Sərnişinlərin bir hissəsinin həyatının xilas edilməsində ekipajın xidmətləri danılmazdır
Qazaxıstan Mülki Aviasiya Komitəsinin keçmiş sədr müavini, aviasiya üzrə ekspert Serik Muxtıbayev qəzaya uğrayan təyyarənin ekipajının peşəkarlığından danışıb.
SputnikBAKI, 26 dekabr — Sputnik. Azərbaycan Hava Yollarının Embraer ERJ-190 təyyarəsinin qəzasında sağ qalanlar həyatlarını son dəqiqəyə qədər təyyarəni xilas etməyə çalışan pilotların peşəkarlığına borcludurlar.
Bunu aviasiya eksperti Serik Muxtıbayev Sputnik Qazaxıstan-a deyib.
Qazaxıstan Mülki Aviasiya Komitəsinin keçmiş sədr müavini Serik Muxtıbayevin sözlərinə görə, qəzaya uğrayan "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin ekipajının yaranmış vəziyyətdə alternativ aerodrom kimi Aktau hava limanını seçməkdən başqa yolu qalmamışdı:
"Əvvəlcə Bakıdan Qroznıya uçuş nəzərdə tutulurdu ki, bu, təxminən 500 kilometrdir. Belə bir təyyarə üçün bu, təxminən 50-55 dəqiqəlik uçuş deməkdir. Lakin onlara Qroznı hava limanına enməyə qadağa qoyulduğu üçün ehtiyat tədbiri olaraq Mahaçqala aerodromundan enişə icazə istəyiblər. Ora həmin yerdən çox da uzaqda deyil. Amma çox güman ki, yenə qadağa cavabı alınıb. Enə biləcəkləri ən yaxın aerodrom olaraq ekipaj komandiri tərəfindən Aktau hava limanı seçilib".
Eyni zamanda, Serik Muxtıbayev qeyd edir ki, internetə sızan bir neçə videoda görünən uçuş marşrutuna əsasən, təyyarədə ciddi texniki problemlər yaranıb.
"Problemlər, çox güman ki, hidravlik sistemlərdədir. Təyyarənin pilotları, çox güman ki, praktiki olaraq son dərəcə çətin olan mühərrikin təkanını idarə etməyə çalışıblar, eniş üçün ən optimal trayektoriya və yer seçməyə çalışıblar" – deyən Muxtıbayev təyyarənin enməzdən əvvəl iki dövrə vurduğunu da qeyd edib.
Onun fikrincə, qəzaya uğrayan təyyarənin heyəti hava gəmisinin az-çox təhlükəsiz yerə enməsi üçün mümkün olan hər şeyi edib:
"Təəssüf ki, onların həlak olması ilə bağlı məlumatlar var, lakin onlar sərnişinlərin bir qismini xilas ediblər. Burada ekipajın xidmətləri şübhəsizdir. Yəni, məhz ekipajın peşəkarlığı təyyarənin Xəzər dənizinin üzərindən uçub oranı tərk etməsinə və quruya enməsinə imkan verib. Komandirin uçuş müddəti 15000 saatdan çox idi. Bu, olduqca ciddi göstəricidir. Onların etdikləri, yəni təyyarəni hava limanına çatdırmaları və ən təhlükəsiz yerə enməyə çalışmaları - yalnız ekipajın peşəkarlığı sayəsində mümkün olub. Ekipaj təyyarənin həyatı üçün mübarizə aparıb".
Serik Muxtıbayev faciənin səbəbləri ilə bağlı tələsik nəticə çıxarmayıb və qeyd edib ki, istintaq başa çatana qədər bir sıra versiyalar mövcud olmaq hüququna malikdir.
"Hazırda hökumətlərarası komissiya işləyir. Hesab edirəm ki, bir sıra istiqamətlər müəyyən edilib. Yəni, birincisi texniki aspekt, ikincisi insan faktoru, üçüncüsü isə xarici təsirdir. Yəni, məlumatların toplanılması prosesi davam edəcək. Bütün bu üç sahə və bu fəlakətin səbəblərini müəyyən etmək üçün müəyyən təhlillər aparılacaq və nəticələr çıxarılacaq" – Muxtıbayev bildirib.
Aviaekspert təhqiqatın başa çatması üçün dəqiq vaxt söyləməkdə çətinlik çəkib.
"Hər şey indi toplanacaq məlumatlardan asılı olacaq. Bildiyiniz kimi, qara qutular tapıldı. Hazırda, çox güman ki, hər üç ölkə üzrə - bunlar Rusiya, Azərbaycan və Qazaxıstandır - bütün məlumatlar tamamilə toplanır və komissiyaya ötürülür. Bunun çərçivəsində həcm və müddətlər müəyyən ediləcək" - Serik Muxtıbayev izah edib.
O qeyd edib ki, insidentdən bu və ya digər şəkildə zərər çəkən bütün ölkələr təyyarə qəzasının araşdırılmasında iştirak edəcək:
"Araşdırmanı aparamalı olan birinci dərəcəli ölkə uçuşun həyata keçirildiyi Azərbaycandır. Aviaşirkət də Azərbaycana məxsusdur. İkincisi, təyyarənin uçaraq gəlməsi planlaşdırılan hava limanları olan Rusiyadır. Üçüncüsü də ərazisində fəlakət baş verən Qazaxıstandır. Digər ölkə də "Embraer" təyyarəsinin istehsal edildiyi ölkədir. Ola bilsin ki, bəzi qurğular, ehtiyat hissələri ilə bağlı təyyarənin istehsalçıları da prosesə cəlb edilsinlər".
Aviaekspert qeyd edib ki, ərazisində hadisə baş verən ölkə kimi Qazaxıstan da istintaqda aparıcı rol oynayacaq.
Serik Muxtıbayev, həmçinin qeyd edib ki, bu dəfə təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən bütün yerüstü xidmətlər müstəsna olaraq vaxtında və çox yaxşı işləyiblər. Hadisə yerinə operativ gəliş, insanların təxliyəsi və tibb müəssisələrinə çatdırılması da zərərçəkmişlərin həyatının xilas edilməsində mühüm rol oynayıb.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Qəzanın səbəbləri araşdırılır.