İQTİSADİYYAT

Daha bir sektorda ƏDV-nin qaytarılmasına başlanıldı

Vüqar Bayramov bildirib ki, mədəniyyət xidmətləri üzrə də artıq keşbek təbiq olunur.
Sputnik
BAKI, 6 yanvar — Sputnik. "Vergi Məcəlləsinə" edilən dəyişikliklərə əsasən, mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə millət vəkili Vüqar Bayramov bildirib. Deputat deyib ki, yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.
"Artıq bu aydan mədəniyyət sektorunda ƏDV-nin geri qaytarılmasına başlanılıb. Belə ki, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi ("ƏDVcashback") geri qaytarılır. Yəni, mədəniyyət xidmətləri üzrə də artıq keşbek təbiq olunur", deputat bildirib.
V.Bayramov deyib ki, digər dəyişikliyə əsasən, bu aydan etibarən mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməyə başlanılıb: "Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırıldı. Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib".