BAKI, 26 dekabr - Sputnik. 25.12.2024-cü il tarixində Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.
Bu barədə qərarı “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurası verib.
Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda bir günlük matəm elan edilib.