BAKI, 25 dekabr - Sputnik. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi “TikTok” əməliyyatlarında saxlanılan 4 nəfər həbs edilib.
"Report"un xəbərinə görə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs olunublar.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.
23.12.24
“TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıb.
“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Vətəndaşların narazılığına səbəb olan "emin_resad" və "azerzahid6669966" adlı istifadəçilər tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində "emin_resad" adlı "TikTok" səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, "azerzahid6669966" adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.