BAKI, 28 noyabr — Sputnik. Qərb ölkələri Ukrayna ərazisinə öz qoşunlarının və ya özəl hərbi şirkətlərin (ÖHŞ) muzdlularının potensial göndərilməsi ilə bağlı yenidən danışıqlara başlayıblar.
Bu barədə xarici KİV məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Böyük Britaniya və Fransa arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi kontekstində müzakirələr əsas vəzifəsi Ukraynanı dəstəkləmək və regionda təhlükəsizliyi təmin etmək olacaq Avropalı müttəfiqlər qrupunun formalaşdırılmasına yönəldilib.
Məlumdur ki, bu müzakirələr ciddi məxfilik şəraitində gedir. Jurnalistlər, həmçinin qeyd ediblər ki, Qərb qoşunlarının göndərilməsinin mümkünlüyü məsələsi Donald Trampın prezident seçilməsindən sonra ABŞ-ın Ukraynaya dəstəyinin mümkün azalması fonunda yaranıb.
Bu ilin fevralında Fransa Prezidenti Emmanuel Makron qeyd edib ki, Parisdə keçirilən konfransda Avropa İttifaqından Ukraynaya mümkün quru qoşunlarının göndərilməsi məsələsi müzakirə olunub. Lakin Makronun qeyd etdiyi kimi, müzakirə iştirakçıları bu məsələdə konsensusa gələ bilməyiblər.
Bundan əvvəl Fransa tərəfindən USQ-yə Rusiyaya zərbə vurmaq üçün uzaqmənzilli raketlərindən istifadə hüququ verildiyi barədə yazılmışdı.