BAKI, 27 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı başlanmış cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunması istiqamətində təxirəsalınmaz və zəruri tədbirlər davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğun bir qrup əməkdaşı Qroznı şəhərinə ezam olunaraq Rusiya Federasiyasının Baş Prokurorluğu ilə razılaşmaya əsasən, həmin qurumdan olan həmkarları ilə birgə istintaq və digər prosessual hərəkətlər aparır.
Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması
© Kazakhstan's Emergency Ministry Press Service via AP
Xatırladaq ki, dekabrın 25-də Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Aktauya ezam olunmuş prokurorluq əməkdaşlarından ibarət daha bir qrup hazırda qəzanın baş verdiyi yerdə Qazaxıstandan olan həmkarları ilə birgə zəruri tədbirlərin icrasını davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.