Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması

Braziliyanın aviasiya rəsmiləri və “Embraer” heyəti təyyarə qəzası baş verən yerə gedəcək

Qazaxıstanın Baş naziri AZAL təyyarəsinin qəzaya uğramasından sonra aviasiya təhlükəsizliyinin gücləndirilməsini tapşırıb.
Sputnik
BAKI, 26 dekabr - Sputnik. Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Braziliyanın aviasiya rəhbərliyi və “Embraer” şirkətinin nümayəndələrinin dekabrın 27-də Qazaxıstana səfəri gözlənilir.
Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Nəqliyyat Nazirliyi Azərbaycan hökuməti ilə birgə işləyir. Sabah Braziliyanın aviasiya rəhbərliyi və “Embraer” şirkətinin nümayəndələrinin gəlişi gözlənilir. Tupkaraqan rayonunda yerli miqyaslı texnogen xarakterli fövqəladə vəziyyət rejimi tətbiq edilib" - məlumatda bildirilib.
Bu arada Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktau yaxınlığında Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan AZAL təyyarəsinin qəzaya uğramasından sonra aviasiya təhlükəsizliyinin gücləndirilməsini tapşırıb.
"Bu hadisə onu göstərir ki, biz də uçuşların təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görməliyik. Həyata keçirilən tədbirlər çərçivəsində aviasiya şirkətlərimizin hava gəmilərinin ekipajlarının ixtisaslaşma səviyyəsini və s. yenidən yoxlamaq lazımdır. Aviasiya hadisələrinə operativ reaksiya vermək üçün xilasetmə işlərinin mexanizmini təkmilləşdirmək və maraqlı dövlət orqanlarının əlaqələndirilmiş işini təmin etmək lazımdır", - o bildirib.
Baş nazir vurğulayıb ki, bu vəziyyətdən düzgün nəticə çıxarmaq və gələcəkdə bunun qarşısını almaq üçün konkret tövsiyələr hazırlamaq lazımdır.
Qeyd edək ki, dekabrın 25-də Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.