Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması

Prezident İlham Əliyev: Qəzanın səbəbləri bizə bəlli deyil

Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Moskva üzərində olarkən dövlət başçısına AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması barədə məlumat verilib.
Sputnik
BAKI, 25 dekabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm ona, həm də Azərbaycan ictimaiyyətinə məlumat verilməli olduğunu deyib.
Bunu Prezident qəza ilə bağlı keçirdiyi müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, ona verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişib və Aktau hava limanına tərəf uçmağa başlayıb, eniş zamanı qəza baş verib:
“Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və təbii olaraq Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq”.
***
Xəbər verdiyimiz kimi, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib.
Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı müşavirə keçirib.
***
Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Moskva üzərində olarkən dövlət başçısına AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması barədə məlumat verilib.
Bundan sonra Prezident İlham Əliyev təyyarənin dərhal geri dönməsi ilə bağlı tapşırıq verib.
Prezident təyyarəsi Moskva üzərində geri dönüş edib və Bakıya üz tutub.
Qeyd edək ki, Prezident İlham Əliyevin təyyarəsi artıq Bakıda eniş edib.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb.
Komissiyaya bu şəxslər daxil edilib:
Sədr – Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri
Üzvlər:
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Kamran Əliyev – Azərbaycan Respublikasının baş prokuroru
Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri
Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri
Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Arif Məmmədov - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru.
***
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə bir sıra dövlət rəsmiləri Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğraması səbəblərini araşdırmaq üçün Qazaxıstana yola düşüblər.
Hadisəni yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.
Azərbaycanın Aktaudakı baş konsulluğunun nümayəndələri təyyarənin qəzaya uğradığı yerdədirlər.
Bu barədə “Report”a Azərbaycanın Astanadakı səfirliyindən məlumat verilib.
Qazaxıstan KİV-ləri xəbər verir ki, Manqistau vilayətinin akimi Nurdaulet Kilıbay da hadisə yerinə gəlib.