Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması

Yaralıları və cənazələri daşıyan ikinci təyyarə Bakıya eniş edib - Video

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib.
Sputnik
BAKI, 26 dekabr - Sputnik. Aktauda baş verən təyyarə qəzasında xəsarət alanları və ölənləri daşıyan ikinci təyyarə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Bu barədə Sputnik Azərbaycan-ın hava limanına ezam olunmuş müxbiri məlumat verib. Bildirilib ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib.
Həlak olanların nəşi və yaralılar Bakıya AZAL-a məxsus təyyarə ilə çatdırılıb.
Hazırda 4 cənazə maşını eniş edən təyyarəyə yaxınlaşıb.
***
Təyyarədə sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb, 3-nün vəziyyəti ağırdır
Yaralılara Qazaxıstanda yüksək peşəkər tibbi yardım göstərilib.
Bunu səhiyyə nazirinin müavini İlqar Qasımov deyib.
O bildirib ki, xəsarət alanlardan yeddi nəfər Bakıya gətirilib: “Daha yeddi xəsarət alan da Bakıya gətiriləcək. Biz müalicə və müayinəyə hazırıq”.
Nazir müavininin sözlərinə görə, yaralılar arasında vəziyyəti ağır olanlar da var: “Xəsarət alan uşağın vəziyyəti isə orta ağırdır. Vəziyyəti ağır olan üç nəfər hazırda Aktau şəhərindədir".
İ.Qasımovun sölzərinə görə, evakuasiya riski olmayacağı təqdirdə, Qazaxıstandakı yaralılar da Bakıya gətiriləcək.
"Yaralılar çek up müayinə edildikdən sonra ambulator müalicə alacaqlar. Onların müalicəsi Yeni Klinikada davam etdiriləcək" - Qasımov bildirib.
***
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Aktauya göndərilmiş Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətiriliblər.
Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
"Yeddi nəfər zərərçəkmişi gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib" - məlumatda deyilir.
***
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarədə sağ qalan sərnişinlərdən 7 nəfər Bakıya gətirilib.
Bu barədə Sputnik Azərbaycan-ın əməkdaşı Heydər Əliyev Beynəlxalq Aeroportundan xəbər verib.
Ağır vəziyyətdə olan sərnişinlər FHN-nin amfibiya tipli təyyarəsi ilə ölkəyə gətirilərək təcili yardım maşınları ilə xəstəxanaya çatdırılacaq.
***
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzası nəticəsində sağ qalan sərnişinlərdən 12 nəfəri bu gün Azərbaycana gətirilir.
Vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətirilir.
Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eləcə də təyyarə qəzasının səbəblərinin yerində araşdırılması üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini və digər şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Aktaudadır.
***
Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Bildirilib ki, 6 Qazaxıstan vətəndaşı və 3 ekipaj üzvü daxil olmaqla həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə çatdırılıb.
***
AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra xəsarət alan şəxsin azərbaycanlı olduğu müəyyən edilib.
Sputnik Qazaxıstan-ın məlumatına görə, bu barədə Manqistau vilayəti Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin şəxs indi xəstəxanadadır. 20 xəstə müşahidə altındadır, onlardan altısı reanimasiyadadır.
Xatırladaq ki, ötən gün baş verən təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb və orada bir qadının şəxsiyyətinin müəyyən edilmədiyi göstərilib.
25.12.24, 20:18
AZAL: Təyyarə qəzası zamanı yaralanan vətəndaşlarla bağlı hər hansı məlumat yoxdur
Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası zamanı yaralanan vətəndaşlarla bağlı hər hansı məlumat yoxdur.
Bunu jurnalistlərə açıqlamasında Hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.
Onun sözlərinə görə, hadisə Qazaxıstanda ərazisində baş verdiyi üçün hazırda orada araşdırmalar davam edir:
"Rəsmi qurumlar tərəfindən dəqiq məlumatlar araşdırmanın sonunda ictimaiyyətə təqdim olunacaq".
O əlavə edib ki, zərərçəkənlərin birinci dərəcəli ailələri Baş Prokurorluğun korpusunda qan verirlər. Hazırda oraya 14 nəfər göndərilib.
Xatırladaq ki, dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb.
***
Bu gün Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 67 nəfər deyil, 69 nəfər olub.
Bunu Qazaxıstan FHN-in Fövqəladə Halların Aradan Qaldırılması Departamentinin qəza-xilasetmə xidmətlərinin qüvvə və vasitələri İdarəsinin rəisi Kayrat Janaspayev bildirib.
