Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması

"Azərbaycan Hava Yolları"nın təyyarəsini HHM vasitələri vura bilməzdi - ekspertlər

Ekspertlər qeyd ediblər ki, gövdədəki dəliklərin xarakteri yuxarıdan aşağıya (yaxud tam olaraq yan tərəfə) "hava hücumundan müdafiə sisteminin fəaliyyətini istisna edən" təsirdən xəbər verir.
Sputnik
BAKI, 26 dekabr — Sputnik. Hava hücumundan müdafiə bölmələrində praktiki xidmət təcrübəsi olan təqaüdçü hərbi qulluqçular məsuliyyətsiz blogerlər və Telegram kanallarının sahibləri tərəfindən yayılan versiyaları qəti şəkildə rədd edirlər. Bu barədə MDB ölkələrinin keçmiş zabitlərini birləşdirən "Dank" RPU Telegram kanalının ekspertləri məlumat yayıblar.
Onlar əmindirlər ki, Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarə hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən vurula bilməzdi:

"Video görüntülərdə göstərilən təyyarənin quyruğunun zədələnməsi onların hava hücumundan müdafiə sistemi ilə bağlı ola bilməyəcəyini açıq şəkildə göstərir. Hava hücumundan müdafiə raketləri yerdən atılır və hədəfi əsasən aşağıdan vurur, çünki onların trayektoriyası aşağıdan yuxarıya doğru yönəldilir. Bu o deməkdir ki, hava hücumundan müdafiə zərbəsi zamanı əsas ziyan adətən təyyarənin gövdəsinin alt (bəzən yan) hissələrində baş verir".

Ekspertlər qeyd ediblər ki, gövdədəki dəliklərin xarakteri yuxarıdan aşağıya (yaxud tam olaraq yan tərəfə) "hava hücumundan müdafiə sisteminin fəaliyyətini istisna edən" təsirdən xəbər verir.
Mütəxəssislər daha çox ehtimal edir ki, təyyarə yerlə toqquşduqda, torpaq elementləri və ya daşlar gövdəni deşərək quyruğun yuxarı hissəsində xarakterik zədələr yarada bilər
Bundan əlavə, təyyarənin düşdüyü anın video görüntülərində yerə dəyməzdən əvvəl quyruq hissəsinin zədələnməsi göstərilməyib. Bu, təyyarənin səthə düşməsindən sonra dəliklərin yarandığını təsdiqləyir.
Beləliklə, hava hücumundan müdafiə raketi ilə vurulması versiyası təyyarənin gövdəsinə dəyən zərərin yeri və xarakteri ilə uyğun gəlmir və ən çox ehtimal olunan səbəb təyyarənin yerə çırpılmasıdır.
Qeyd edək ki, dekabrın 25-də Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Yaralıları və cənazələri daşıyan ikinci təyyarə Bakıya eniş edib - Video