TƏHLİL

İlham Əliyevin İranı tənqidi nələri aşkara çıxardı?

Millət vəkili bildirir ki, Azərbaycan Prezidentinin İranla bağlı səsləndirdiyi fikirlər müsbət təsirini göstərib və iranlı diplomatın məhz indiki məqamda səfər etməsi təsadüf sayıla bilməz.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə İran münasibətlərinə aydınlıq gətirib. Prezident İlham Əliyev müharibədən sonrakı dövrdə İranın Azərbaycana qarşı fəaliyyətini açıqladı. İlham Əliyev bildirib ki, İrandakı əvvəlki hakimiyyətlə münasibətlərin pisləşməsi bizim günahımız ucbatından olmayıb.
Bundan bir gün sonra İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana gəldi və Azərbaycan prezidenti onu qəbul etdi. Görüşdə Azərbaycanla İran arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Bəs Əli Əkbər Əhmədianın Azərbaycan qəfil səfərinin Azərbaycan prezidentinin İranı tənqid etməsi ilə əlaqəsi varmı?
Səfərlə bağlı yayılan ilkin informasiyada onun qabaqcadan planlaşdırıldığı qeyd olunurdu. Əhmədianın azərbaycanlı həmkarı Ramil Usubovla görüşündə isə milli təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılmış, terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya, transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə məsələləri müzakirə olunub.
Millət vəkili Elman Nəsirov deyib ki, Azərbaycanın xarici siyasətində qonşularla münasibətlər prioritet istiqamətdir:
"İranla münasibətlər də bu baxımdan istisna təşkil etmir. Bütün bu reallıqlar fonunda Azərbaycan maraqlıdır ki, Məsud Pezeşkian hakimiyyəti ilə normal münasibətlər qurulsun. Çünki bu, Azərbaycan dövlətinin strateji maraqları çərçivəsində olan məsələdir. Hesab edirəm ki, İlham Əliyevin yerli televizya kanallarına verdiyi müsahibədə İrana qarşı tənqidi fikirləri bu ölkə üçün də təsirsiz olmayıb. Əhmədian Prezident İlham Əliyevlə keçirdiyi görüşdə ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. İran rəsmisinin bu səfər çərçivəsində ifadə etdiyi fikirlər müsbət yanaşmadır. Azərbaycan Prezidenti də mehriban qonşuluq münasibətlərinə sadiq olduğumuzu bəyan etdi".
Millət vəkili Elman Nəsirov
Millət vəkili bildirir ki, Azərbaycan Prezidentinin İranla bağlı səsləndirdiyi fikirlər müsbət təsirini göstərib və iranlı diplomatın məhz indiki məqamda səfər etməsi təsadüf sayıla bilməz.
"İran Azərbaycanın güclü dövlət olduğunu qəbul edir. Nəzərə alırlar ki, yaxın keçmişdə öz ərazi bütövlüyü və suverenliyini təmin etmiş ikinci bir ölkə yoxdur. Bu baxımdan Azərbaycanın güclənməsi həm də İranın milli maraqlarına uyğundur", millət vəkili bildirib.
Politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan İran da daxil olmaqla bütün qonşuları ilə ədalətli, qarşılıqlı hörmət prinsipləri əsasında münasibətlər qurur: "Azərbaycan-İran münasibətlərində yaranan problemlərin səbəbkarı Azərbaycan olmayıb. Azərbaycana qarşı İranda mövcud quruluşun təbliğatçıları olan əyalət mollaları və bəzi siyasətçilər tərəfindən düşməncəsinə siyasət yürüdülür. Təbii ki, bu eyni mənəvi, tarixi köklərə malik ölkələr üçün ziyanlı addımlardır.
Politoloq Tural İsmayılov
Politoloq qeyd edir ki, İranın daxili və xarici siyasətdə düçar olduğu böhranlı vəziyyəti ört-basdır etmək üçün Azərbaycanı hədəf seçməsi onun özü üçün arzuolunmaz nəticələr doğura bilər: "Məsələ budur ki, İran ərazisində çoxmilyonlu Azərbaycan türkü yaşayır. Uzun illərdir bu ölkənin hakim rejimi tərəfindən türk kimliyini İranda assimilyasiyaya uğradılır. İranın müstəqil Azərbaycanın mövcudluğuna dözümsüzlüyü özünü hər zaman aşkar göstərir. İran milli, mənəvi bağları heçə sayaraq anti-Azərbaycan fəaliyyətin dəstəkçisi kimi çıxış edir".
"Hesab edirəm ki, İran tərəfi Azərbaycana qarşı siyasətinə yenidən baxmalıdır. Azərbaycana qarşı dezinformasiya savaşını dayandırılmalı, bunun icraçıları cəzalandırılmalıdır. Əhmədianın məlum səfəri də iki ölkə arasındakı problemlərin həllinə hesablanıb. Çünki burada onun da üzərinə böyük vəzifələr düşür. Amma düşünmürəm ki, İran rəsmisinin bu səfəri konkret olaraq müsahibədə səsləndirilmiş fikirlərlə bağlıdır", politoloq fikirlərini yekunlaşdırıb.
Görünən odur ki, Yaxın və Orta Şərqdə baş verənlər İranı xarici siysət strategiyasına yenidən nəzər salmağa vadar edəcək. Pezeşkian hökumətinin qonşularla münasibətdə hansı siyasi xətti tutacağını yaxın gələcəkdə daha aydın görmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, artıq KİV-də İran Prezidentinin də Azərnbaycana səfər edəcəyi ilə bağlı məlumatlar dolaşır.