RUSİYA

Putin: MDB ölkələrinin ümumi ÜDM artımı 4,7% səviyyəsində proqnozlaşdırılır

Prezident qeyd edib ki, Rusiya MDB ölkələri ilə fəal əməkdaşlıq edir.
Sputnik
BAKI, 25 dekabr — Sputnik. Proqnozlara görə, 2024-cü ilin yekunları üzrə Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin ümumi ÜDM (ümumi daxili məhsul) artımı təxminən 4,7 faiz təşkil edəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin MDB-nin qeyri-rəsmi sammitinin açılışı zamanı deyib.
"2024-cü ilin yekunlarına görə, Birlik ölkələrinin ümumi ÜDM artımı 4,7% səviyyəsində proqnozlaşdırılır ki, bu da qlobal göstəricilərdən yüksəkdir", - Rusiya lideri bildirib.
Putin həmçinin qeyd edib ki, MDB sürətlə inkişaf etməkdə davam edir. Son doqquz ayda birliyə üzv olan ölkələrdə sənaye istehsalı 4,3%, yük daşınması 7,4%, pərakəndə ticarət dövriyyəsi isə 7,7% artıb. Bundan əlavə, makroiqtisadi göstəricilər də yaxşılaşıb.
Prezident Rusiyanın MDB-yə üzv olan ölkələrlə ticarət dövriyyəsinə xüsusi diqqət yetirib. O qeyd edib ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Rusiya Federasiyasının bu dövlətlərlə ticarət dövriyyəsi 10,6% faiz artıb. Bu isə hədd deyil.
"İdxalın əvəzlənməsi prosesləri sürətlə gedir və bununla da dövlətlərimizin texnoloji suverenliyi gücləndirilir", - Putin fikrini yekunlaşdırıb.
Bundan əvvəl KP.RU saytı Rusiya Federasiyası prezidentinin MDB dövlət başçıları şurasındakı ən mühüm bəyanatlarını dərc edib. Rusiya lideri təkcə Avropadakı tənəzzüldən deyil, həm də Birlik ölkələrinə olan təzyiqlərdən danışıb.