BAKI, 8 yanvar — Sputnik. Afrika qitəsində girov götürülən gəmi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə (ASCO) aid deyil. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ASCO-nun mətbuat katibi Mehman Mehdiyev məlumat yayıb.
Mehman Mehdiyev
© Photo : Courtesy of Mehman Mehdiyev
O, bildirib ki, saxlanılan gəmi ASCO-ya aid olmadığı halda, bəzi media subyektləri təəssüf ki, Xəzərdə üzən ASCO gəmilərinin fotolarını əlavə etdilər.
"İlk növbədə deyim ki, belə hallarda dənizçilər və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır. Bu, təəssüf ki, birinci hal deyil. Hər dəfə gəmilərlə bağlı bir hadisə baş verdikdə, bəzi media nümayəndələri internetdən tapdıqları fotoları heç bir dəqiqləşdirmə aparmadan xəbərlərə əlavə edirlər", - deyə Mehman Mehdiyev bildirib.
Qeyd edək ki, Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində girov götürülməsi məsələsi ilə bağlı açıqlama yayıb.
Agentliyin mətbuat katibi Pərvanə İmanova bildirib ki, 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA-ya məlumat daxil olub:
"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.