RUSİYA

Rusiya Ukrayna ilə bağlı Tramp administrasiyası ilə məsləhətləşmələrə hazırdır - Lavrov

Nazir vurğulayıb ki, Rusiya bərabər formada dialoqa və balans axtarışına hazır olan Qərb ölkələrinin nümayəndələri ilə ünsiyyətə açıqdır.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Rusiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə Ukraynada nizamlanma məsələsi ilə bağlı məsləhətləşmələrə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Mən həqiqətən ümid edirəm ki, Tramp administrasiyası, o cümlədən cənab Kelloq (ABŞ-ın Ukrayna üzrə gələcək xüsusi nümayəndəsi – red.) münaqişənin əsas səbəblərini araşdıracaq", - Lavrov deyib.
Nazir vurğulayıb ki, Rusiya bərabər formada dialoqa və balans axtarışına hazır olan Qərb ölkələrinin nümayəndələri ilə ünsiyyətə açıqdır.
"Biz bunu dəfələrlə bəyan etmişik, bərabərhüquqlu dialoqa, maraqlar balansı, qarşılıqlı faydalı razılaşmalara sadiq olan bütün Qərb nümayəndələri ilə danışmağa hazırıq", - Lavrov bildirib.
Nazir qeyd edib ki, belə nümayəndələr var - bunlar Macarıstan və Slovakiyadır.
"Avropa İttifaqının digər üzvləri də yavaş-yavaş bəzi məxfi söhbətlər istəməyə başlayırlar, lakin çox az adam açıq şəkildə danışmağa cəsarət edir, Avropa İttifaqında ciddi nizam-intizam var", Lavrov bildirib.
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə nail olmaq üçün Rusiya prezidenti Vladimir Putinlə dialoq qurmaq niyyətində olduğunu bəyan edib.
Bir gün əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, hazırda Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında konkret təmas planları yoxdur.