DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa İttifaqının rəsmiləri nədən qorxur?

Aİ Trampın bəzi əsas tədbirləri sadəcə Baydenin təqdim etdiyi üçün ləğv edə biləcəyini istisna etmir.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Aİ rəsmiləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sələfi Co Baydenin Rusiya əleyhinə fərmanlarını ləğv edə biləcəyindən qorxurlar. Bu barədə Financial Times məlumatlı mənbələrə istinadən yazır.
Nəşrin yazdığına görə, Aİ-də artan narahatlıqlar fonunda Baydenin fərmanlar silsiləsi, xüsusən də Rusiyaya qarşı məhdudiyyətlərlə bağlı fərmanlarını öyrənmək üçün ekspertlər qrupu yaradılıb. Mənbələr bildiriblər ki, Brüssel sanksiyalardan Moskva ilə Ukrayna münaqişəsində atəşkəslə bağlı danışıqlarda potensial təsir vasitəsi kimi istifadə etməyi planlaşdırıb.
"Avropa Komissiyasının yüksək rütbəli məmurları, onların ləğvinin Aİ siyasətinə tam olaraq necə təsir edə biləcəyini anlamaq üçün Baydenin Rusiyaya qarşı sanksiyalardan tutmuş ticarət və kibertəhlükəsizliyə qədər əmrlərinin təhlilini tapşırıblar", – mənbələr nəşrə bildiriblər.
Nəşr qeyd edib ki, Aİ Trampın bəzi əsas tədbirləri sadəcə Baydenin təqdim etdiyi üçün ləğv edə biləcəyini istisna etmir.
İcra sərəncamları ABŞ prezidentləri tərəfindən verilir və istənilən vaxt ləğv edilə bilər. Tipik olaraq, yeni prezident vəzifəyə gəldikdən qısa müddət sonra mövcud sərəncamlara yenidən baxır. 2017-ci ildə Tramp Kubada sələfi Barak Obamanın başlatdığı prosesi dayandırdı və Paris iqlim sazişindən çıxdı. Bir il sonra o, Obama administrasiyasının vasitəçiliyi ilə İranın nüvə sazişində ABŞ-ın iştirakını dayandırdı.
Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırıb və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub. 2022-ci ilin fevralında Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri Aİ artıq Rusiyaya qarşı 14 sanksiya paketi tətbiq edib.