Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması

Qəzanın səbəbləri şəffaf araşdırılmalı, ictimaiyyət məlumatlandırılmalıdır - Komissiya

Təyyarə qəzası ilə bağlı Dövlət Komissiyasının növbəti iclası keçirilib.
Sputnik
BAKI, 27 dekabr - Sputnik. Dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, sədr Əli Əsədov bildirib ki, Komissiya qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı indiyədək görülmüş işləri və qarşıda duran vəzifələri nəzərdən keçirəcək.
Bildirilir ki, qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verilib. Komissiya üzvlərinin səlahiyyətləri üzrə məruzələri dinlənilib.
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib
Komissiya üzvləri yaralıların, həmçinin həlak olanların nəşlərinin Azərbaycana gətirilməsi, həlak olanların dəfn olunması, hazırda vəziyyəti ağır olan vətəndaşların Aktauda davam edən müalicəsinin gedişi ilə bağlı məlumat veriblər.
Komissiya üzvlərinə təyyarə qəzasında xəsarət alanlara və həlak olan şəxslərin ailələrinə zəruri maddi yardım və mənəvi-psixoloji dəstək göstərilməsi ilə bağlı məsələlərin qısa zamanda və çevik həll edilməsi tapşırılıb.
Bildirilib ki, hadisənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Qazaxıstan tərəfindən yaradılmış xüsusi komissiya çərçivəsində istintaq tədbirləri davam edir.

"Diqqətə çatdırıldı ki, Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, ictimaiyyət istintaqın nəticələri barədə məlumatlandırılmalıdır", - məlumatda qeyd olunur

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.