BAKI, 8 yanvar — Sputnik. Qarabağı tərk etmiş ermənilərin geri qayıtması ilə bağlı sual bir növ "yanıltmaca" çevrilib. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Nazir bildirib ki, ermənilərin Qarabağa qayıtması məsələsi səthi yanaşmaları istisna etməklə aydın və ətraflı araşdırma tələb edir.
"Aydın başa düşülməlidir ki, ermənilərin Qarabağa qayıtması dedikdə nə nəzərdə tutulur", - nazir vurğulayıb.
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Ermənistan hakimiyyəti bütün mövcud real mexanizmlərdən istifadə edib ki, ermənilər öz hüquqlarını qoruyaraq Qarabağda yaşamağa davam etsinlər.
Lakin Mirzoyanın qeyd edib ki, bu səylər "Qarabağın həm indiki, həm də keçmiş hakimiyyəti tərəfindən" adekvat dəstək almayıb və nəticədə vəziyyəti daha da pisləşdirib.
Nazir qayıdışın hansı şərtlərlə müzakirə oluna biləcəyini də şübhə altına alıb.
"Ermənilərin Qarabağda məskunlaşması ilə bağlı sual verirsiniz. Biz bu barədə onlar orada yaşayanda danışmışıq. İndi isə, hansı şərtlərlə qayıdışdan danışaq? Muxtariyyət? Və ya sadəcə olaraq, məktəblərdə erməni dilini öyrənmək hüququ ilə Azərbaycan vətəndaşlığı formasında?", - nazir deyib.
Mirzoyan xatırladıb ki, 2021-2022-ci illərdə Qarabağ nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında birbaşa dialoqun, o cümlədən neytral ərazidə, məsələn, Bolqarıstanda görüşlərin mümkünlüyü müzakirə olunub.
Lakin onun sözlərinə görə, bu perspektivlər "konkret dairələrin səyləri" ilə sarsılıb. Bu kontekstdə nazir açıq şəkildə bildirib ki, indiki şəraitdə qayıdış müzakirəsi mənasızdır və bu məsələ ilə bağlı heç bir "xoş xəbər" yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.