BAKI, 29 dekabr— Sputnik. 2018-2024-cü illərdə Azərbaycanda müavinət və təqaüdlərdə 5 dəfə artım olub.
Bunu Milli Məclisin plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
O bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamla yeni sosial paketə start verilib: "Paket ümumilikdə 3 milyon vətəndaşımızı əhatə edəcək. O cümlədən, 1,1 milyon vətəndaşın pensiyalarında artım olacaq. Bundan başqa, minimum əməkhaqqı yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında artım baş verəcək. 2018-ci ilin əvvəlindən minimum əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyə qədər artıma nail olunub. Bu dinamika gələn il də davam edəcək".
"2025-ci ilki artımlar üçün əlavə olaraq 1,4 milyard manat ayrılacaq. Bu isə o deməkdir ki, 2018-ci ildən sonra dövlət başçısının göstərişi ilə reallaşdırılan sosial anketlərə 8.5 milyard manat əlavə vəsait ayrılır”, - deyə o qeyd edib.