"İlkin məlumata görə, təyyarədə 69 nəfər olub, onlardan 5 nəfəri ekipaj üzvü olub", - o qeyd edib.
Daha əvvəl təyyarədə 67 nəfərin olduğu bildirilirdi.
***
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb.
(+994) 12 5048280, (+994) 12 5048202, (+994) 12 5048203 nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.
***
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Bu barədə AZAL xəbər verir.
AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı:
1. Ağayev Ramin
2. Əhmədov Rəşad
3. Əlimirzəyeva Xədicə
4. Əlimirzoyev Əli
5. Əliyev Zamin İdris
6. Anqbazova Maleyka
7. Arsbayeva Ceyran
8. Arsbayeva Madina
9. Asanov Rinat
10. Atsayeva Zaira
11. Babayev Anar
12. Bayramova Leyla
13. Bayramzadə Ayhan
14. Bislieva Cəmilə
15. Devrişov Samir
16. Devrişov Tofik
17. Cünüşaliyev Erlan
18. Ediev Uvais
19. Eqanov Məhəmmədəli
20. Evstiqneeva Kristin
21. Filiyev Ramazan
22. Qədirov Heydər
23. Qistarov İbrahim
24. Qistarov Rəşid
25. Qoqamova Möminat
26. Qurbaxov Həmzət
27. İandarov Arbi
28. İbrahimov Ramin
29. İgidova Nərminə
30. İsmayılov İsmayıl
31. İsmayılov Həbib
32. Cəfərov Toğrul
33. Cəlilov Nizami
34. Carayev Arif
35. Carayev Hacibrahim
36. Carayev Mahir
37. Ceerov Xızrı
38. Ceerova Salihət
39. Cüməqulov Bauyrcan
40. Cütayeva Salima
41. Xalayeva Hafisət
42. Kostiyev İbrahimxan
43. Maxsudova Qalina
44. Məmedov Zaur
45. Mehdiev Yadigar
46. Mustafayev Faiq
47. Omarova Leyla
48. Osmonov Tilek
49. Papaxov Mahəmməd
50. Rəximov Subxonkul
51. Sadıqov Qoşqar
52. Səidullayev Zinatul
53. Şabanova Vafa
54. Şaimərdanova Qauk
55. Siracov Nurullah
56. Siracova Müslimat
57. Tuleşsinov Sandibek
58. Tutunçiyev Mahmud
59. Ubaev Arbi
60. Yeznayeva Rana
61. Cəməlullail Medin
62. Cumaqat Eldar
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
***
AZAL-ın Aktauda qəzaya uğramış təyyarəsində 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan, 3 Qırğızıstan vətəndaşı olub.
***
Bakıdan Qroznıya uçan təyyarənin qəzaya uğraması nəticəsində hadisə yerinə 22 təcili tibbi yardım briqadası və Mərkəzi Tibb Mərkəzindən 6 briqadası göndərilib. Hazırda 14 zərərçəkən xəstəxanaya çatdırılıb, 5-i ağır vəziyyətdə reanimasiyadadır. 11 yaşlı uşaq xəstəxanaya aparılıb. 16 yaşlı yeniyetmə də xəstəxanaya çatdırılacaq.
***
Təyyarə qəzası baş verən yerdən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Manqistau Regional Xəstəxanasına çatdırılıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub.
***
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb:
"Aktauda təyyarənin qəzaya uğradığı yerə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 şəxsi heyəti və 11 texnikası gəlib. Gəldikdən sonra təyyarənin yanması aşkar edilib. Xilasetmə bölmələri yanğını söndürməyə başlayıb. Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir".
İlkin olaraq sağ qalanların olduğu bildirilir.
***
"AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
Bu məlumat isə AZAL-dan verilib.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
***
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 8 (7292) 31-90-99 nömrəli qaynar xətti fəaliyyət göstərən komanda mərkəzinin nəzdində operativ qərargah yaradılıb.
"Azərbaycan Hava Yolları"nın reysi dekabrın 25-i səhər saatlarında fövqəladə vəziyyət siqnalı verib. Təyyarə həmin an Xəzər dənizinin üzərində olub.
***
Qazaxıstan Nəqliyyat Nazirliyi də təyyarə qəzasına münasibət bildirib. Qeyd edilib ki, təyyarə "Azərbaycan Hava Yolları"na məxsusdur".
Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır. Xüsusi araşdırma aparılacaq.