də narahat etməyə bilməz".
Politoloq Samir Hümbətovun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərlərinin sülhlə bağlı yanaşmaları yenidən təkrarlandı:
Politoloq Samir Hümbətov
"Burada maraqlı olan nüans odur ki, Ermənistan tərəfi ATƏT-in Minsk Qrupunun fəaliyyətinin tamamilə aradan qaldırılmasına razı deyil. Azərbaycan isə birbaşa danışıqların tərəfdarıdır. Ermənistan buna razı ola bilmir. Məhz buna görə də silahlanma yarışına gedir. Regionun silahlanmasında maraqlı olan qüvvələr var. Burada Ermənistana silah verənlərin məqsədi Ermənistanı gücləndirmək deyil, dolayısilə bölgədə hərbi mövcudluqlarını möhkəmləndirmək planlarını icra edirlər. Belə şəraitdə sülh sazişinin əldə edilməsi çətindir. Ermənistan tələbləri yerinə yetirməsə çətin ki, sülh olsun. Bunun üçün Ermənistanın iradə nümayiş etdirməsi lazımdır. Yoxsa, növbəti proseslər daha gərgin və qarşısıalınmaz ola bilər"